Afaq Bəşirqızı: “Çox təəssüflər olsun ki, indi bir çox sahələrdə soyunmaq daha əlverişlidir”
Xalq artisi Afaq Bəşirqızı müsahibə xahişimizə heç bir çək-çevir etmədən öz razılığını vermişdi və biz görüş vaxtını da təyin etmişdik. Lakin sonradan özü zəng edib “xəstəxanaya yerləşdirilməliyəm, siz bu gün gəlin” dedi. Dərhal çalışdığı Musiqili Komediya Teatrına yollandıq.
Teatrda Afaq xanımla dəhlizdə qarşılaşdıq. Bugünlərdə 60 yaşını qeyd edən aktrisa yaşına uyğun olmayan iti və şux addımlarla bizə yaxınlaşıb, səmimi görüşdü. Beləcə onun qrim otağına keçib müsahibəmizə başladıq.
Əvvəlcə səhhətində yaranmış problemin səbəbini soruşsaq da, aktrisa bu mövzuda danışmaq istəmədiyini bildirdi: “Mən xəstə kimi təqdim edilməyi xoşlamıram”.
- Kino sahəsində özünəməxsus yeri olan Afaq xanımı niyəsə son çəkilən filmlərdə görə bilmirik. Səbəb nədir?
- Çəkilirəm. Bu, Ramiz Fətəliyevin “Həddindən ziyadə çox təsadüflər” adlı bədii filmidir. Filmin rejissoru Ülviyyə Könüldür. Mənim çəkilişlərim isə ayın 20-dən başlayır. Mart ayında filmin təqdimatı olmalıdır. Rolum çox qeyri-adi və maraqlıdır.
Ola bilsin digərləri fikirləşir ki, filmlərin ssenarisi məni qane etməz və ya orda mənə aid obraz yoxdur və s.
- “Afaq gülür, güldürür” layihəsi də artıq efirlərdə görünümür.
- Layihə məndən aslı olmayan səbəblərdən dayandırıldı. “Space” TV-nin rəhbərliyi dəyişdi və yeni rəhbərliyin bu proqrama fikri, yönü başqa cür oldu deyə mən dayandırdım. Amma çox müvəffəqiyyətli idi və 8 serial çəkilmişdi. Yəqin ki, belə də olmalı idi. Hər şeydən bir az, amma dadlı və duzlu.
- Yol polisləri komediya ustalarının hədəfinə tez-tez tuş gəlir. Amma həmin layihədə yol polisiləri sizin obrazınızda fərqli hədəfdə idi. Daha təvazökar, səmimi, hətta sərnişinlərə öz xidməti avtomobilinin benzinindən pay verən məmur... Bu, sizin yol polislərində görmək istədiyiniz obraz idi, ya doğrudan sizin qarşınıza ancaq bu cür məmurlar çıxıb?
- Uzun müddət bu mövzu gedirdi: “Polislər pul alırlar”, “Polislər haqlı olanı saxlamırlar” və s. Mən onları saf çıxartmaq üçün o qədər qəribə bir polis canlandırdım ki, axırda mənə zəng edib dedilər ki, “day bu qədər yox da” (gülür). Hər hadisəni daşla vurmazlar. Ən acı sözü zarafatla deyirlər. Mən həmin metoddan istifadə etmişdim. O layihədə çox sərbəst surətdə istədiyim obrazları, yol polisi, deputatı, baş həkimi və s. canlandırırdım. Aktyora qadağa qoymaq ki, bu olmaz, sən yalnız xadiməni və taksi sürücüsünü canlandırmalısan. Bu, artıq sənətə daş vurmaq, sənətin belini sındırmaq deməkdir. Mənə elə gəlir ki, ən günahsız elə xadimələr və taksi sürücüləridir, onlar da heç kəs üçün maraqlı deyil. Çünki bu cəmiyyətdə onların heç bir günahı yoxdur. Nə dərəcədə düzgündür ki, günahı, sərgüzəştləri olanları canlandırmağa icazə verilməsin?
