"Bu söz çox insanda narahatlıq yaradır, amma Şövkət xanım səs-küylü qaynanalardan deyildi"

Xalq artisti Şövkət Ələkbərovanın gəlini, musiqişünas, Tofiq Quliyev adına 12 nömrəli musiqi məktəbinin direktoru, əməkdar müəllim Gülnarə Səfərova Moderator.az-ın suallarını cavablandırıb.
 
- Gülnarə xanım, Şövkət xanım bizim üçün böyük sənətkar, bəs sizin üçün hər şeydən əvvəl kim idi?
 
- Bu çox çətin bir sualdır. Səmimi deyəcəm, bəli Şövkət xanım qaynanam olub, amma o mənim üçün hər şeydən əvvəl Azərbaycanın Xalq artisti, gözəl və sevimli müğənni idi. Mən ona bu gözlə baxmışam. Bu günə qədər o sevgini ürəyimdə yaşadıram. Bəlkə də mən musiqiçi olduğum üçün Şövkət xanıma bu cür yanaşmışam. 
 
- Bu ailə ilə tanışlığınız necə olub?
 
- Mən Asəf Zeynallı adına musiqi kollecində fortepiano şöbəsində oxuyanda Şövkət xanım orada muğam sinfində dərs deyirdi. Bizim tanışlığımız məhz orada olub. Şövkət xanım görüb məni dərsdə, bəyənib. Biz onunla daha yaxından tanış olandan sonra dərslərində iştirak edirdim, baxırdım. Mən fortepiano şöbəsində dərs almağıma baxmayaraq amma muğamı öyrənmək mənim üçün çox vacib və maraqlı idi. Ona görə də Şövkət xanımdan icazə alıb, dərslərində iştirak edirdim.
 
- Hiss edirdinizmi Şövkət xanım sizə daha çox nəzər yetirir, diqqətlə yanaşır?
 
- Şövkət xanım hər bir tələbəsinə böyük diqqət və nəzər yetirirdi, onun üçün bütün tələbələri çox əziz idi. Təbii ki, mən görürdüm ki, onun mənə baxışları çox mehribandır, mənə daha da simpatiya ilə yanaşırdı. Bunu hiss edirdim.
 
- Bir qaynana kimi sizə nə kimi tövsiyyələri olurdu?
 
- Bir sözü hər zaman yadımdadır, öz qızına da, yanında olan qohumlarına da deyərdi ki, qadın evin qulluqçusu da olar, xanımı da. Öz evində özünü xanım kimi də apar, qulluqçu kimi də. Bilirsiniz ki, Şövkət xanım öz övladlarından başqa qardaşının balalarına da analıq edib, onun çox böyük ürəyi var idi. Gözəl yeməklər də hazırlayardı, evinin təmizliyi ilə də məşğul olardı.
 
- Sizə qaynanalıq etməyə vaxtı olurdu?
 
- Bu qaynana sözü çox insanda narahatlıq yaradır, amma Şövkət xanım səs-küylü qaynanalardan deyildi. Çox sakit, mehriban idi, mənimlə özünü dost kimi aparırdı. Mən onunla bütün mövzularda danışa bilirdim, hansısa bir  problem yarananda mənə dəstək, dayaq olurdu. Desəm ki, hər şey idealdır, bu yalan olar. Həyatdır, həyatda hər şey olur, insan küsür də, barışır da, hansısa problemlər olur. Amma o çox müdrik xanım idi. Biz hansısa qohumun evinə gedəndə, durub kiməsə kömək etmək istəyəndə Şövkət xanım əlimdən tutub, mane olurdu ki, otur yanımda, durma. Sən mənim gəlinimsən. Mən özüm də həmişə utanırdım ki, görəsən niyə Şövkət xanım icazə vermir mən də durub, kömək edim? Bunu mən həmişə yadıma salıram. Bəlkə də o istəyirdi ki, bütün qohumları necə ki, onu sevirlər, hörmət edirlər, mənə də elə hörmət etsinlər. 
 
- Şövkət xanımın həyatı çətin olub. Həyatından nəsə misallar çəkirdi, danışırdı?
 
