“Vaxtında atamın üzünə söz deyə bilmirdilər, dünyasını dəyişəndən sonra danışırlar”

“Vaxtında atamın üzünə söz deyə bilmirdilər, dünyasını dəyişəndən sonra danışırlar”

Xalq artisti, görkəmli teatr və kino aktyoru Əliabbas Qədirovun oğlu İlham Qədirov Moderator.az-ın suallarını cavablandırıb.
 
- İlham müəllim, 2 ilə yaxındır ki, teatrlar qapalıdır. Sizcə Əliabbas müəllim yaşasaydı bu durumu necə qarşılayardı?
- Bir insan ki, ömrünün 40 ilə yaxın bir dövrünü teatra həsr edibsə, əlbəttə ki, ona teatrın fəaliyyət göstərməməsi çox pis təsir edərdi. Bir reallıq deyim, bunu aktyorlar yaxşı bilir, hər il iki ay yay tətili olur. Bu iki ay yay tətilindən qayıdandan sonra onlar tamaşa oynayarkən az da olsa sözlər yaddan çıxır. Amma bu iki ay idi. İki il görün nə qədər uzun bir müddətdir? Teatr açılsa nə qədər məşqlər etmək lazım olacaq ki, tamaşalar tam bərpa olunsun. İnanmıram ki, iki ildən sonra hansısa sənətçi səhnəyə çıxanda iki il əvvəl oynadığı rolunun sözlərini, jestlərini olduğu kimi yadda saxlasın. Bərpa müddəti mütləq lazım olacaq. Restoranlar da işləyir, orada da səhnə, tamaşaçı var. Bəs niyə tamaşaçı fərqlidir? Mən özüm teatr camiyəsində böyüyən adamam, özümü dərk edəndən tez-tez atam məni tamaşalara aparıb. Mən özüm teatrda çalışmasam da teatr üçün çox darıxmışam. Teatra getməyəndə elə bilirəm ki, həyatımda nəsə çatışmır.
 
- Əliabbas müəllimin dostu çox idi yoxsa düşməni?
 
- Siz əgər atamın 60 illik yubileyində olsaydınız və teatrın 3-cü yarusuna qədər dolmağını görsəydiniz bilərdiniz ki, onun dostu çox idi. Çöldə böyük insan izdihamı var idi. Çox təəssüf ki, mən o tamaşaçıların hamısını zalda yerləşdirə bilmədim. Yubiley başlayandan 10 dəqiqə sonra teatrın qapılarını açdılar və kim harada istədisə orda da əyləşdi. Biri pilləkən üstə, biri yerdə, biri ayaqüstə qaldı. Ora gələn tamaşaçıların 50 faizi bəlkə də onun dostu idi.
 
- Əliabbas müəllim nədənsə filmlərə az çəkilib. Dəvətlər az gəlib yoxsa ona filmlərdə çəkilməyə kimlərsə mane olub?
 
- Atam teatrda irili-xırdalı 200-ə yaxın rol oynayıb. Bəlkə də bu siyahı daha da çox ola bilərdi, amma o ürəyinə yatmayan rolları oynamırdı. Ancaq xoşu gəldiyi obrazları oynayırdı. “Billur sarayda” tamaşasını səhnələşdirən Xalq artisti Ağakişi Kazımov həmişə deyərdi ki, Əliabbas rol xoşuna gələndə oynayırdı, xoşuna gəlməyəndə isə 1-2 məşqdən sonra “gələcəyəm, gələcəyəm” deyirdi, amma gəlmirdi. Onun da elə bir xarakteri var idi. Atam heç vaxt rolun, rejissorun arxasınca düşməyib. O ki, qaldı film həyatına. O irili-xırdalı 17 filmdə oynayıb. Onların içərisində “Qızıl uçurum”, “Babək”, “Sevinc buxtası” və s. filmlər çox məşhurdur. Atam ilk mükafatını 32 yaşında “Sevinc buxtası” filmində Nazim obrazına görə alıb. Bundan sonra bir çox uğurları ard-arda gəlib. 60 illik yubileyinə görə atama “Şöhrət” ordeni verdilər, bildi ki, ona bu orden verilib. Amma onu atam ala bilmədi, o artıq dünyasını dəyişmişdi. Atamın sonuncu mükafatını “Şöhrət” ordenini mən gedib götürdüm. Bundan başqa Əliabbas müəllim 69 filmdə də həmkarlarını dublyaj edib, səsləndirib. Məncə bu elə də az rəqəm deyil.
- Bu gün gənclər sizcə keçmiş sənətkarlara sayğı, hörmət qoyurlar?
 