- Bugünlərdə efirlərdən “qara yumorlar”ı yığışdırdılar. Sizcə, doğrudanmı onlar tamaşaçı üçün əhəmiyyətli deyildi, yoxsa hansısa məmurların tənqid olunmasına görə bu addım atıldı?
- Buna qarşı mən öz kəskin etirazımı bildirirəm. İştirak etdiyim “Qayınanamız” serialı üçün də dedilər ki, guya ki, milli mentalitetə uyğun deyilmiş. Mən milli mentaliteti iki şeydə bilirəm; bir Qarabağım, bir də səlist Azərbaycan dilində danışmağım. Mən milli mentaliteti belə görürəm. Özü də kimə, Afaq Bəşirqızına irad tutulur. Sonradan əmr verildi, lakin mən getmədim. Əslində serial çox maraqlı sonluqla bitəcəkdi...
Əvvəllər seriala çəkilməmişdim. Bu seriala da razılıq verməyimin səbəbi Dilarənin xətrini çox istəməyim idi. Demirəm ki, serialda hər şey mükəmməl idi, əyər-əskikliklər də var idi. Və mən bir daha aktyor, istedad yoxluğunu hiss etdim.
- Fikrinizcə, səbəb nədir?
- Çox səbəb var. Amma əsas səbəblərdən biri İncəsənət Universitetində test imtahanının olmasıdır. Bu, istedadların qarşısını böyük sədlə aldı. Artıq beş ildir ki, dərs demirəm. Bundan əvvəl yeni gələn tələbələrlə tanış olandan sonra məlum olurdu ki, onlar başqa universiteti nəzərdə tutsalar da, bal azlığından bura düşüblər. İncəsənət Universiteti, səhnə haqqında heç bir fərziyyəsi olmayan bir adam necə mənim tələbəm ola bilər? Necə aktyor yetişdirə bilərəm ki, onun istedadı yoxdur?
- Məşhur “Bəxt üzüyü” filmindən sonra bir müddət Ramiz Əzizbəyli ilə aranızda narazılıq yarandı. Bu inciklik hələ də davam edir?
““Onların heç bir günahı yoxdur”
|
- Mən 43 ildir ki, sənətdəyəm və heç vaxt, heç kəslə qalmaqalım olmayıb, ola da bilməz. Bu, bir jurnalistin məkrliyi və Ramizin bir az diqqətsizliyi ucbatından yarandı. Həmişə demişəm və deyəcəm də, mən onun ətini yesəm də sümüyünü çölə atmaram.
- “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam” kimi televiziya tamaşalarını bu gün efirdə izləyəndə gözünüzün önündə hansı xatirələr canlanır?
- Yalnız Vaqif Səmədoğlunun silueti gözümün qabağında canlanır, heç dəxli olmayan səhnələrdə gözlərim yaşarır. Onun ölümü mənim üçün çox böyük itki, çox böyük zərbə oldu. Bunu dillə, cümlə ilə izah edə bilmirəm. Bəzən də özümü tənqid edirəm, “bu səhnəni gərək belə edərdim”, “burda həddimi aşıb çox qabarıq” vermişəm və s. kimi hisslər yaşayıram.
- Ən məşhur obrazınız Söylüdür. Bir qadın kimi Söylüdə nəyi bəyənirsiz, nəyi bəyənmirsiz?
- Bəyəndiyim Söylünün saflığıdır, namuslu olması, ərini Allah hesab etməsi, ailəsinə qarşı diqqətliyi, hiyləgərlik bilməməsidir. Yeri gələndə o, Saraya görə hayqırır, onun kasıblığı lağa qoyulanda Sevda ilə dava edir. Amma çox pintidir. Özüm isə çox vasvasıyam. Bu obrazı oynayanda hər tamaşadan sonra səpirdim.
- Sizcə, indi də Söylülər varmı?
- Əlbəttə var ( iki dəfə vurğulayır). Özü də çox. İndi Söylünün yaşından qat-qat cavanlar var...Cəmiyyət özü pintiləşib.
