“Son devalivasiyadan 50 min MANAT ZİYANA DÜŞMÜŞƏM” - Ağadadaş Ağayev

Xalq artisti Ağadadaş Ağayevin devalvasiya ilə bağlı saytlardan birinə verdiyi açıqlama hələ də müzakirə olunur. “Əcəb olub, dollar qalxıb” başlıqlı xəbər insanlar tərəfindən birmənalı qarşılanmayıb və xalq artisti sosial şəbəkələrdə tənqidlərə məruz qalıb. İnsanlar Ağadadaş Ağayevi xalqın halına yanmamaqda ittiham ediblər. 
Musavat.com Ağadadaş Ağayev ilə əlaqə saxlayıb. İttihamlara cavab verən sənətçi bildirib ki, onun sözləri yanlış təqdim olunub:
- Ağadadaş bəy, sizlə bağlı baş verən son məsələ haqda nə deyə bilərsiz? 
- Teleaparıcı Saleh Bağırovun toyunda idik. Jurnalist dedi ki, “bu gün dollar bahalaşıb, siz isə gülürsünüz, oynayırsınız”. Mənim bahalaşma barədə subyektiv  fikirlərim var. Jurnalistə dedim ki, Allah nə verirsə, məmləkətimizin xeyrinə versin. 2013-cü ilin büdcəsində neftdən 34 milyard dollar ixracatımız olub. Daxili idxalımız 11 milyard. O pullar manata çevriləndə 51 milyard olur. 
“Sevinirik” sözünü istehza ilə demişəm. Balaca uşaq deyiləm. Bəziləri elə başa düşür ki, dollarım çox olduğu üçün bahalaşmaya sevinirəm. İnsanları müğənniyə qarşı qaldırırlar. İndi mən neynim ki, o gənc jurnalist xanım mənim istehzamı başa düşməyib? Mənim əvvəldən dollara etibarım olmayıb. İnsanlarımız da başa düşsün ki, dollar güvənili valyuta deyil. Ölkəmizdə başqa sektorlar inkişaf etsin, başqasının dollarına möhtac qalmayaq. Mən belə başa  düşürəm, bunu da demişəm.

“İndi mən neynim ki, jurnalist istehzamı başa düşməyib”

- İstəyirsiniz ki, milli valyutamız olan manat güclənsin?
- Manat  güclənsin. Manatın güclənməsi üçün bundan sonra ölkədə canlanma olacaq, ayrı-ayrı sektorlar daha çox çalışacaq, insanlar aktivləşəcək. İstəyirəm ki, biz istehsal edib başqa ölkələrə sataq və mütəmadi olaraq, oradan büdcəmizə pul daxil olsun. İstəyirəm ölkə daxilində hər şeyimiz olsun. Coraba kimi özümüz istehsal edək. Keyfiyyətsiz məhsullar dollarla gəlib mağazalara dolmasın. Çindən gələn uşaq oyuncaqları övladlarımızın səhhətinə ziyandır. Dünyanın ən keyfiyyətsiz mallarını gətirib ölkəmizə doldururlar. Allaha şükür, bizim dövlətimizə, millətimizə nə olub? İstehsal etmək çox çətindir? Biz istehsal edib başqa ölkələrə göndərək və gəlir əldə edək. Mənim dərdim budur. Dolların dünyanın başına nə oyun gətirdiyini görürəm.
- Siz dolayısı ilə Amerikanı suçlayırsız?
- Bəli, elə deyirəm. Bütün bunların arxasında ABŞ dayanır. Amerika bütün dünyanın başına oyun gətirir. Rusiyanı pis vəziyyətdə saxlayıb, dünən Suriyada 200 adamı güllələyib. Rusiya ilə Amerika arasında olan problemlərdən digər ölkələr zərər çəkir. Yaxşı ki, son devalvasiyada dollara olan sevgimiz yoxa çıxdı. Sevinirəm ki, millətimiz gördü ki, dollara güvənmək olmaz. Özümüz hərəkətlənməliyik, daxilimizdə dinamika olmalıdır. İnsanlar tənbəlliyin daşını atmalıdır. Hər kəs öz sahəsi ilə məşğul olmalıdır.  İnşallah, ölkəmiz bundan sonra daha gözəl olar. Vaxtilə Amerika nefti 130-140 dollara alanda yaxşı fikirdə idim. İndi 36 dollara alır. Mən bunları görəndə əzab çəkirəm. Çünki ölkəm, xalqım Amerikanın siyasətinin güdazına gedir. Amma bir şey var, dövlətimiz qüdrətlidir, inşallah bunun da öhdəsindən gələrik.

“Bütün bu işlərin arxasında dayanan Amerikadır”

- Hamı deyir ki, neftdən asılı olmayaq, sahibkarlıq, istehsal inkişaf etsin. Bu vəziyyətdən çıxış yolunu nədə görürsünüz?
- Bütün sahələr inkişaf etməlidir. Bizim çətin dönəmimizdə, ölkənin ağır vəziyyətində 90-cı illərdə Azərbaycanda ən gözəl yaşayan İvanovka kəndinin sakinləri idi. Onlar dünyanın ən sivil ölkələrindəki kimi yaşayırdılar. Özləri hər şeyi istehsal edirdilər. Məhsullarını satıb bəy balası kimi yaşayırdılar.  Vətəndaş kimi narahat olduğum məsələlər var. Kəndli kənd təsərrüfatı ilə məşğul olmaqdansa, Bakıya axışır. İstəyirəm ki, tam neftə bağlı olmayaq. Demirəm ki, insanların problemi yoxdur, mənim də problemlərim var. Xaricdən  iki “TIR” mal gətirmişəm, məktəbin həyətində stadion tikirəm. 100 min dollar əvəzinə 150 min verəcəyəm. 50 min manat ziyana düşürəm. Vətən, məmləkət olan yerdə ziyana düşmək önəm daşımır.  Bu cür zamanlarda insanlar yumruq kimi birləşməlidir. Mağazaları bağlayıb malların qiymətini yeniləyirlər. Hər kəsin problemi ola bilər. Əsas odur ki,  vətənimizə zərbə dəyməsin. Allahdan gələn bizim  üçün xeyirli olsun.
- Bu bahalaşma toy qiymətinizə təsir edəcəkmi?
- Mən toy qiymətimi qaldırmağı düşünmürəm. Vaxtaşırı fiziki şəxs kimi dövlətə vergi ödəyirəm. Bu gün də ödəmişəm. 






Fikirlər