İNSANLIĞIN DEVALVASİYASI

 

Aida Eyvazova 

1990, 1991, 1992, ondan sonrakı qızğın müharibə illəri... Ağır, kəşməkeşli illər... Vətənin dar, ümidsiz günləri idi. Lakin rəhmətlik Heydər Əliyev hər yerə əl ataraq, dövləti o durumdan qurtardı. Qonşum Müşgünazın rəhmətlik atası gedib Dağıstandan, Rusiyadan ərzaq gətirirdi. Müşgünaz bizi də qonaq edirdi. Payın mənimlə və balamla bölürdü. Rəhmətlik atam Dağıstana gedib, ərzaq gətirirdi. Qohum-əqrabasına, qonşusuna, balalarına kömək edirdi. Ölmədik. yaşadıq. Ola bilər ki, bir az yedik, bir az qazanımız yarımçıq oldu. Bilirdik ki, qarnımız üçün yaşamırıq. Hamı bərbərxanaya getmirdi, qızlar saçlarını “babetta” yığmaqla kifayətlənirdi. Onda qadınlarımız bu qədər qlamur deyildi. Onda bu qədər israfçı deyildik. İndi hətta məktəbli qızlarımızı da gözəllik salonlarında bəzəyirik, gəlin göçməmiş, dərsə qaşlarını alıb göndəririk. Onda qızlarımızı, oğlanlarımızı çox qoruyurduq. Bu qədər kafelərimiz, barlarımız, restoranlarımız və apteklərimiz yox idi. Ancaq yardımlar hesabına olsa da, yaşayıb, bu firavan günə çıxdıq. Ancaq bircə dəfə əlimizi Tanrıya qaldırıb "Şükür sənə Allah" deməyi bacarmadıq. 

Bu ilin avqust ayında Astanaya rəfiqəmgilə qonaq getmişdik. Biz ölkəyə gələndən iki gün sonra Qazaxıstanda devalvasiya baş verdi. 186 təngəyə olan 1 dollar, qalxıb oldu 270 təngə. Mağazalarda alış veriş edirdik, şəhəri gəzdik. Burada yaşayan azərbaycanlıların, qazaxların evində qonaq olduq. Lakin heç yerdə ajiotaj görmədik. İnsanlar bu prosesə heç nə olmayıb kimi yanaşırdılar. Dükanların piştaxtaları iki gün əvvəl necə idisə, elə də qalmışdı. Lakin dövlət də nəzarətini götürmədi. Devalvasiyadan sonra təngə ilə verilən kreditlərin faiz dərəcəsinin artmasına prezident veto qoydu. Prezidentin fərmanı ilə banklardakı 10 000 dollara qədər ekvivalenti olan təngə depozitləri inflyasiyaya uyğun indeksasiya olundu. Bunun kasıb təbəqəyə xeyli köməyi dəydi. 

10 gün bundan əvvəl yenə Astanada idim. Bazara getdim. 1 kilo mal ətinin qiyməti 1200 təngə idi. Bizim pulla 4 manat edirdi. Və kimsə bu qiyməti qaldırmağa cürət etmir. 5 kiloluq hinduşkanı istehsalçı 6 000 təngəyə satır. Bizim pulla 20 manat edirdi. Dekabrın 21-də yenə Qazaxıstanda təngə iflasa uğradı. İndi 350-355- dir. Benzinin qiyməti son devalvasiyada qalxmadı. 125-130 təngə olaraq qalmışdı. Bu gündə həmin həddədir. Devalivasiya olan vaxtlarda ölkənin vilayət rəhbərləri, nazirliklər, hətta nazirlər bazarlara, iri marketlərə gedib, əhali ilə təmasda oldular. Möhtəkirliyin qarşısını aldılar. Və bu gün də dünyada gedən proseslərin içərisində Qazaxıstanda yaşayan aşağı təbəqə bilir ki, qanunlardan qorxan ticarətçilər, heç bir haqla 33 adda ərzaq məmulatının qiymətini qaldıra bilməz.

Bəs biz niyə beləyik?! Niyə doymuruq? Niyə qonşumuzu, kasıblarımızı düşünmürük? Niyə ölkə rəhbərinin qanuni çağırışlarına məhəl qoymuruq? Əgər ölkə başçısı prezident çıxıb deyirsə ki, möhtəkirlik etməyin, o zaman bu möhtəkirlik edənlərin qarşısını niyə almırsınız? Niyə sahibkarların, istehsalçı və istehlakçıların hüquqlarını tənzimləmirsiniz? Niyə gömrükdən mal keçirən sahibkarın cibini soyursunuz? Niyə bu dövlətə düşmən kəsilibsiniz? Niyə?! Özünüzə yazığınız gəlmirsə, balalarınıza heyfiniz gəlsin. Onlar Sizdən nümunə götürür. Sonra da kömək etmək instiktini itirirlər. Mərhəmətli olun, şükür etməyi bacarın. Bu da keçib gedəcək!






Fikirlər