- Bir neçə ay bundan əvvəl oğlunuz Səmral Təhməzovun tanınmış məmurun yerinə vəzifəyə təyin olunduğu barədə məlumatlar yayıldı. (Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun yerinə, “Avtomobil nəqliyyatı ilə beynəlxalq və şəhərlərarası sərnişin daşımalarını həyata keçirən ”M Trans" MMC-yə rəhbər təyin olunduğu bildirilirdi-red.)
- Oğlumun hərbi rütbəsi də var, özü öz gücünə ali savad alıb, magistraturanı bitirib, çox böyük iş təcrübəsi olan, öz sahəsində sayılıb-seçilən adamdır. Burda nə qeyri-adi bir şey var idi ki, jurnalistlər təşvişə düşmüşdü? Oğlum neçə illərdir ki, o vəzifədədir. Sadəcə, kiminsə yerinə təyin olunduğu səhv məlumatdır.
- Tamaşaçılara gülüş bəxş edən Afaq xanımı kim güldürə bilir?
- Oğlum Səmral (gülür).
- 21 dekabr devalvasiyasından sonra ölkə ictimaiyyətinin əhval-ruhiyyəsində bir dəyişiklik oldu. Bu gün də hər kəsin üzündə bir gərginlik, qorxu yaşanır. Sizə necə, bu əhval-ruhiyyə sirayət edibmi?
- Əlbəttə, mən də bu xalqın nümayəndəsiyəm. Ölkənin müəyyən atributları, strukturları var ki, onlar bu məsələnin həlli üçün müəyyən işlər görməlidir.
- Xalq artisti Bəşir Səfəroğlunun qızı olmaq sizə nələri verdi, nədə köməklik etdi?
- Xalq artisti Bəşir Səfəroğlu adi bir şəxsiyyət deyildi. Adına gəmilər, küçələr, teatr olan sənətkardır. Bu da hər sənətkara qismət olmur. Bəzən ağzı göyçəklər deyir ki, qızı var, ona görə. Xeyr, o özü şəxsiyyətdir, Azərbaycan teatr səhifəsinə qızıl hərflərə düşən aktyordur.
Onun qızı olmaq doğrudan da mənim üçün həm böyük məsuliyyət, həm də çətindir.
- Hansı qəzet və kitabları mütaliə edirsiz?
- "Yeni Müsavat"ı oxuyuram, arxayın olun. Yazıçılardan isə Seymur Baycanın, Çingiz Abdullayevin, Mopassanın kitablarını çox sevirəm.
- Ötən il tanınmış rejissor Ayaz Salayev aktrisalara “Soyunun, yoxsa xaricdən aktrisalar gətiriləcək, ya səhnəyə çıxıb açıq-saçıq səhnələri oynayın, ya da ki, bu sənətə gəlməyin” çağırışı etdi. Uzun illər pedaqoq işləyən Afaq xanım öz tələbələrinə belə bir çağırış edib?
- Çox təəssüflər olsun ki, indi bir çox sahələrdə soyunmaq daha əlverişlidir. Amma sənətdə aktrisa soyunmağı bacarmaldır. O soyunanda da paltarlı kimi görünməlidir. Mən “Təhminə və Zaur” filmində Fəxrəddinin intim səhnəsinə hardasa baxıram, qəbul edirəm. Çünki mən Təhminəni Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsində” əsərindən tanıyıram. Filmdə gözəl aktyor oyunu var idi, illah da Fəxrəddin tərəfindən... Biri var sən soyunasan, biri də var sənət səni soyundursun.
Ayaz Salayev ağıllı insan, çox gözəl rejissor, kino sahəsini çox yaxşı bilən mütəxəssis, kino akademikidir. O, elə-belə söz deməz.
- Bu məqamda bir siyasətçinin dediyi sözü xatırlayıram, “İndi Təhminələr çoxalıb...”
- Bəli, həyatda öz xoşbəxtliyini tapmayan, cüzi bir səhvi həyatının qlobalına çevrilən, cəmiyyətdə heç kəsin xoşuna gəlmək gücünə malik olmayan, “olmaz onunla evlənmək”, “olmaz onunla danışmaq”, “o mənim gəlinim ola bilməz” kimi qınaqlara tuş gələn qadınlarmız çoxalıb.
