RƏMİŞİN xanımı: “QIZILLARI ÖZÜ OGURLAYIB”
Tanınmış gitara ifaçısı Rəmişin qızılları oğurlanıb. Qızılları oğurlayan isə onun 9 illik dostu olub. Lent.az saytının yaydığı məlumata görə, ifaçı bu barədə telekanallardan birinə açıqlamasında bildirib: “İrana gedəndə qızıllarımızı rayonda yaşayan 9 illik yaxın dostuma verdik. Elə oldu ki, İrana gedəsi olmadım. Qızıllar həmin insanda qaldı. Sonra onu bizə qaytarmadı, dedi oğurlayıblar. İndi polis bölməsinə şikayət ərizəsi vermişik”. Musavat.com-a açıqlama verən gitara ifaçısının həyat yoldaşı Gülü xanım da oğurluqda yalnız Rəmişin dostundan şübhələndiyini deyib. Onun sözlərinə görə, hadisə Lənkəran rayonunda baş verib: “Ona görə də Lənkəran Rayon Polis Şöbəsinə müraciət etmişik. Hələ ki, yeni bir məlumat yoxdur. Biz qızılları Rəmişin dostuna vermişdik. Qızıllar onun evində itibsə, deməli, özü oğurlayıb”. Gülü xanım oğurlanan qızılların dəyəri barədə məlumat vermək istəməyib: “Bu barədə istəmirik ki, mətbuata bildirək. Çünki bu, bizim şəxsi işimizdir. Rəmiş lazımi məlumatı öz açıqlamasında bildirib”.