“Ona 10 min imzanı kim verər?” – eyni dairədən namizəd olan deputatdan Elzaya CAVAB
Milli Məclisə seçkilərdə iştirak etmək üçün 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınan hazırkı millət vəkili Tahir Süleymanov eyni dairədən namizədliyini irəli sürən müğənni Elza Seyidcahanın 10 min imza toplamasına münasibət bildirib. Deputat T.Süleymanov Publika.az-a açıqlamasında deyib ki, Elza Seyidcahan şou yaradır: “O çox söz deyə bilər. Ağıllı başla düşünməlidir ki, belə şou yaratmaq olmaz. Mənə dedilər ki, o, 10 min imza toplayıb. Mən kifayət qədər dünya görmüş adamam. Bu adama 10 min imzanı kim verər? İndi deyir də. Hər kəsin öz düşüncə tərzi var. Namizədliyini irəli sürmək onun vətəndaş hüququdur. Mən buna nə deyə bilərəm?” Xatırladaq ki, 54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürən əməkdar artist Elza Seyidcahan imza vərəqələrini Dairə Seçki Komissiyasına təhvil verib.
O, imzatoplama kampaniyasını çox asanlıqla və qısa müddətdə başa vurduğunu deyib. Elza Seyidcahan millət vəkili seçiləcəyinə əmindir: “Mən iki gün ərzində 10 050 imza toplamışam. Hesab edirsiniz ki, imza toplamaya bilərəm? Heç bilirsiniz ki, mənim nə qədər seçicilərim var? Mənim üçün millət vəkili seçilmək problem deyil”.