`ONLARI SATMARAM...` Xalq artisti ERMƏNİ DOSTLARINDAN danışdı:

“Mən sadiq insanam. Dostlarımı heç vaxt unutmuram. Boka erməni olsa da, Azərbaycanda yediyi çörəyi tapdalamadı, yaşadığı ölkəni pisləmədi. Böyüdüyü mühiti, dostları çirkaba batırmadı. Bu baxımdan ona çox böyük hörmətim var”

 

Bu sözləri Azərbaycanın Xalq artisti Floka Kərimova Bakı ermənisi Boka (əsl adı Boris Arkadyeviç Davidyandandır-red) haqda fikirlərini AzVision.az-a bölüşərkən deyib.

Bokanın sənətinə hörmət etdiyini deyən F.Kərimova azərbaycanlılara və ermənilərə öz tövsiyələrini verib.

“Özümüzünkülərə də, ermənilərə də bir tövsiyəm var, heç vaxt iki şeyi qarışdırmayın. Yırtıcıların hərəkəti ilə insanın hərəkətini ayırın, hamısına bir gözlə baxmayın. Biz yırtıcını insandan ayırmalıyıq. Nə olursa olsun, Azərbaycan dediyimiz məkanın üstündən xətt çəkmək olmaz və əgər Boka bunu etmirsə, qorxmursa ona çox sağ ol deyirəm”. 

Xanım müğənni Boka Bakıya gələrsə, onu evində qonaq etməyə hazır olduğunu deyib: “Onun anası, yaxınları Bakıda dəfn olunublar. Bilirəm ki, onun da ürəyindən onların qəbirlərini ziyarət etmək keçir. Boka Bakıya gələrsə, onunla görüşərəm, evimə qonaq edərəm. Onunla ana və atasının qəbrini də ziyarət edərəm. Çünki peşəsindən, sənətindən əvvəl, mən Bokanı bir insan kimi bəyənirəm”.

Xalq artisti daha sonra Bakı ermənilərindən söz açaraq onlar arasında dostlarının olduğunu bildirib: “O illəri yada salmaq mənə ağırdır. Heç vaxt çörək kəsdiyim dostlarıma xəyanət etməmişəm. Onlar arasında rəfiqələrim, mənim mahnımı sevən insanlar olub. Moskvaya köçəndə, mənə zəng edib hönkür-hönkür ağlayırdılar ki, şəkərbura, paxlava bişirmişik, şam yandırıb oturmuşuq. Mən dərd xətrinə dostlarımdan imtina edən deyiləm. Onları satmaram. Məni kim necə başa düşür, düşsün. İnsan əvvəlcə insan olmalıdır. Düşmənimə düşmənəm. Ancaq dostuma dostam, bunları ayıra bilirəm”






Fikirlər