Qarabağ separatçılarının lideri Bako Saakyan bu gün Xankəndində Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan, Ermənistan SQ-nın Baş Qərargah rəisi Movses Akopyan və Ermənistan prezidentinin məsləhətçisi, hərbi inspektor, general-polkovnik Mikael Arutyunyanla görüş keçirib.
Qarabağ separatçıları qoşunlarının komandanı Levon Mnatsakanyanın da iştirak etdiyi görüşdə müdafiə sahəsinə aid olan bir sıra məsələlər müzakirə edilib.
Mövzu ilə bağlı polkovnik Şair Ramaldanov Deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, Azərbaycan ordusu hər an erməni tərəfindən qəfil hücumun olmasına hazır olmalıdır:"Azərbaycan Ermənistan rəsmilərinin hansısa fikirləri, səfərləri ilə deyil, ümumi olaraq hazırlıq işlərini aktiv şəkildə davam etdirməlidir. Belə ki, aprel ayında Azərbaycanın işğaldan azad etdiyi ərazilərin geri qaytarılması ilə bağlı da müəyyən fikirlər səsləndiriblər. Bu bir daha düşmənin nə qədər həyasız olmasını göstərir. Hamıya məlumdur ki, işğal olmuş ərazilərdə Ermənistanın Silahlıq Qüvvələri yerləşdirilib. Biz bilirik ki, Ermənistanın rəhbərliyi də hakimiyyətə Dağlıq Qarabağdan gəlib. Yeni müdafiə naziri Dağlıq Qarabağa öz hərbi hissələrini ziyarət etmək üçün gedib. Gedəndə də onların təlimləri, döyüş hazırlıqları ilə ciddi şəkildə maraqlanıb. Bu maraqlanma da onların müdafiə gücünün deyil, hücum əməliyyatlarının yoxlanılması ilə bağlı olub. Azərbaycan Dağlıq Qarabağı azad edənə qədər ermənilərin özünə gəlmələri, ağıllarını başlarına yığmaları mümkün olmayacaq. Bu gün erməni tərəfinin bütün təlimləri yalnız hücum əməliyyatlarına köklənib. Çünki, erməni tərəfi yeni ərazi iddiasındadır. Amma hələki, yeni iddiaları ilə bağlı müəyyən qorxu hiss keçirdir. Çünki, onlar aprel hadisələrində Azərbaycan Ordusunun gücünü gördülər. Erməni tərəfi sadəcə fürsət gözləyir ki, öz təxribatlarını reallaşdırsınlar. Amma unudurlar ki, elə Azərbaycan tərəfi də məhz bu təxribat xarakterli əməliyyatları gözləyir”.