Əməkdar artist Azər Mirzəyevin bacısı Esmira Mirzəyeva Moderator.az-ın suallarını cavablandırıb.
-Esmira xanım, siz bizim tanınmış sənətkarımız Azər Mirzəyevin bacısısız. İstərdim öncə ailənizdən danışasız. Azər müəllim ailənin neçənci övladı idi?
-Ziyalı ailəsində dünyaya gəlmişik. Valideynlərimiz olduqca mehriban və səmimi insan olublar. Biz 5 uşaq olmuşuq, ən böyüyü də Azər olub. Qardaşım çox müdrik və səmimi, gözəl xarakterə malik idi. Atamın işi ilə əlaqədar olaraq orta məktəbi Sabirabad rayonunda bitirib. 1970-ci ildə universitetin dram və kino aktyoru fakültəsinə qəbul olub, 1974-cü ildə isə oranı bitirib.
- Aktyor olmaq həvəsini onda kim yaratmışdı?
- Azərdə jurnalist qabiliyyəti daha çox idi və bu sənəti ömrünün sonuna kimi davam etdirdi. Həmişə televiziya üçün ssenarilər yazırdı, əsas da özünün verilişlərinə. 1-ci kursdan “Tələbə” və bir çox başqa verilişlərin aparıcısı, ssenaristi olub. O ki, qaldı aktyor olmaq həvəsinə. Uşaq ikən oynayanda atamın atası, yəni babası Azərə rekvizit əşyaları, əlbisələr düzəldərmiş. Azər da uşaqları başına yığıb ssenari əsasında tamaşa qurarmış. Sənət həyatına 1974-cü ildə universiteti bitirəndən sonra təyinatla Gənc Tamaşaçılar Teatrında işə başlayıb. Azərin diplom və teatrda ilk işi Yusif Əzimzadənin “Gənc qvardiyaçı” poemasında baş rolun ifaçısı Əli Dadaşov olub. Bu obraza görə o vaxt Dövlət Mükafatı laureatına layiq görülüb.
- Necə xasiyyətə malik insan idi?
- Çox gözəl xasiyyəti var idi, onu tanıyanlar bilir. Zarafatı çox sevirdi, olduqca pozitiv insan idi. Bir bacı olaraq onun yoxluğuna dözmək çox çətindir. Övladlarına da yaxşı ata idi.
- Sizcə onun istedadından bir aktyor kimi layiqincə istifadə edildi?
- Aktyor kimi teatrda rolları çox idi. Bütün tamaşalarda baş rollarda oynayardı, hamısı da tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanıb. Mədəniýyət Nazirliyində işlədiyi müddətdə də respublikada keçirilən tədbirlərdə təşkilatı işlər ancaq ona tapşırılır, ssenaristi, aparıcısı olurdu. Tədbirlərə gələn qonaqları öz dillərində salamlayırdı. Belə tədbirlərin birində ulu öndərimiz üzünü gələn qonaqlara tutub deyib ki, sizdə belə aparıcı var ? Qardaşım əməkdar artist idi, amma düşünmürəm ki, ona layiqli qiymət verildi. İndikilər beş il işləyən kimi xalq artisti fəxri adını alır. Yəni tanınmaya-tanınmaya onlara xalq artisti fəxri adı və mənzil verilir.
- Müsahibələrinizin birində bildirmisiniz ki, 60 illik yubileyini qeyd etmək ona düşmədi. Səbəb nə idi?
- Yubileylərini qeyd etməyi çox sevərdi. 50 illik yubileyini teatrda, televiziyada yüksək səviyyədə qeyd etdi. Bu vaxt da insult keçirmişdi. 60 illik yubileyini qeyd edib evə gələndə hiss edib ki, sol tərəfindən keyləşmə var, qolunu yoxlayıb, görüb ki, işləmir. Həkimə müraciət etdi, ona insult diaqnozu qoydular. Düz 1 il 8 ay xəstə yatağında yatdı. Ona görə də qohumlar, dostlar həmişə ona deyirdi ki, yubiley yaşı sənə düşmür.
- Necə insanları sevməzdi, onlardan uzaq qaçardı?
-Lazımsız söz-söhbətdən uzaq biri idi. Çox dedi-qodu edən insanlarla məsafəli davranardı. Heç kəsin üzünə vurmazdı səhvini. Elə edirdi ki, həmin insanlar öz səhvlərini başa düşürdülər. Zarafata salıb, sözünü deyərdi, bir də görürdün ki, gəlib ondan üzr istəyirlər.
