Guya Sərkisyan Qarabağı qaytarmaq istəyir, XALQ İSƏ...
Ermənistanda gedən bütün hazırkı siyasi proseslər və hakimiyyət dəyişikliyi məhz Dağlıq Qarabağa görədir. Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Astan Şahverdiyev deyib. Deputat bildirib ki, bu, ermənilərin birinci manevri deyil və belə məkrli oyunlar bundan sonra da davam edəcək: “Tarixə nəzər salsaq, 1988-ci ildən bəri ermənilər dəfələrlə Dağlıq Qarabağın Ermənistana birləşməsi yollarının axtarışında olublar. Ermənistan sadəcə, hər dəfə taktikanı dəyişir. Hakimiyyətin yuxarı təbəqəsində gedən istefalar da onların növbəti gedişidir. Hesab edirəm ki, bu proses Dağlıq Qarabağ məsələsinə də təsir göstərəcək. Məqsəd isə bəllidir: vaxt udmaq və problemin sülh yolu ilə həllindən yayınmaq. Məhz buna görə də indi belə bir görüntü yaradırlar, Ermənistanda xalqla rəhbərlik arasında oyun qurulub: Süni şəkildə yaratdıqları fikir ayrılığı ilə göstərmək istəyirlər ki, guya erməni xalqı Qarabağı öz sahibinə qaytarmaq istəmir, hakimiyyət isə buna müəyyən cəhdlər edir. Bu, işğalçı Ermənistanın növbəti oyunudur”. Qeyd edək ki, Ermənistanın Baş naziri Ovik Abramyan istefaya gedib. Xarici İşlər naziri Edvard Nalbəndyanı Baş Qərargah başçısı Vigen Sərkisyanın, Müdafiə naziri Seyran Ohanyanı isə Azərbaycanın Əsgəran rayonunda doğulmuş Vitali Balasanyanın əvəzləyəcəyi gündəmdədir.