İLAYDIN - Aydın Canıyevin yazısı

 İlaydın - Aydın Canıyevin yazısı

 

 

Hər yeni ilin və hər yanvarın əvvəlində qəribə, donuq bir əhval-ruhiyyə olur. Bu il bir tərəfdən ilk şaxtalı havalar da eyni vaxta düşdü və su da, yer də, yollar da dondu.
İndi küçələrdə maşınların və adamların azlığı lap adama ləzzət eləyir. Çoxları evində oturub yeni il axşamından qalma boyat aşını yeməyə üstünlük verir, dükan –bazar bağlı, səkilər boş, aqressiya az. İlin sonuna doğru yüksələn xətt üzrə inkişaf edən hadisələr də sanki səngiyib, hərdən-birdən hanısa xəbər boş yolda uzaqdan gələn maşın kimi uğuldayıb yanımızdan keçir, amma biz fikir vermirik, özümüzü informasiya blokadasına qəsdən atmışıq ki, bir az dincələk, nəfəs dərək. Adam az qalır “belə ola həmişə” mahnısını oxuya.
Təbii ki, belə olmayacaq, bayram aşları da bitəcək, dükan-bazar da açılacaq, donlar da əriyəcək, yollarda, səkilərdə adam və maşın əlindən tərpənmək də olmayacaq. Və informasiyalar yenə dalbadal beynimizi yaylım atəşınə tutacaq. Nə olacaq, necə olacaq, kim gələcək, kim gedəcək, ABŞ neynəyəcək, İran nə iş görəcək, Türkiyə nə yapacaq, bütün bunlar haqqında uzun – uzadı və gurultuyla danışmaq da, bir-birindən tükürpədən proqnozlar vermək də olar. Amma şəxsən mən bu qarlı-şaxtalı bayram günlərinin sükutunu pozmaq istəmirəm. O sükutu ki, heç bu ağacdan o ağaca qonan sərçələr belə pozmaq istəmir. İstəyirəm, bu nisbi sakitlik bir az da davam eləsin. Bizə çox lazımdı, “Bəlkə bir az yavaşlayaq?”
Bu əhvalla bu il hər şeyin yaxşı olacağına inanaq. İnanaq ki, yaxşı olsun. Hərdən insan dava-şavadan da bezir, bu həyatla yola getmək lazımdı.
İlimiz və günümüz aydın olsun.






Fikirlər