Firidun Şuşinskinin Zeynəb Xanlarova haqqında indiyədək heç yerdə getməmiş məqaləsi: "Mənəvi sərvətimiz"

Strateq.az aşağıda Azərbaycan mu­si­qi  tarixinin yo­rul­maz təd­qi­­qa­t­­çısı saylan və muğam fəl­sə­fə­si­nin yaradıcılarının хal­qa çat­dı­rıl­­m­ası­n­da əvəz­siz хid­məti olan Firidun Şuşinskinin indiyədək heç yerdə dərc olunmamış məqaləsini təqdim edir. Xatırladaq ki, bu məqalənin əlyazmasını tanınmış tədqiqatçımız Aslan Kənan Firidun Şuşinskinin şəxsi arxivindən əldə edib.

 

firudun-2.jpg

Firidun ŞUŞİNSKİ

 

  Mən muğamat aşiqiyəm. Mən muğamatı çox sevirəm.

Azərbaycan musiqisi muğamat üstündə qurulmuşdur.

Səməd Vurğun

 

Şair haqlıdır. Bu sözlərdə dərin məna, inkaredilməz bir həqiqət vardır. Çünki hər xalqın mənəvi dühası ilk növbədə onun musiqisi və poeziyası ilə bağlıdır. Azərbaycan milli musiqinin inkişafı muğamatla sıx əlaqədardır. Muğamat musiqimizin təməl daşı, onun bünövrəsi və dayaq sütunudur. Əsrlərdən bəri xalqımızın yaratdığı mahnılar, təsniflər və oyun havaları muğamat üzərində yaranmışdır.

Muğam orjinal və dərin mənalı olmaqla xalq ruhlu musiqidir. Bu qədim musiqi millətin mənəvi aləmini və xarakterik xüsusiyyətlərini əks etməklə tarixboyu müxtəlif dövrlərdə, əsrlərdə xalqın ictimai-siyasi həyatını belə, əks etmişdir. Muğamlar son dərəcə poetik, orjinal olmaqla bərabər, məzmunca müxtəlif mənalar kəsb edir.

Azərbaycan xalqı mənəvi sərvəti olan zəngin muğamlarına sonsuz məhəbbət, böyük qayğı və diqqətlə yanaşır. Çünki bu sənət onun milli iftixarıdır.

Muğamat yalnız təsnif və mahnıların, oyun havalarının deyil, eyni zamanda opera və baletin, hətta simfonik əsərlərin tükənməz çeşməsidir. Bir sözlə, muğamat Azərbaycan musiqi dilinin lüğətidir. Daha doğrusu, muğamat bizim ən qiymətli mənəvi sərvətimizdir. Məhz buna görə də xalqımızın ona vurulması təbii haldır. Çünki hələ anamız bizə beşik başında laylay çalarkən məhz muğam üzərində oxumuşdur. Buna görə də biz gözümüzü açıb dünyanı dərk edən gündən bəri qulaqlarımız muğamat təranələri ilə “köklənmişdir”. Bir sözlə, bizim xəmirimiz muğamla yoğrulmuşdur. Bax buna görə də biz muğamata laqeyd yanaşa bilmərik. Onu həm inkar edənlərin hoqqabazlığına, həm də onu təhrif edənlərin canfəşanlığına göz yuma bilmərik.

Buna görə də bir musiqi tədqiqatçısı və tənqidçisi kimi, “Kommunist” qəzetinin 6 oktyabr 1987-ci il tarixli nömrəsində çap olunmuş “Çeşmə duru olmalıdır” məqaləsində qoyulan muğam musiqisi və onun ifaçılıq məsələləri məni də narahat edir. Və mən də müəllifin iradlarının çoxuna şərikəm. Həqiqətən muğam ifaçılığında hərc-mərclik hökm sürməkdədir.

Məlum həqiqətdir ki, mənəvi sərvətimiz olan klassik muğamları əsrlər boyu təbliğ edən, onu nəsillərdən-nəsillərə yaşadıb təqdim edən xalq xanəndələri olmuşlar. Lakin bunu müasir muğam ifaçıları haqqında demək olmaz.

Dünyanın konsert salonlarında istər vokal, istərsə də çalğı sənətimizin məşhur ifaçılarının müvəffəqiyyətli çıxışlarına baxmayaraq, son vaxtlar musiqimizin inkişafında, konsertlərin təşkilində, xüsusilə muğamın təbliğində milli musiqimizin ruhuna və köklərinə yad olan elementlər günbəgün artır. Təbiidir ki, ifaçılıq sənətində olan bu nöqsanlar bizi narahat etməyə bilməz. Radio və televiziyada, konsert salonlarında, toy məclislərində və restoranlarda səslənən qondarma nəğmələrə, təsniflərə, təhrif olunmuş muğamlara, oxunan şit və bayağı sözlərə qulaq asdıqca, adamda ikrah hissi yaranır. Bu zaman dərin təlaş və narahatlıq hissi ilə bir daha əmin olursan ki, musiqimiz müəyyən mənada klassik irsdən uzaqlaşmaq, daha doğrusu kökündən ayrılmaq prosesi qarşısındadır.