- Gülşən xanımla, Yasin Qarayevlə çox yaxın dost olub. Bəzən qadın sənətçi ilə kişi sənətçinin sənət aləmində dostluğu müxtəlif şayələrə yol açır. Belə hallar yaşanmışdı?
- Azərin dostları teatr aləmində çox idi, amma Yasinlə Gülşən onun ən yaxın, sadiq dostları idi. Həm də teatrda bir çox tamaşalarda tərəf müqabili olublar. Teatr sahəsində çalışan insanlar üçün belə şayələr çox yayılır, amma həqiqətən də o Gülşən Qurbanova ilə dost olub. Onların bir-biri ilə zarafatı, deyib-gülməyi hamıya əyan idi. Bir-birlərinin evinə gedib gəlib, ailələrini də tanıyırdılar.
- Bəs özü necə qarşılayırdı belə şayələri?
- Əlbəttə ki, şayələrə münasibəti də özünəməxsus idi. Deyirdi ki, hamı bilir ki, bu şayədir, açıqlama verməyim nəyə lazımdır ki? Hər şeyi öz axarına buraxırdı. Təbii ki, xoş təsir bağışlamırdı ona. Gülşənin yoldaşı da teatrda rus bölməsində işləyirdi, Azərin yoldaşı da bilirdi ki, bütün bunlar boş-boş şayələrdir.
- Yasin Qarayev bir müsahibəsində bildirib ki, Gülşənin ölümü Azərin dünyadan köçməsini tezləşdirdi. Həqiqətənmi belə oldu?
- Ölüm Allahın qəzasıdır! Hər kəs öz ömrünü yaşayır. Ola bilər ki, müəyyən dərəcədə Gülşənin ölümü Azərə təsir edib. Gülşən sağ olsaydı, Azər həyatdan daha tez köçsəydi bəlkə ona da təsir edərdi. Çünki onlar həmkar, dost, sirdaş olublar.
- İndi teatrda belə örnək dostluqlar görürsünüz?
- Mən özüm də teatr işçisiyəm. Teatrın tikiş sexində çalışıram. Azərin özünə də bir çox kostyumları, səhnə geyimlərini mən tikirdim. İndiki sənətçilərdə möhkəm dostluq yoxdur. Ola bilər ki, indi zəmanə bunu tələb edir.
- Hansı teatrda çalışırsınız?
- Mən uzun müddətdir Gənc Tamaşaçılar Teatrında çalışıram.
- Yəqin ki, Azər müəllimin köməkliyi ilə işə düzəlmisiz?
- Əlbəttə ki, Azər müəllim məsləhət görməsəydi, mən teatra getməzdim. Çalışıram ki, Azər müəllim sağlığında teatr ona necə qiymət verirdisə, onu qoruyub saxlayım. Başını hər zaman uca edim.
- Son gününü necə xatırlayırsınız?
- O gün heç vaxt yaddan çıxmayacaq! Heç istəməzdim ki, onun son gününü görüm. Bir can həyatla vidalaşırdı. Yaxın dostları, iş yoldaşları gəlmişdi, onda tanımırdı heç kəsi. Amma səslərindən bilirdi ki, kim kimdir (ağlayır).
- Səhv etmirəmsə kəlmeyi-şəhadətini dostları ilə birgə oxuyub.
- Azərin son günündə teatrımızın bir neçə işçisi onun yanına gəlmişdilər. Teatrdan İradə adlı işçimiz də Azərə baş çəkməyə gəlmişdi, inanclı xanım idi. O baxdı və “Azər, kəlmeyi-şəhadət oxuyaqmı?!” dedi. Azər onun gözünün içinə baxıb işarə elədi ki, “hə”. İradə kəlmeyi-şəhadəti deyirdi və Azərin də dodaqları tərpənirdi. Hiss edirdik ki, içində oxuyur. Kəlmeyi-şəhadətini də sənət dostları ilə birgə oxudu və üstündən saat yarım keçməmiş canını tapşırdı.
- Ailəsinə vəsiyyəti olmuşdu?
- Xeyr, danışa bilmirdi. Beyninə qan sızanda dili tutulmuşdu. Təbii ki, ürəyində deməyə çox sözü vardı. Bunlardan ən böyüyü isə övladlarının toyunu görmək idi. O da qismət olmadı.
- Bu gün adını daşıyan nəvəsi varmı?
- Bəli, Azərin adını daşıyan nəvəsi var.
Fikirlər