- Mən onlardan heç bir hörmətsizlik görməmişəm. Düzdü köhnə və orta nəslin nümayəndələri çox az qalıb. Böyük-kiçik yerini bilənlər də var. Orta nəslin nümayəndələri içərisində mənim atamın da yetişdirdiyi sənətçilər var.
 
- Bir neçə orta nəsil sənətçi ilə müsahibə edərkən Əliabbas müəllimin direktor olduğu müddətdə çox ciddi xasiyyətə malik olduğunu, onların film və seriallarda çəkilməsinə qadağa qoyduğunu bildirmişdilər. Sizcə bu fakt nə dərəcədə doğrudur?
 
- Əliabbas müəllim ailədə də, teatrda da çox ciddi insan idi. Amma bununla belə zarafatı da, parodiyanı da sevirdi. Həmkarlarını yaxşı parodiya etmək qabiliyyətinə malik idi. O ki, aktyorların film və seriallarda çəkilməsinə qoyduğu qadağaya. Buna qadağa deməzdim. O sadəcə sənətçilərə deyirdi ki, harada çəkilirsiniz çəkilin, tamaşalara vaxtında gəlin. O vaxt məşqə, teatra gecikən bir neçə aktyoru cəzalandırmışdı. Belə də lazımdır, teatr rəhbəri belə olmalıdır. Teatrda hərc-mərclik olsaydı rəhbərliyə də söz gələrdi. Teatrın aktyorları vaxtında səhnəyə gəlməli idilər. Tarixə nəzərə salsaq görərik ki, bir çox sənətkarlar, məsələn Fuad Poladov tamaşanın başlamasına 1 saat, yarım saat əvvəl gəliblər. Hər bir idarədə disiplin olmalıdır. Disiplin olmasa iş görmək olmaz. 
 
- Həmin sənətçilər atanızın sağlığında ona etiraz edə bilirdilər?
- Mən sözün düzü bilmirəm söhbət kimlərdən gedir. Atam nahaqdan heç kimi cəzalandırmayıb, vaxtında atamın üzünə söz deyə bilmirdilər, dünyasını dəyişəndən sonra danışırlar. Bir-ikisi aktyor sağlığında nəsə demişdi, atam onları otağa çağırıb məsələni aydınlaşdırmışdı. Daha sonra dediklərinə düzəliş etmişdilər. Kim nəsə demək istəsə bilsinlər ki, qabaqlarında alnım açıqdır, hamısının cavabını verməyə qadirəm. Teatr tarixində hələ belə bir hadisə olmayıb ki, 26 sənətçinin adını yazıb yuxarı göndərsinlər ki, onlara fəxri adlar verin. Həmin siyahıda olan 26-sənətçiyə ölkə fəxri adlar vermişdi, heç birinin adını siyahıdan çıxarmamışdı. Hansına bu sualı versən hamısı təsdiqləyəcək. Bundan danışsınlar da.
 
- Bu gün atanız yanınızda olsaydı ondan nə istəyərdiniz və onu hansı obrazda görmək istərdiniz?
- Bu sualınız xüsusilə yerinə düşdü. Çünki sabah mənim ad günümdür, 51 yaşım tamam olur. İstərdim ki, atam da yanımda olsun, məni yenə də danlasın, məsləhət və tövsiyyələrini versin. Çünki atam dünyadan köçəndən sonra onun danlaqlarından bəhrələnmişəm. Onun nəsihətlərindən nəticə çıxarıb özümə iş, kariyera qurmuşam. Əgər yanımda olsaydı ona can sağlığı arzu edərdim, ondan heç nə istəməzdim, demək olar ki, həyatda mənim üçün hər bir şey edib. Təbii ki, o da istərdi ki, mənim bu yaşımı görsün. Amma qismət olmadı. O ki, qaldı onu hansı obrazda görmək istəyimə. Onu yalnız qoruyardım və hər zamankı kimi ata obrazında görmək istərdim.






Fikirlər