100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha TANIYAQ
Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatmış Aprel döyüşlərindən 4 il keçir. “Böyük Ermənistan” dövləti yaratmaq xülyası ilə yaşayan erməni millətçiləri AXC dövründə də Azərbaycanın əzəli torpaqları olan Zəngəzura, Naxçıvana, Dağlıq Qarabağa iddialarından əl çəkmirdilər. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yarandıqdan sonra onun qarşısında Azərbaycan ərazilərilərinin müqəddəratı ilə bağlı ciddi vəzifələr dururdu. Təbii ki, ilk vəzifə Bakının işğaldan azad edilməsi idi. Amma 1918-ci il sentyabrın 15-də Bakı azad edildikdən sonra hələ Azərbaycan ərazilərinin hamısında Cümhuriyyət hakimiyyəti bərqərar olunmamışdı. Qeyd etmək lazımdır ki, Azərbaycan ordusu elə Bakının azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda, müharibələrdə savaşa-savaşa formalaşırdı. Amma mövcud olduğu dövrdə Cümhuriyyətə ən çox təcavüz Azərbaycan ərazilərində yaradılmış Ararat Respublikası və ölkə daxilindəki separatçı ermənilər tərəfindən edilirdi. 1919-cu ildə müttəfiqlərin ali komissarının vasitəçiliyi ilə Zəngəzurla bağlı AXC və Ermənistan dövləti, Ararat Respublikası arasında saziş imzalanmışdı. Həmin sazişə əsasən, hər iki tərəf qoşunlarını o ərazidən çıxarmalı idi. Baxmayaraq ki, 1919-cu ilin avqustunda ermənilər orada Xosrov Paşa bəy Sultanovun başçılığı ilə general-qubernatorluq yaradıldıqdan sonra Azərbaycan hakimiyyətini tanımışdılar, Ararat Respublikası tərəfindən Qarabağın dağlıq hissəsi ilə bağlı iddia hələ də gündəmdə qalırdı. Elə bu məsələ də onu göstərir ki, Cənubi Qafqazda ilk mədəni muxtariyyət tətbiq edən Azərbaycan hakimiyyəti olub. Ermənilərə mədəni muxtariyyət, yaşamaq, bərabər səviyyədə vətəndaşlıq hüququ verilməsinə baxmayaraq, onlar öz təcavüzkar niyyətlərindən əl çəkmədilər. 1920-ci ilin martı üçün çox geniş bir plan nəzərdə tutulmuşdu. O planın tərkibinə görə, Zəngəzurda toplanmış nizami erməni dəstələri Qarabağın yuxarı hissəsinə hücum etməli idilər. Eyni zamanda Gəncədə yaşayan ermənilər də silahlandırılaraq Qarabağa yürüş etməli, təbii ki, Qarabağdakı ermənilər də ayağa qaldırılmalı idi. Belə bir geniş qüvvə ilə Qarabağın müqəddəratını öz xeyirlərinə həll etmək istəyirdilər. Əzmkar gənc Azərbaycan Ordusu Erməni silahlılarına peşəkar zabitlər başçılıq edirdilər. Digər tərəfdən, martın əvvəllərində də Gəncə ətrafında olan erməni kəndlərindən Qarabağ ərazisinə 1000 nəfərlik silahlı dəstə göndərilmişdi. 3000-ə qədər erməni silahlısı Çaykənddə toplaşmışdı. Erməni hərbçilərinin çoxu rus ordusunda hərbi xidmət keçmiş peşəkarlar idi. Onlar Zəngəzurdan, Gəncədən Qarabağa daxil olmaqla erməniləri ayağa qaldırmalı və Azərbaycan hökumətinə qarşı qiyam baş verməli idi. Göründüyü kimi, son dərəcə məqsədli hazırlanmış plan idi və qəfildən həyata keçirilməli idi. Martın 22-də ermənilər gecə saatlarında, eyni vaxtda Şuşaya, Xankəndinə, Əsgərana, Xocalıya, Tərtərə - Azərbaycan hərbi hissələrinin üzərinə qəfildən hücuma keçmişdilər və qüvvələr nisbəti onların xeyirinə idi. İlk həmləni uğurla dəf etmək mümkün olmasa da, Azərbaycan ordusu qısa müddətdə ermənilərin bu qəfil qiyamının qarşısının alınmasına səfərbər edildi. Demək olar ki, martın 24-də Azərbaycan hərbi hissələri ən azından erməni həmlələrinin dəf edilməsinə nail olmuşdular. Azərbaycan ordusu qısa müddətdə Qarabağdakı bu qiyamı yatırmağa, Azərbaycanın qərb sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinə səfərbər olundu. Azərbaycanın şimal hissəsindəki qüvvələrin bir qismi, müxtəlif hərbi hissələr, Quba piyada alayı, tatar süvari alayı, Zaqatalada