Əvvəla, onu deməliyəm ki, ifaçılıq çox məsuliyyətli və çətin sənətdir. Şübhəsiz ki, hər adam ifaçı ola bilməz. İfaçının birinci növbədə fitri istedadı, gözəl və məlahətli səsi, uzun nəfəsi, cəhcəhli zənguləsi, “samballı” biləyi, iti və şirin barmaqları olmalıdır. Lakin bunların varlığı hələ o demək deyildir ki, mahir ifaçı ola bilərsən. O, səsini istədiyi kimi idarə etməyi, ona dinamik boyalar verməyi, müxtəlif priyomlar işlətməyi, hər bir muğamı istər bəmdə və istərsə də zildə son dərəcə sərbəst, rəvan oxumaqla, həzin və şirin nəfəslər, xırda xallar, incə guşələr vurmaqla improvizəni də bacarmalıdır.Bunlardan əlavə, ifaçı savadlı, yüksək mədəniyyətli, musiqi elmindən xəbərdar olmalı, klassik ədəbiyyatı, şeiri, daha doğrusu əruzu mükəmməl bilməlidir.

Bir də muğam oxuyanın səsində tembr orjinallığı olmalı, bülbül kimi cəhcəh vurub dinləyicini heyran etməlidir. Əğər ifaçı istedadlıdırsa, muğamın melodik xüsusiyyətlərini düzgün duyarsa, şeirin məzmununa dərin nüfuz edərsə, onun ifası təbiidir, səmimidir. Təəssüf ki, bu keyfiyyətlər müasir xanəndələrin sənətində yox dərəcəsindədir. Bir də bu, onun nəticəsidir ki, müasir xanəndələr musiqimizin elmi əsaslarına və klassik irsə istinad etmirlər. Bunun nəticəsində də ifaçılıq sənətimizin incisi olan muğamların ifasında özbaşınalıq, nəzarətsizlik hökm sürməkdədir. Təsadüfi deyil ki, çox zaman muğamlarımız səsi olmayan, muğamı yaxşı bilməyən, musiqi mədəniyyətindən xəbəri olmayan qondarma “xanəndələr”in ifalarında təhrif olunur. Nəticədə bir-iki muğamı, üç-dörd mahnını alayarımçılıq öyrənib səhnəyə çıxmağa cəhd etmək xəstəliyinə tutulanların sayı getdikcə artır.

Bir çoxlarının da səsi-zənguləsi yoxdur. Lakin zor ilə xanəndə olmaq eşqinə düşüblər. Bunun “səs”i, xanəndələr demişkən, nə “döş” səsidir, nə də “beyin” səsi. Onun “səs”i tembri, muğama aid olmayan, dinləyicini yoran səsdir ki, belə səs hamıda ola bilər. Görün, muğam ifaçılığında necə dərəbəyçilik yaranıbsa, nağara çalan muğam mülkündə at oynatmaq istəyir. Gülməli burasındadır ki, belə bir “xanəndə”ni televiziyaya dəvət edib muğamları dəsgah halında “oxudurlar”. Hətta iş gəlib o yerə çatıb ki, belə xanəndənin “səsini” qrammofon vallarına da yazdırırlar.

Muğam ifaçılığında yaranmış bu xoşagəlməyən təhlükəli vəziyyət hər kəsdən əvvəl Respublika Mədəniyyət Nazirliyini, Bəstəkarlar İttifaqını, Dövlət Filarmoniyasını və konsert birliyinin rəhbərlərini düşündürməli və narahat etməlidir.

“Çeşmə duru olmalıdır” məqaləsinin müəllifinin SSRİ xalq artisti, bizim məşhur müğənnimiz Zeynəb Xanlarova haqqındakı səhv mülahizələri təəccüb doğurur. Müəllif yazır: “SSRİ xalq artisti Zeynəb Xanlarovanın parlaq ifaçılıq sənətinin tədricən tənəzzül etdiyi (kursiv mənimdir –  F.Ş.) xüsusən muğamlarımıza laqeyd münasibəti təəssüf doğurur”.

zeyneb-1.jpgƏvvəla, məqalə müəllifinin nəzərinə çatdırmaq istərdim ki, Zeynəb xanım xalq müğənnisi yox, opera müğənnisidir.

