TV-lərin `QARA SİYAHI`sında KİMLƏR VAR?!

 


 

 

 

Son günlər bəzi sənət adamları telekanallar tərəfindən onlara efir qadağasının qoyulduğunu deyirlər. 

Bu yaxınlarda mətbuat konfransı keçirən Xalq artisti Nazpəri Dostəliyeva kanallarda onun çıxışlarına qadağa qoyulduğunu deyib. Müğənninin iddiasına görə, yalnız ANS televiziyası onu verilişlərə dəvət edir. 

Müğənni Qismət Məmmədzadə də 8 aydan çoxdur efirlərə buraxılmadığını söyləyib. Sənət adamlarının iddialarından belə nitəcə çıxarmaq olar ki, TV-lərin xüsusi “qara siyahı”sı var və buna uyğun olaraq qonalar seçilir.

Telekanalların “qara siyahı”sında kimlər var?

AzVision.az bu sualla yerli TV-lərə müraciət edib.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov deyib ki, ANS heç kimə efir qadağası qoymayıb: “Biz heç kimə qadağa qoymamışıq. Qapılarımız hamının üzünə açıqdır. ANS heç kimi “qara siyahıya” salmır”.

Bəzi şəxslər onlara qadağa qoyan telekanalların adlarını açıqlasalar da nədənsə televiziyalar bunun tam əksini deyir. 

"Azad Azərbaycan" Televiziya Şirkətinin mətbuat əlaqələndiricisi Vaqif Aydınoğlu təmsil etdiyi telekanalda “qara siyahı”nın olmadığını bildirib.

“Qətiyyən belə bir şey ola biləz. Bizdə müğənnilərdən heç kimə qadağa qoyulmayıb. Vaxtaşırı bizim verilişlərə dəvət alırlar. Ümumiyyətlə “qara siyahı”dan söhbət gedə bilməz”. 

İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) verilən məlumata görə, telekanal sənətdə ad qazanmış sənətçilərə, müğənnilərə hər zaman dəstək verir. 

“Ölkənin tanınmış müğənniləri, sənət adamları, muğam ustaları, opera müğənniləri həmişə efirlərimizdəki verilişlərə gəlirlər, çıxış edirlər. Qadağa sözü bizə yaraşmır”-deyə televiziyadan bildirilib.

Xəzər Televiziyasının sözçüsü Aqşin Kamal TV-nin “qara siyahı”sının olmadığını söyləyib: “Bizim telekanalda belə bir siyahı, məhdudiyyət yoxdur. Kimin tamaşaçısı varsa, tamaşaçı kimi görmək istəyirsə, tələb edirsə, o şəxslər də Xəzər Televiziyasının efirinə dəvət olunurlar. Konkret olaraq heç kimlə bağlı qadağa və ya siyahı yoxdur”-deyə Aqşin Kamal qeyd edib. 

Region TV-nin mətbuat katibi İsmayıl Həsənov bildirib ki, RTV-də sənət adamlarına efir qadağası qoyula bilməz: “Cəmiyyət üçün maraqlı olan, gündəmə, verilişin formatına uyğun olaraq efirə dəvət edilir”.






Fikirlər