olan hərbi hissələr, hətta AXC parlamentinin mühafizə dəstəsi də məhz bir hədəfə, qiyamın yatırılmasına, erməni təcavüzünün qarşısının alınmasına və Azərbaycan ərazilərinin işğaldan azad olunmasına səfərbər edilmişdi. Cümhuriyyətin süqutu təkcə qüvvələrin səfərbər olunması ilə bağlı deyildi. Arxiv sənədlərdə, ermənilərin öz sənədlərində, yazışmalarda da birbaşa göstərilir ki, bu məsələdə daşnak hökuməti ilə Rusiya bolşevik hakimiyyəti arasında Azərbaycanın müqəddəratı ilə bağlı sövdələşmə olub. Qarabağda ermənilərin qaldırdığı qiyam birbaşa AXC-nin devrilməsinə hazırlanan planın tərkib hissəsi idi. Qarabağın müdafiəsində Xosrov Paşa bəy Sultanovun xüsusi rolu 1919-cu ilin yanvarında Zəngəzur, Cavanşir, Cəbrayıl, Şuşa qəzalarından ibarət Qarabağ general-qubernatorluğunun yaradılması və ona məhz AXC-nin ilk hərbi naziri Xosrov bəy Sultanovun rəhbərlik etməsi o dönəmdə Qarabağın müqəddəratında çox mühüm rol oynamışdı. Çünki Xosrov bəyin, ümumiyyətlə, Sultanov qardaşlarının Qarabağın müqəddəratında, ermənilərin təcavüzünün qarşısınının alınmasında böyük xidmətləri olmuşdur. Həmin dövrdə Xosrov bəyin başçılığı ilə Qarabağ general-qubernatorluğu elə bir bölgədə nizam- intizam yaratmışdı ki, erməni separatçılarının bölgədən çıxarılması və nahayət, onların Azərbaycan hakimiyyətini tanımasında da vacib rol oynamışdı. Sonraki proseslərdə, qiyam qaldırılan müddətdə də qubernatorluğun fəaliyyəti davam edirdi. AXC devrildikdən sonra da Xosrov bəy nəzarəti öz əlində saxlamış, Azərbaycan hökumətinə müraciəti də olmuşdu.Təbii ki, Azərbaycanın milli maraqlarına xidmət etməyən rejim və qüvvələr onun yeni hakimiyyətdə təmsil olunmasına əsla yol verməzdilər. Elə buna görə də Xosrov bəy ölkəni tərk edib, öz milli davasını mühacirətdə apardı.
Bu döyüşlər əzəli torpaqlarını yağmaçı düşmən işğalında görməkdən təngə gələn şanlı Azərbaycan Ordusunun təcavüzkar rejimin təxribatlarına qarşı qəti cavabı idi.
Tarix təkrarlanır deyirlər. Elə 100 il əvvəlin aprelində də əzəli düşmənimiz ermənilərin Qarabağda, Zəngəzurda azərbaycanlılara qarşı törətdikləri qətliamların, yürütdükləri separatçılıq siyasətinin cavabı layiqincə verilmiş, torpaqlarımızda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) suverenliyi bərqərar olunmuşdu.
Yeni yaranmış Azərbaycan hökuməti erməni təcavüzünün qarşısının alınması məqsədilə ciddi hərbi-siyasi tədbirlər görməyə məcbur olmuş, nəhayət, 1920-ci il aprelin əvvəllərində bütün Qarabağı erməni silahlı dəstələrindən azad edərək, öz ərazilərində suverenliyini tam şəkildə bərqərar etmişdi.
Uğurlu Qarabağ əməliyyatının bir əsrlik ildönümündə Prezident yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri, tarixçi professor Firdovsiyə Əhmədova Modern.az-a bu qələbə ilə ermənilərə vurulan sarsıdıcı zərbələrdən, Azərbaycan Ordusunun 100 il əvvəlki qəhrəmanlığından danışıb.
Ənənəvi erməni xəyanətkarlığı
Azərbaycan tərəfi sazişin şərtlərinə əməl etsə də, ermənilər 1919-cu ilin dekabrında Zəngəzura qoşun yeritdilər və orada böyük qətliamlar törətdilər. 1919-cu ilin dekabrında Azərbaycan parlamentinə çoxlu teleqramlar daxil olurdu ki, Zəngəzur sarıdan başınız sağ olsun. Bu dərəcədə müdhiş bir insanlığa sığmayan qətliamla azərbaycanlıları, müsəlmanları öldürürdülər. Daha böyük bir plan isə, Qarabağla bağlı idi. Bu plan çoxcəhətli, çoxməqsədli idi. Ermənilər tərəfindən çox dəqiq hazırlanmışdı və miqyası da böyük nəzərdə tutulurdu. Hələ 1919-cu ilin axırlarında Ermənistan hökuməti Azərbaycanın əzəli torpağı olan Qarabağın yuxarı, yəni dağlıq hissəsini əldə etmək üçün 19 milyon rubl məbləğində pul ayırmışdı.