İkincisi, Zeynəb xanım heç bir vaxt muğamlarımıza laqeyd münasibət bəsləməmişdir.

Görünür, məqalənin müəllifi T.Kərimovanın Zeynəb xanımın repertuarından xəbəri yoxdur. Əgər o, radionun fonotekasına müraciət etsəydi, ona aydın olardı ki, fonotekada Zeynəb“Çahargah” kimi mürəkkəb bir muğamı tam dəsgahla oxuyub. Bundan əlavə bu təkrarsız müğənni “Segah”, “Şahnaz”, “Qatar” və sair muğamları özünəməxsus şəkildə fərdi ustalıqla ifa etmişdir. Bir də elə bir təsnif yoxdur ki, Zeynəb xanım oxuyanda muğam boğazlarını vurmamış olsun.

Onu da əlavə edək ki, Zeynəb xanım hətta aşıq və bəstəkar mahnılarını ifa edəndə belə, muğam guşələrini vurur. Bir sözlə, bu müğənninin nəinki bizim xalqı, hətta dünyanı heyrətə salan ifası muğamsız keçmir.

Bir də heç kəsin ixtiyarı çatmır ki, Zeynəb xanımı muğam oxumamaq üstündə qınasın. Ona görə bir daha xatırlamaq istəyirəm ki, Zeynəb Xanlarova opera müğənnisidir.

Bir də opera artistlərinin müstəqil muğam oxumaları və onların iştirakı ilə konsertlər verməyin əhəmiyyəti yoxdur. Vaxtilə dahi bəstəkar Üzeyir bəy Hacıbəyov da bunun əleyhinə olmuş, hətta böyük müğənniBülbülün belə muğam oxumasını məsləhət görməmişdir. Üzeyir bəy çıxışlarının birində bu barədə demişdir: “Xalq müğənnisi opera müğənnisi deyildir. Onun öz sənətkarlıq sahəsi vardır. Elə opera müğənniləri vardır ki, çox pis oxuyurlar”.

Bu isə təsadüfi deyildir. Çünki opera müğənnilərinin oxuduqları muğamlarda intim lirika, dərd-qüssə, ah-nalə motivləri daha çox hökm sürür. Çünki opera müğənnisi oxuyarkən, istər-istəməz, Leyli və Məcnunun, Əsli və Kərəmin, Qərib və Sənəmin obrazlarına qapılaraq, muğamları əsas istiqamətindən uzaqlaşdırıb yeknəsək edirlər. Nəticədə muğamat gecəsi “Opera gecəsinə” dönür. Qaldı son illər opera müğənniləri də muğamları təhrif etməkdə heç də başqalarından geridə qalmırlar.

Məni bir gülünc, özü də ağlasığmaz məsələ də düşündürür. O da Tahirə Kərimovanın Zeynəb xanımdan yazarkən belə bir ifadəyə yol verməsidir: “...Zeynəb Xanlarovanın ifaçılıq sənətinin tədricən tənəzzül etməyi...”

Əvvəla, T.Kərimovaya xatırlatmaq istərdim ki, hazırda Zeynəb Xanlarova ifaçılıq sənətinin yüksək zirvəsindədir. Bunu onun bu yaxınlarda Hollandiyada böyük müvəffəqiyyətlə verdiyi konsertlər sübut edir. İkincisi də müəllifin Azərbaycan dilinin yaxşı bilməməsidir. Görəsən o “tənəzzül” sözünü anlayırmı? Bizə elə gəlir ki, “tənəzzül” ifadəsi ona məxsus deyil və məqalənin müəllifi olması da şübhə doğurur.

zeyneb-heyder-1.jpg

Zeynəb Xanlarovanın ifaçılığına qısqancla yanaşanlar mahnı oxuyarkən oynamasını ona irad tuturlar. Hətta bəziləri yazırlar ki, “Bilmirsən qarşında oxuyan müğənnidir, yoxsa rəqqasə”. Şübhəsiz, bu iradlar Zeynəb xanımın ünvanına deyilib. Lakin müəllifin cəsarəti, daha doğrusu, türklər demişkən kişiliyi çatmır ki, Zeynəbin adını çəksin.

Bir sözlə, Zeynəbə oynamağı irad tutanların nəzrinə çatdırmaq istərdim ki,Şərq musiqisində ritm ümdə şərtdir. Əgər xanəndədə ritm yoxdursa, o, oynaq mahnıların öhdəsindən gələ bilməz. Lakin Zeynəb xanım öz ritmik hərəkətləri ilə mahnını gözəlləşdirir, daha doğrusu onu gəlin otağı kimi bəzəyir. Bir də Zeynəb xanım oxuduğu mahnıların fərqinə varır. Onları incə bir zövq, nikbin duyğu, yüksək sənət məharəti ilə duyur, mahnısı ilə yaşayır və fərəhlənir. Əgər sənətkar bəhrəsini duyursa, onun qarşısını heç bir maneə kəsə bilməz.