- Onda belə bir sual da verim - sizcə, kimdir günahkar, Təhminələrin özümü, yoxsa cəmiyyətmi?
- İmam Əli əleyhissalam deyib ki, “biz ata-anamızdan oluruq, amma bizi cəmiyyət böyüdür”. Zəmanənin vəziyyətini bizlər yaradırıqsa, deməli, zəmanəni biz fırladırıq, zəmanə bizi yox. Qəbahətlərlə dolu zamanədə yaşayırıqsa və bunu biz törədiriksə, deməli, özümüz günahkarıq.
-Adətən incəsənət adamları siyasətdən uzaq qaçır, lakin siyasətə qoşulanlar da var. Sizin nə vaxtsa bu cür fikriniz olub?
- İlk dəfədir ki, bunu sizin qəzetə açıqlayacam. Etibar Məmmədov, Nazim İmanov mənim sinif yoldaşlarımdır, biz yaxın dost olmuşuq. Lakin səhnəyə çıxanda mənim üçün partiya olmur. Tamaşaçılarım arasında bütün partiya üzvlərindən var.
Bir dəfə belə bir hadisə oldu, günlərin bir günü, axşamüstü Nazim mənə zəng vurdu. Dedi ki, Afaq, səndən bir xahişim var. İstəyirəm ki, sən Milli İstiqlal Partiyasının üzvü olasan. Dedim ki, ay Nazim, mən hara, partiya hara. Bildirdi ki, partiyada parçalanma gedir, istəyirəm ki, Etibar tək qalmasın. O vaxt o partiyanı tərk edənlərin çoxu indi iqtidarın ətrafındadır. Mən də bu sözə görə partiyaya üzv olmaq üçün ərizə yazdım, orda bildirdim ki, partiyanın rəhbəri mənim dostum, can-ciyərim olduğu üçün azərbaycançılıq uğrunda onun gücünə güvəndiyim görə bu partiyanın üzvü oluram. Bu 90-cı illərdə olub. Məni düzgün başa düşün, əgər bu mənim dostuma, hörmət etdiyim adama lazımdırsa mən qurban gedirəm. Amma o dostum sonra deyə bilməz ki, gəl mitinqlərə, bayraq götürüb qışqır. Onlar Azərbaycanın ziyalı övladlarıdır.
- İndi də həmin partiyanın üzvüsünüzmü?
- Xeyr, sonralar çıxdım. Bir çox siyasətçilərə hörmətim var. Amma dövlətçiliyimizin təhlükəsizliyi üçün bütün qınaqları, şəxsi ambisiyaları kənara qoyub kompromisə getməliyik. Çünki hamımız azərbaycanlıyıq. Əgər yavan aşımızın arıq toyuğu ola bilmiriksə, gedib düşmənin yağlı qazmağı olmayaq.
- Bugünlərdə xalq şairi Zəlimxan Yaqub dünyasını dəyişdi. Bəzi müxalif düşüncəli şəxslər isə şairi tənqid atəşinə tutdular, onu “saray şairi” adlandırdılar. Bu məsələyə münasibətiniz?
- Desəm ki, Zəlimxan Yaqubun yaradıcılığı ilə yaxından tanışam, yanlışlıq olar. Lakin o, həmişə deyirdi ki, mənə həyatda qiymət verən, şair kimi dəyərləndirən, qayğımı çəkən Heydər Əliyev, İlham Əliyevdir. Ən azından Zəlimxan bizim xalq şairimizdir. Onun ölümünün ardınca “saray şairi”, “saray təlxəyi” adlandıranların özü elə saray təlxəkləri, naqislərdir.
- Ötən il Afaq xanım üçün necə yadda qaldı?
- 2015-ci il mənim ilim oldu. Bəşir Səfəroğlunun 90, mənim isə 60 illik yubileyim keçirildi, prezident məni məktubu ilə təbrik edib ödül verdi, gəlinim “ilin müəlliməsi” oldu, oğlumun vəzifəsi dəyişdi...