OGLUNDAN İMTİNA EDƏN ƏMƏKDAR artistə müraciət: "SİZƏ EHTİYACI VAR, SARILIN ONA"

 

Oğlundan imtina edən əməkdar artistə müraciət:

 

 

Əməkdar artist Rəhman Rəhmanov polis tərəfindən saxlanılan oğlu, müğənni Emil Rəhmanovdan imtina etdiyini açıqlayıb.
Aktyor “O adam məni maraqlandırmır. 1 aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!” deyib.
Qaynar.info-nun məlumatına görə, Emillə eyni məhəllədə - Bakının məşhur "Kubinka" məhəlləsində böyüyən yazar Sevinc Çılğın əməkdar artist R.Rəhmanova müraciət ünvanlayıb. Mövzunun aktuallığını nəzərə alıb müraciəti dərc edirik:
"Emil xəstədir deyə ondan imtina etməyin. Emil mənsub olduğumuz cəmiyyətin ən bədbəxt məhəlləsində doğulub. Emil o məhəllədə yaşayan tay-tuşlarıyla böyüyüb. Emil o bədbəxt ailələrdən çıxmış bədbəxt gəncliyin təcəssümüdür. Bu yolu Emil seçməyib. Bu tale onun boyuna-cisminə biçilib. Bu, təkcə Emilin günahı deyil. Ondan imtina etməkdənsə, onu olduğu kimi qəbul edin.
Mən sizə məsləhət vermirəm. Mən də sizinlə bu ağrını yaşayanlardan biriyəm. Mən də o məhəllədə böyümüşəm. Emillə uşaqlıqdan tanışıq. Emil əla oğlandır. Gül kimi ürəyi var. Özündən də böyük səsi var. Emil həyatı da, dünyanı da çoxlarından gözəl hiss edir. Emilin bəlkə ağlı yetərincə deyil. Emil bəlkə asılılıqlarından qurtula bilməyib. Emil bəlkə pis vərdişlərinə sinə gərəcək qədər iradəli deyil. Amma Emil sevimli adamdır. Nolsun ki, bədbəxtdir...
“O adam məni maraqlandırmır. Bir aydır mən o adamla nə danışıram, nə də görüşürəm. Kim nə edir, özünə edir. Mənə heç nə etmir. Mənim o adda oğlum yoxdur!” demisiz. İndi Emili daha çox görməyəcəksiz. İndi Emilin canı türmədə xərclənəcək. Bir qarın tox, bir qarın ac yaşayacaq. Ömrünün ən gözəl illərini – gəncliyini qazamatda keçirəcək. Azadlığının xəyalını quracaq. “Çıxsam, bir də əlimi o zəhrimara vurmaram!” deyib özünü inandıracaq. Amma əminəm, Emil azadlığa çıxan gün məhəllədə yenə o ağ ölümünü axtarıb tapacaq, uzun aylardan, bəlkə də illərdən sonra canı bir anlıq da olsa, yenə öz ekstazını yaşayacaq. Yəni Emil dəyişməyəcək. Emil bu yoldan dönməyəcək.
Mən bunları yaxşı bilirəm, Rəhman əmi. Mən bu həqiqətlərin gözünün içinə dik baxa-baxa böyümüşəm. Mən bu həqiqətlərlə yaşamışam. Amma nolursa-olsun, sevdiklərimdən vaz keçməmişəm. Bilirəm, bir anlıq əsəb, qəzəb sizi belə deməyə vadar edir. Heç bir ata öz balasından imtina etməz. Siz Emili indi heç vaxt sevmədiyiniz kimi sevirsiz. İndi sizin canınız heç vaxt olmayan kimi yanır. İçiniz göynəyir. Emil sizin bir parçanızdır, indi canınızın Emil adlı bir parçası can çəkişir. Amma nolar, ona sahib çıxın. Bəlkə Emilin də bugün, məhz bugün hər zamankindən daha çox sizə ehtiyacı var. Sarılın ona. Bizdən də salam deyin".
Qeyd edək ki, bir neçə il əvvəl həbsdən çıxan Emil, bir neçə gün əvvəl polis tərəfindən təkrar saxlanılıb. Emil "Azəristar"ın iştirakçılarından biri olub.

 






Fikirlər