“YAP Elzanı cəzalandıracaq, o bizi dəhşətə gətirib”
E.Seyidcahan bu olayın kim tərəfindən hazırlandığını da gizlətməyib. O, qeyd edib ki, ona qarşı fiziki və psixoloji təsir göstərənlər adıçəkilən dairənin hazırki deputatı, namizəd Tahir Süleymanov və Yeni Azərbaycan Partiyasının Siyəzən Rayon şöbəsinin sədri Etibar Heydərovun adamlarıdır.
54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a açıqlamasında bildirib ki, E.Seyidcahan baş vermiş hadisə ilə bağlı sözü gedən quruma hər hansı ərizə ilə müraciət etməyib: “Rəsmi qaydada heç bir şikayət olunmayıb”.
Yeni Azərbaycan Partiyasının rayon şöbəsinin sədri Etibar Heydərovun sözlərinə görə, E.Seyidcah seçki qanunvericiliyini kobud surətdə pozub: “O, hər yerdə deyir ki, mən Prezidentin namizədiyəm, buna isə biz dillənmirik. Belə şey olmaz. Yeni Azərbaycan Partiyasının bir namizədi var, o da Tahir Süleymanovdur. Mən də onun rəsmi şəkildə səlahiyyətli nümayəndəsiyəm. Tahir müəllim bir kəlmə də olsun bu barədə heç nə demir. Mənim vəzifəm Tahir Süleymanovun təbliğatını aparmaqdır. Elza Seyidcahan partiyanın namizədi deyil. Mən səviyyəsiz adamam bəyəm, ağzıma gələni deyəm? O mətbuata çox şey deyə bilər, amma bunun heç bir əsası yoxdur”.
E.Heydərov hesab edir ki, Yeni Azərbaycan Partiyası E.Seyidcahan haqqında mütləq ölçü götürəcək: “Bizi dəhşətə gətirən bilirsiniz nədir? Biz həmişə müxalifətlə mübarizə aparmışıq. İndi isə Yeni Azərbaycan Partiyasının üzvü bizimlə mübarizə aparır. Bu qəbul olunmaz hərəkətdi. Mən inanıram ki, partiya onun haqqında tədbir görəcək, onu cəzalandıracaq. Elza Seyidcahan bir başa partiyanın qərarına qarşı çıxır. Mənim onunla nə işim var, qadındı”.
Xatırladaq ki, E.Seyidcahan Yeni Azərbaycan Partiyasının üzvüdür. O, namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.