Təəssüf ki, Zeynəb xanımdan sonra gələn müğənnilərimiz istər onun oxumaq üslubunu, istərsə də səhnə ədasını yamsılamaq istəsələr də, bir şey alınmır. Çünki oxuyub, oynamaq yalnız Zeynəb xanıma yaraşır.

Məqalədə getmiş bağışlanmaz bir səhv fikiri də oxcunun diqqətinə çatdırmaq istərdik...

T.Kərimova Özbəkistanda keçirilən muğam simpoziumundan danışarkən yazır: “Simpoziumda Özbəkistanda təqribən iyirmi məruzə dinlənilir. Erməni musiqişünasları erməni muğamını (?!) həm nəzəri, həm də əməli surətdə nümayiş hüququna nail olurlar”.

Burada müəllifin “erməni muğamı” məfhumu çox gülüncdür. Görəsən, müəllif “erməni muğamı” sözünə harada rast gəlib?! Bu, sadəcə müəllifin “Don-Kixot” gopçuluğu və yaxud Dərviş bayatılarıdır. Çünki Şərq musiqisinə aid olan heç bir ədəbiyyatda, nə də Əbu Nəsir Fərabi, Əbu Sina, Səfiyəddin Urməvi, Əbdülbaqir Maraqi, Ruhulla Xaliqi kimi nəhəng Şərq musiqişünaslarnını musiqiyə aid kitablarında “erməni muğamı” sözünə rast gəlmək olmur. Şübhəsiz ki, bunu T.Kərimovaya heç cür bağışlamaq olmaz.

Bir də oxucuya onu da demək istərdik ki, bu Dərviş bayatısını təkcə T.Kərimova yox, konservatoriyanın başqa müəllifləri də işlətmişlər. Yaxşı yadımdadır, bir dəfə yenə Səmərqənddə muğam simpoziumundan qayıdan dosent R.Zöhrabov televiziya ilə çıxış edərkən dedi: “Simpoziuma ermənilər də öz muğamlarını gətirmişdilər...”

Amma gəlin R.Zöhrabovdan və T.Kərimovadan xahiş edək, erməni muğamlarında birinin adını çəksinlər.

Məlum həqiqətdir ki, Şərqdə 12 muğam mövcuddur, onun 7-si əsas, 5-i isə əlavə muğamdır və bunların hər birini adları da məşhurdur. Lakin burasını da inkar etmirik ki, ermənilərin içərisindən muğam ustaları, daha doğrusu, tar, kamança, yastı balaban və saz çalanlar çox olmuşdur. Amma onlar bizim muğamları, təsnif və oyun havalarını çalmışlar. Özü də çox məharətlə çalmışlar. Lakin bir daha qeyd etmək istərdim ki, erməni musiqisində muğam adlı şey yoxdur.

Bir məsələni də ürəkağrısı ilə oxucunun nəzərinə çatdırmaq istərdim: Tar ilə kamanın müqəddəratı məsələsini. Çünki muğam musiqisinin ifaçılığında tar ilə kamançanın həlledici rolu vardır. Son illərdə məclislərdə musiqi alətlərimizin şahı olan tara və kədərli kamana rast gəlmirik. Hətta getdikcə yastı balaban da sıradan çıxır. Bunun birinci günahı musiqi ictimaiyyətinin liberallığı, ikinci isə ansambl rəhbərlərinin laqeydliyidir. Milli ruhunu, qeyrətini itirən bəzi musiqiçilərin özbaşınalığı nəticəsində tarı gitara ilə, kamanı klarnet, yastı balabanı isə qaboyla əvəz edirlər. Bu xoşagəlməz hal musiqi ictimaiyyətini narahat etməlidir.

Muğamları yaşatmaq, onları yad təsirlərdən müdafiə etmək üçün muğam mərkəzi, daha doğrusu, Bakıda muğam evi yaratmaq lazımdır. Məktəblərdə bir fənn kimi musiqi tarixini tədris etmək, həm də muğam evinin nəzdində qocaman musiqiçilərdən ibarət “Muğam şurası” yaratmaq məqsədəuyğun olardı. Elə etmək lazımdır ki, muğam şurasının icazəsi olmadan heç kəs efirə, ekrana və səhnəyə buraxılmasın. Biz bu tədbiri görməklə klassik muğamlarımızı yaşada bilərik. Hələ ki, gec deyil, bu tədbirləri həyata keçirməliyik, əks təqdirdə gələcək nəsillər bunu bizə heç cürə bağışlamaz...

 






Fikirlər