“Mənim o torpaqlarda şəhid qardaşım Kamilin qanı axıb və gedib o yerləri dolaşdım. Kamil Şuşanı qoruyurdu və sonra gedib Əsgəranda şəhid oldu. Onun xidmətləri haqqında yazıçı Aqil Abbas hamısını yazıb. Bununla yanaşı, Şuşada uşaqlıq vaxtlarım keçib və sonuncu dəfə 1987-ci ildə orda olmuşam”
Bunu Moderator.az-a açıqlamasında şair Zakir Fəxri Şuşa səfəri haqda danışarkən deyib. Şair bu qələbəni bizə bəxş edən Ali Baş Komandanımıza və şəhidlərimizə minnətdarlıq edib:
“Artıq otuz beş il idi ki, Şuşaya getmirdim. İnana bilmirdim ki, Şuşaya gedirəm, hər şey yuxu kimi idi. Mənə hətta irad tutdular ki, niyə söz demədilər. Orda ən gözəl şeirləri, sözü Şuşa özü, şəhidlərimizin ruhu, qazilərimiz deyirdi. Cıdır düzü başdan-ayağa poeziya idi və ona görə də danışmağa ehtiyac görmədim. Ən böyük danışmağı isə Cənab Ali Baş Komandan yerinə yetirib və bunu danmaq olmaz. Vətən naminə əldə olunmuş nailiyyət danılmaz və tarixi bir hadisədir. Yəni siyasət də elədir ki, hansısa məmur özbaşınalıq edə bilər və bütün bunlar düzələn şeylərdir. Amma düzələ bilməyən şey Qarabağ idi və o da düzəldi”.
Z.Fəxri ermənilərin torpaqlarımızda törətdikləri vandallıqdan da danışıb:
“Təsəvvürünüzə gətirin ki, Beyləqandan dönüb Füzuliyə gedəndə adamlar heyrətdən donmuşdu. Ermənilər bir dənə daş qoymayıblar, hamısını daşıyıb aparıblar. Bu vanldalizm də deyil, yer üzündə belə bir millət bilmirəm ki, olsun”.
Şair tezliklə o yerlərimizdə yaşayın bərpa olunacağını bildirib:
“Hər şeyin zamana ehtiyacı var, bu möhtəşəm tarixi qələbədir. Orda qısa müddətdə görülən işləri görsəniz, heyrətə gələrsiniz. Vaqifin məqbərəsi əvvəl olduğu kimi bərpa olunub. Şuşadakı abu-hava, suyu çox möhtəşəm bir şeydir. Mən dünyanı gəzən adamam və sevdiyim yerlərdən biri də Bodrumdur. Əgər dünyada üç gözəl havası olan şəhər varsa, onlardan biri Şuşadır. O yüksəklikdən Xankəndi görünürdü və dedim ki, burdan bir daş atsan, gedib ora düşəcək. Buna da bir zaman lazımdır, hay-küylə danışmaq lazım deyil. Bizim o Xüsusi Təyinatlıları gördüm və dedim ki, bunların qarşısında heç kim dayana bilməz. Allah qismət eləsin və gedib o yerləri görəsiniz. O ucalığı bizlərə bəxş edənləri Allah ucalarda saxlasın. Şuşaya gedib-gəlmişəm və hələ də orda qalmışam, inana bilmirəm”.
Fikirlər