- Həyat hamı üçün çətindir, elə insan yoxdur ki, çətinlik çəkməsin. Şövkət xanım xanım-xatun qadın idi, heç vaxt öz həyatından gileylənmirdi, demirdi ki, çətin yaşayışım olub. O həmişə deyirdi ki, mən çox xoşbəxt qadınam, 50 ildən çox xalqıma lay-lay oxumuşam, hər bir evin ana laylası olmuşam. Bəli, Şövkət xanım müharibə də görüb, müharibədə bütün insanların həyatı çətin olub. Amma o çox pozitiv, optimist insan idi. Bəlkə də o ifa etdiyi mahnılarda həmin kədəri bizə eşitdirib, bəlkə də orada görürdük ki, Şövkət xanım necə yaşayıb, həyat ona necə zərbələr vurub!
 
- Heç musiqiçi kimi onu müşayiət etmisiz?
 
- Televiziyada, hansısa konsert zallarında onu müşayət etməmişdim. O heç bunu istəmirdi də, məni qoruyurdu. Halbuki mən onun bütün repertuarını bilirdim. Bir dəfə onu Almaniyada müşayiət etmişəm. 20 yanvar faciəsi baş verəndə biz Şövkət xanımı Almaniyaya müalicəyə aparmışdıq. Yanvarın 13-də Bakıdan getdik, 20-də hadisə baş verdi. Bu Şövkət xanıma çox pis təsir etdi. Gündə 2 dəfə onun üstünə təcili yardım maşını gəlirdi. Orada Şövkət xanım və Azərbaycan diasporu 20 yanvar şəhidlərininin ailələri üçün yardım etmək istəmişdi. Qırmızı Xaç cəmiyyətindən bizə dedilər ki, bu yardımı elə-belə götürə bilmərik. Siz bir konsert edin, onun əsasında biz nəsə götürək. 40 gün şəhidlərə yas saxlayandan sonra Şövkət xanım konsert verdi. Çox xəstə idi, amma çətinliklə də olsa konserti başa vurdu. Mahnıları stulun üstündə otura-otura oxudu. O zaman onu mən müşayiət etməli oldum, çünki not yox idi, musiqiçiləri tapmaq mümkün deyildi. Biz axı ora konsert verməyə getməmişdik.
 
- Sənətinin ailədə davam etdirilməsini niyə istəməyib?
 
- Şövkət xanım sənətə çox ciddi yanaşırdı, o yaxşı başa düşürdü ki, bu sənət xalq üçündür. Həmişə deyirdi ki, xalqı qane etmək çox çətindir. Yəni sən artıq özün üçün yox, xalq üçün yaşayırsan. O qədər özünü düzgün aparmalısan ki, hərəkətin, hər sözün, davranışın xalqı qane etsin. Çünki sən göz önündə olan insansan. Bu nöqteyi nəzərdən Şövkət xanım heç vaxt istəmirdi ki, övladları, yaxud da nəvələri onun sənətini davam etdirsinlər. 
 
- Bildiyimə görə nəvəsinə Şövkət adını verib və deyib ki, mənim adım sənə çox kömək edəcək. Bu doğru faktdır? Şövkət xanımın adı nəvəsinə kömək oldu?
 
- Əslində bu sözləri mən demişdim, Şövkət xanım yox. O çox arzu edirdi ki, qız nəvəsi olsun, çünki qızı Natellanın artıq iki oğlu var idi. Şövkət xanım öz adını qızıma verəndə, dedi ki, heyf ki, bu uşağa nələrsə edə bilmirəm, xəstəyəm, ömrümə az qalıb. Bu sözləri mən eşidəndə dedim ki, Şövkət xanım qətiyyən bu barədə düşünüb, nigaran qalmayın,  sizin adınız bu uşağa bəsdir. Mən bilirəm ki, bu ad qızıma hər zaman dayaq olacaq. Elə də oldu. Biləndə ki, qızım Şövkət Ələkbərovanın nəvəsidir, hörmət də, məhəbbət də ona qat-qat çox olur. Azərbaycan xalqının məhəbbəti, sevgisi Şövkət xanıma çoxdur, bunun həddi-hüdudu yoxdur.
 
