“NAZİRLƏR BİZƏ GÖRƏ TELEVİZİYALARI HƏDƏLƏYİRLƏR” - KVN-çilərdən sərt ittihamlar

 

kvn

Şən və hazırcavablar klubunun (ŞHK) “Parni iz Baku” komandasının üzvləri, “Planet Parni iz Baku” teatrının aktyorları şok ittihamlarla çıxış ediblər.

AzNews.az xəbər verir ki, aktyorlar – Azər Məmmədzadə, Bəhram Bağırzadə, Cabir İmanov və Tahir İmanov oxu.az saytına müsahibələrində TV rəhbərləri və nazirliklərlə bağlı bir sıra məqamların üstünü açıblar.

Əvvəlcə Tahir İmanov “Space” televiziyasını və TV-nin rəhbəri Vaqif Mustafayevi ittiham edib. Aktyorun sözlərinə görə, hər şey yazda, bu gün üçün son layihələri olan ölkənin aparıcı yumoristlərinin yığıldığı “Gülüş yığması” layihəsinin buraxıldığı andan başlayıb:“Orada “Hit-parad” rubrikası var. Rubrikadakı musiqili nömrədə əsas qəhrəmanlardan biri polis idi. Mən yayım zamanı musiqili nömrədə bu hissənin kəsildiyini gördüm. Həm də elə eybəcər şəkildə kəsmişdilər ki, bütün çıxış çox qeyri-peşəkar görünürdü.

Daha sonra isə ümumiyyətlə, polislərin təsvir olunduğu hissələr çıxarılmağa başlandı. Mən “Space” telekanalının rəhbərliyinə zəng etdim. İki gün ərzində mənim telefon zənglərimə heç kim cavab vermədi. İcraçı direktor “Mən heç nə bilmirəm, məsələdən xəbərdar deyiləm. Aydınlaşdırıb sizə də bildirərəm” dedi.

Sonra isə Vaqif Mustafayev başda olmaqla kanalın rəhbərliyi məni dəvət etdilər. Mənə dedilər ki, “polisləri tənqid etmək olmaz”. “Niyə? Niyə 90-cı illərdə olardı, 2000-ci illərdə olardı, 2015-ci ilin fevral ayına qədər olardı, indi isə olmaz?” sualıma isə sadəcə “Olmaz” cavabı verdilər. O zaman mən “Sizə polis idarəsinin rəhbərliyindən zəng ediblər?”deyə soruşdum. Mənə cavab verdilər ki, “xeyr, sadəcə o kanalın rəhbəri belə qərar alıb”.

Niyə belə qərar almasının səbəbini soruşduqda isə o, “Olmaz, vəssalam” dedi. “Bəs başqalarını olar?” soruşduqda isə, “Başqalarını hələlik olar, onları isə olmaz” cavabını verdi”.

T.İmanovun sözlərinə görə, TV rəhbərliyi onları polislərin imicinə xələl gətirməklə suçlayıb və məhz buna görə də sözügedən hissələr videoçarxdan silinib.

Əlacsız qalan aktyorlar başqa bir kanala – ATV-ə üz tutublar. Lakin onlar burada daha böyük “sürpriz”lə qarşılaşıblar: “Dedilər ki, polisi, Vergilər Nazirliyini, Gömrük Komitəsini və FHN-ni tənqid etmək olmaz. Bizə bəyan etdilər ki siz vergiləri tənqid edirsiz, bizə ya yoxlama göndərirlər, ya da ki, bu və ya digər nazir zəng edib hədələyir”.

Tahir İmanovun sözlərinə görə, son iki konsertləri efirə verilməyib: “Son konserti yazda göstərməli idilər, həmin ərəfədə bir həftəyə yaxın anons getdi. Bazar günü mənə ATV-dən zəng edib dedilər ki, nazirlərin uşaqlığına dair səhnəni çıxarırıq, polisləri tənqid etdiyiniz səhnəni çıxarırıq, vergiləri tənqid etdiyiniz səhnəni çıxarırıq, gömrüyü tənqid etdiyiniz səhnəni çıxarırıq… Bunlar da çıxandan sonra orada heç nə qalmır. Buna görə razılaşmadıq və konsertlərimiz yayımlanmadı”.

Aktyorlar Lider TV-də və ANS-də onlara qadağa qoyulduğunu da vurğulayıblar: “Lider TV-də biz 2003-cü ildən konkret olaraq qadağan edilmişik, ANS-də isə formatımızın onlara uyğun olmadığını dedilər. Bu telekanallara bizim üçün giriş qadağandır”.

Aktyor bu məsələdə əsasən Daxili İşlər Nazirliyini günahlandırıb: “Onlar məmurların təzyiqindən qorxurlar. Əgər susurlarsa, deməli qorxurlar. Danışmırlar. DİN-in mətbuat xidmətinin nümayəndələri telekanallara zəng edib və polis işçilərinin tənqid olunmasını qadağan ediblər, vəssalam. DİN-in mətbuat xidmətinin bizim layihələrə baxmaqdan başqa işləri yoxdur sanki, onlar bizim konsertləri əzbər bilirlər”.

 






Fikirlər