Xəbər verdiyimiz kimi Qafqaz Müsəlmanları İdarəsinin rəisi Hacı Allahşükür Paşazadənin “Xameneinin fətvası qələbəmizin carçısı idi” açıqlaması bir neçə gündür ki, cəmiyyətdə müzakirələrə səbəb olub. Ölkə siyasətçiləri və ziyalılar hər dəfə redaksiyamızla əlaqə saxlayaraq məsələyə münasibət bildirirlər.
Bu dəfə Əməkdar artist Ağalar Bayramov Moderator.az-ın redaksiyası ilə əlaqə saxlayaraq Şeyx həzrətlərinin açıqlamasında münasibət bildirib:
“Birincisi çox təəccüb etdim ki, əgər bu siyasətdirsə, bu boyda siyasət ola bilməz. Çox sevdiyim, qardaşım, dostum, sənətinə, şəxsiyyətinə böyük hörmət etdiyim Şeyx Əbdülün çıxışından belə çıxdı ki, Şeyx həzrətlərinin sözü yuxarılarla razılaşdırılıb. Mən bir söz demirəm, amma hər şeyin bir ifrat dərəcəsi var. Şeyx həzrətlərini şəxsən tanıyıram, 2003-cü ildə rəhmətlik Zəlimxan Yaqubla onun bağında olmuşuq. Mən bunu yüz ölçüb, bir biçirəm, amma qəbul edə bilmirəm. Bəs Ali Baş Komandanımızın, Cənab İlham Əliyevin o qətiyyəti, əzimkarlığı, müsahibələrindəki çıxışının qələbənin təmin olunmasında rolu olmadı?! Əlbəttə, çox böyük rolu oldu. Yəni o söz bunların hamısını heçə endirir. Üç min şəhid vermişik, oğullarımız torpaq uğrunda canlarını fəda etdi. Bütün Azərbaycan bilir ki, birinci və ikinci Qarabağ savaşında İran dövləti söhbət xalqdan getmir, rejimdən gedir, körpədən tutmuş ağsaqqalına kimi bilmirlər ki, hansı mövqeyi tutdu?! Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda sökülən evlərin materiallarının hamısı İrana getdi. Hələ indi də məlumdur ki, Laçın dəhlizindən erməni nömrələrini maşına vurub nələr daşıyırlar. Mən aktyoram, amma siyasəti də yaxşı bilirəm. Həyatda baş verənlərə insanın şəxsi münasibəti olmalıdır. Mən qətiyyətlə Şeyx həzrətlərinin bu fikrinin tam əleyhinəyəm. Elə bil ki, möcüzədir, vulkan püskürüb, mənim üçün zəlzələ baş verib.
Rəhmətlik Nəbi Xəzri deyirdi ki,
Söz ucaldar, bu cahanda insanı,
Bu cahan da əzizləyər insanı.
Vaxt olur ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz.
Allah Şükür Paşazadə görün neçə ildir Qafqaz Müsəlmanları İdarəsinin rəisidir. Görün bir kəlmə sözlə özünü nə qədər hörmətdən salır. Mən bir sənət adamı kimi Şeyx həzrətlərinin bu sözünə qəti etiraz edirəm, belə olmamalı idi.
Bu məsələ qınanmalıdır ki, belə şey olmasın. Şeyx həzrətlərinin uzun müddətdir ki, işləyir, böyük nüfuz sahibidir, bunlar hamısı öz yerində. Amma Stalinin bir sözü var deyirdi ki, “Dünənki günə görə çox sağ ol, amma bu gündən danış”. Söhbət bu gündən gedir. Belə siyasətə mən nə deyim?
Bu müharibənin fətvasını Ali Baş Komandan və Azərbaycan xalqı verdi. Xəlil Rza deyir ki,
Lapdan alov püskürsə də,
Vulkan özü illər boyu
güc toplayır yavaş-yavaş...
Bu otuz ili xalq tikan üstdə oturmuşdu. Müharibə dövründə insanlar yollarda səfərbər olmuşdu. Analar deyirdi ki, təki oğlum şəhid olsun, vətən torpağı azad olsun. Yavaş-yavaş vulkan idi xalqın içindən püskürdü, fətvanı da bu millət və Ali Baş Komandanımız, özünü düşmən gülləsinə sipər edən, əliyalın Şuşa qalasına dırmaşan, döyüşən şəhidlərimiz verdi. Bir də qardaş Türkiyə Cümhuriyyəti bizə mənəvi dəstək oldu. Şeyx həzrətləri bilməlidir ki, qılınc yarası sağalar, amma söz yarası sağalmaz. Bəs o sözü eşidən şəhid anaları sizə nə deyər, ay Şeyx? Qubada əlli nəfər şəhid vermişik, onun otuz nəfəri evin tək oğludur”.