- Neçə il birlikdə yaşadınız?
 
-10 il.
 
-Xəstəliyi nə idi?
 
- Şəkər xəstəliyindən əziyyət çəkirdi. Amma qızı Natellanın 48 yaşında vəfat etməsi ona çox pis təsir etmişdi. Qızının xərçəng xəstəliyə tutulmasını ondan uzun müddət gizlətdilər. Ölümündən 3 gün əvvəl ona dedilər, gedib qızı ilə xəstəxanada görüşdü. Natellanın 3 mərasimində Şövkət xanım artıq xəstəxanada idi.
 
- Son günlərini necə xatırlayırsınız?
 
- Bu suala cavab vermək mənim üçün çox çətindir. Başa düşəndə ki, sən əziz insanını itirirsən, əlindən heç nə gəlmir. Heç bir sözlə bunu ifadə edə bilmərəm. Hər zaman Şövkət xanımın Səməd Vurğunun sözlərinə, Emin Sabitoğlunun bəstəsinə oxuduğu “Dağlar” mahnısı mənim yadıma düşür. Orada belə misralar var: “Bir qonağam bu dünyada, bir gün ömrüm gedər bada”. Həqiqətən də hamımız bu dünyada bir qonağıq. Ömrümüz uçub-gedir. Əsas odur ki, ölümündən sonra biz iz qoyasan! Şövkət xanım bu barədə çox xoşbəxt insandır. O vətəninə layiqincə xidmət edə bildi. Bu günə qədər Şövkət xanımın ifası xalqın zövqünü oxşayır. Nə qədər ki, Azərbaycan xalqı var, Şövkət xanımın ifası yaşayacaq.
 
- Şövkət xanımla bağlı sizi bu gün üzən nədir? Hamı bilir ki, o gözəl pedaqoq olub, şagidlərinə müəllimdən savayı ana olub. O şagirdləri sona qədər Şövkət xanıma vəfalı ola bildilər?
 
- Şövkət xanım Azərbaycan mədəniyyəti üçün özünüz bilirsiniz ki, nə qədər xəzinələr qoyub. Amma onun pedaqoji fəaliyyəti də çox önəmlidir. Çünki o Üzeyir bəyin, müəlliminin yolunu davam etdi və Azərbaycana neçə-neçə sənətkarlar bəxş etdi. Bu gün onlar Azərbaycanın xalq artistləri, əməkdar artistlər, muğam və bəstəkar mahnılarının ifaçılarıdır. Onların adını sadalamağa ehtiyac yoxdur, bunları hamı bilir. Şövkət xanım heç vaxt heç nəyə dərin reaksiya verib, narazılığını dilə gətirmirdi. Çox təvazökar, mülayim, xanım-xatın qadın idi. Kim ki, onun əziyyətini itirmir, ona hörmət edir bu göz qabağındadır. Aybəniz Haşımova, Almaz Orucova, Aygün Bayramova, Mənsum İbrahimov və başqaları bu gün onun xatirəsini əziz tuturlar. Amma eləsi də var ki, bunu etmir. Mən bu haqda danışmaq istəmirəm, özləri və vicdanları bilsin. Çünki Şövkət xanım özü də sağ olsaydı bu suala cavab verməzdi. Sadəcə deyərdi ki, Allah hamının canını sağ etsin.
 
- Bu gün Şövkət xanımın yaradıcılığını necə əbədiləşdirirsiniz, necə qoruyursunuz?
 
- Şövkət xanım öz mahnıları ilə, sənəti ilə, ifası ilə adını Azərbaycan mədəniyyət tarixinə qızıl hərflərlə yazıb. Bu artıq əbədi olmaq deməkdir. Bizim dövlətimiz  tərəfindən də Şövkət xanımın xatirəsi əziz tutulur. Belə ki, Şövkət xanımın adına küçə də var, musiqi məktəbi də, yaşadığı binada onun xatirəsinə barelyef də qoyulub. 30 ildir ki, o əbədiyyətə qovuşub, amma xalqımız onu hər an sevir, mahnılarının həsrətindədir. Bu ən böyük xoşbəxtlikdir.






Fikirlər