“Mədəniyyət Nazirliyinin xəttiylə biz də Şuşaya getdik. Orda “5-ci Xarıbülbül” festivalında iştirak etdik. İlk dəfəydi Şuşaya gedirdim və amma həmişə bu arzuyla yaşayırdım. Həmişə Şuşaya gedənləri görəndə doğrusu heç cürə yol tapa bilmirdim. Amma bu dəfə iş yerimizdən bizi Şuşaya apardılar. İndi özümüz də Şəhid analarına Dəstək İctimai Birliyi yaratmışıq və yəqin ki, şəhid analarının gələcəkdə Şuşa səfərini təşkil edəcəm”
Bunu Moderator.az-a açıqlamasında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid olan əsgər Əbülməcid Axundovun anası Ceyran xanım deyib. Şəhid anası Şuşa səfəriylə bağlı öz təəssüratlarını bizimlə bölüşərək kövrəlib:
“Bu səfər mənə çox gözəl təəssürat bağışladı. Kövrək anlar yaşadım. Yolboyu gözyaşlarıma hakim ola bilmədim. Çünki bir anlıq gözümün önündə həmin o döyüş səhnələrini canlandırdım. Ən çox da Zəfər yoluyla gedəndə həm qürurlandım, həm də yenə gözlərim doldu. Çünki o torpaqların hər bir qarışında şəhidlərimizin qanı var idi. Baxıram ki, aman Allah, görün bizim oğullarımız necə igid olublar, o dağlıq yerləri, sıldırım qayaları necə keçiblər. Biz hələ avtobusla gedəndə yoruluruq, amma o oğullarımız piyada gedərək döyüşüb torpaqları alıblar.
Şuşa çox gözəldir. Allah düşmənə lənət eləsin, Şuşamızı bərbad günə qoyublar. Demək olar ki, salamat bir yer qalmayıb. Amma yenə də gözəlliyini özündə saxlayıb. Doğrudan da Şuşa üçün vuruşmağa dəyərmiş. Şuşa bizim üçün bir qaladır. Ermənilərin bu gün yaşadığı ərazilər Şuşanın ayağı altındadır. İnanıram ki, gələcəkdə o torpaqlarımızı da işğaldan azad edərik. Həmişə məndən soruşurdular ki, inanırsınız ki, torpaqlar alınacaq, övladlarınızın qisası alınacaq? Deyirdim ki, bəli, o gün olacaq.
Yolboyu gələndə lalələr gördük. Dedim ki, ay Allah, şəhidlərimizin qanıyla suvarılan o torpaqdan necə də lalələr baş qaldırıblar. O lalələrin hər bir ləçəyində şəhidlərimizin qanını gördüm. Şuşada gəzəndə insanlara deyirdim ki, ayağınızı torpağa ehtiyatla basın burda şəhid qanları var. Həqiqətən torpaq bizim üçün çox dəyərlidir və biz bunu bilməliyik. (Kövrəlir) Bir günlük səfərdə çalışdıq ki, doyunca Şuşanı gəzək”.