Qüvvələr nisbətinə və həmin təcavüzün qəfildən baş verməsinə diqqət yetirsək, bu əməliyyatın gənc Azərbaycan ordusu tərəfindən nə qədər fədakarlıq, qəhrəmanlıq və şücaətlə həyata keçirildiyini görmüş olarıq. Çünki 1920-ci il martın əvvəllərində, 100 il bundan əvvəl Zəngəzurda üç minə qədər erməni silahlı dəstəsi toplanmışdı və onlar Qarabağ üzərinə hücuma hazırlaşırdı.
AXC-nin devrilməsində Qarabağ qiyamının xüsusi rolu var. Bu, Cümhuriyyətin süqutunun tərkib hissəsi olmalı idi. Həmin dövrdə Rusiya bolşevik hakimiyyətinin də bu planın həyata keçməsində sövdələşməsi olmuşdu. Təsadüfi deyil ki, Nəriman Nərimanov bildirirdi ki, Pirumov və Zaxaryan Azərbaycan hökumətini devirmək üçün Rusiya bolşevikləri ilə danışığa girmişdi və bunun müqabilində öz ərazi iddialarını təmin etmək istəyidilər. Yəni, arxiv sənədləri də bu məsələdə Ermənistan hakimiyyəti ilə bolşevik Rusiyası arasında sövdələşmənin olduğunu ortaya qoyur.
Qısa müddətdə qəti qələbə
Döyüş əməliyyatlarına peşəkar Azərbaycan hərbçiləri rəhbərlik edirdilər. Həmin döyüş əməliyyatlarına rəhbərlik etmək üçün general-mayor Həbib bəy Səlimovun başçılığı ilə xüsusi qərargah yaradılmışdı və Ağdamda yerləşdirilmişdi. Həmin dövrdə Azərbaycanın hərbi naziri olan Səməd bəy Mehmandarov özü ölkənin qərb bölgəsinə gəldi. Burada məqsəd həm ordunun möhkəmləndirilməsi, həm də qüvvələrin Qarabağa səfərbər edilməsi ilə bağlı idi.
Əlavə qüvvələr də cəlb olunmaqla, 1920-ci il aprelin əvvəllərində Qarabağda həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində ermənilərin hücumları dəf edildi, onlar geri çəkildilər. Aprelin 5-də, səhər saat 10-dan axşam 8-ə qədər bir neçə istiqamətdə uğurlu hərbi əməliyyatlardan sonra Azərbaycan hərbi hissələri Şuşaya daxil oldular. Buna baxmayaraq, düşmən yenə də bütün cəbbəxanası ilə müqaviməti davam etdirirdi. Bu səbəbdən Azərbaycan hərbçiləri Şuşaya daxil olduqdan sonra da aprelin 12-nə qədər döyüşlər davam etmişdi. Amma erməni qüvvələrinin ən güclü bazasını, cəbbəxanasını dəf etməklə Qarabağın dağlıq hissəsi üzərində Azərbaycan hakimiyyəti bərqərar olundu və təcavüzün qarşısı alındı.
Uğurla başa çatan əməliyyat Cümhuriyyətin süqutuna aparan yolun tərkib hissəsi oldu...
100 il əvvəl, 1920-ci il martın 22-də başlamış Qarabağ əməliyyatı məhz Azərbaycan ordusunun və bölmələrinin tam qələbəsi ilə başa çatdı, Azərbaycanın suverenliyi həmin ərazilərdə bərpa olundu. Hətta aprel ayının 3-də, əməliyyat başa çatdıqdan sonra Həbib bəy Səlimov Azərbaycan hökumətinə teleqram da ünvanlamışdı ki, Zəngəzura hərbi yürüşü davam etdirsinmi? Amma bu elə bir tarix idi ki, bir neçə həftə sonra AXC-nin ərazisi qəfildən XI Qırmızı Ordunun hərbi müdaxiləsinə məruz qaldı və Azərbaycan milli hökuməti devrilmiş oldu. Azərbaycanın bütün hərbi qüvvələrinin məhz Qarabağ qiyamının yatırılmasına cəlb olunması şimal bölgəsində sərhədlərin çox az bir qisim qüvvə ilə qorunması ilə nəticələnmişdi ki, bu da XI Qırmızı Ordunun hərbi yürüşünü asanlaşdıran faktor idi.