BAĞIROV Stalinin yanında erməniləri NECƏ SUSDURDU?

 

Azərbaycan tarixinin ən ziddiyyətli şəxslərindən biri də Mir Cəfər Bağırovdur.

Onun ünvanına “yaxşı, ləyaqətli insan” sözləri də səsləndirilib, əksi də deyilib. Hətta məhkəməsində özü “məni güllələmək azdır, məni dörd hissəyə bölmək lazımdır” deyən Bağırovun bir neçə cəhəti isə müzakirə oluna bilməzdi. Onlardan biri qətiyyətlilik, o biri isə çox ciddi şəkildə namus təəssübkeşliyi idi.

 

Moderator.az saytının təqdim etdiyi xatirələrdə bu detal öz təsdiqini tapır. Yazıda folklorşünas Sədnik Paşa Pirsultanlının “Mir Cəfər Bağırov yaddaşlarda” kitabından istifadə edilib:

Mir Cəfər Bağırov Gəncədəki Elmi-Tədqiqat Pambıqçıq İnstitutuna gedirmiş. Dəmir yolunun altında Bağırovun maşınının arxa təkəri çalaya düşür. Bir həmlədə şəhər rəhbərliyini buraya toplayan Bağırov sürücüyə tapşırır  ki, maşını söndürsün: “Maşını söndür, qoy bu cənablar zəhmət çəkib maşını əllə o çaladan çıxarsınlar”.

Şəhər rəhbərliyi min bir çətinlik hesabına zəncirlə maşını dartıb çaladan çıxarırlar. Maşın çaladan çıxarılandan sonra Bağırov Gəncənin katibinə deyir:

- Yoldaş katib, səncə, bu çala yarım saata düzələ bilər, ya yox?

Çaşmış katib “bəli, əlbəttə düzələr” cavabını verir.

Cəmi yarım saatdan sonra Bağırov həmin yerdən keçəndə çalanın düzəldiyini görür.

 

 ***

Samux rayonunda bir qadın belində uşaq, əlində ağır zənbil qızmar yay günündə qan-tər içində Gəncəyə tərəf gedir. Bağırov da Bakıdan Gəncəyə gedirmiş. Həmin qadınla rastlaşır. Soruşur:

- Bacı, yayın istisində belə ağır vəziyyətdə hara gedirsən?

- Mənim dərdimə ki, əlac edən deyilsən, yolunla get.

Bağırov təkid edir:

- Sən dərdini söylə, bəlkə əlacı tapıla.

Qadın bildirir ki, dəfələrlə Mir Cəfər Bağırova ərizə yazmışam. Məktubu rayonda götürürlər, Mir Cəfər Bağırova çatmağa qoymurlar. Ərimi həbs ediblər. Gəncə qalasında yatır. Ona çörək aparıram. Özüm Samuxdanam.

Bağırov deyir:

- Geri qayıt, evinə get. Ərini evində gözlə, gələr.

Qadın nə isə duyur. Kişinin dedikləri ilə razılaşıb evinə dönür:

Qadının əri axşam həbsxanadan azad olunub evinə gəlir.

 

***

Mir Cəfər Bağırov müharibə vaxtı bir gün Bakı bazarında gəzirmiş. Bu zaman gədəbəyli kişinin kartofu baha qiymətə satdığını görür, yaxınlaşaraq deyir:

 

- Qardaş, müharibədir, şəhər adamlarının da çətinliyi çoxdu. Kartofu bir az ucuz satsan nə olar ki?!

 

Kişi cavabında deyir:

 

- Bu mənim birillik zəhmətimin məhsuludur. Allah Mir Cəfər Bağırova insaf versin, yollara o qədər post qoydurub ki, Bakıya çatana qədər kartofun yarı pulunu müfəttişlər əlimizdən alır... 

 

Səhəri gün Bakı-Gəncə yolunda yalnız bir post qalır.

 

   ***

Bir gün Stalin Mir Cəfər Bağırovu Kremlə çağırır və deyir:

 

- Ermənistan Ali Soveti sessiya çağırıb. Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatılmasını SSRİ Ali Sovetindən xahiş edir. Sizin fikriniz nədir?

 

Mir Cəfər deyir:

 

- Yoldaş Stalin, mən öz sözümü kürsüdə deyəcəyəm.

 

Kremlin iclas zalında sessiya başlanır. Ermənistan tərəfi məkrli çıxışılar edir. Söz Bağırova verilir:

 

- Mən Ermənistan tərəfinin çıxışını bəyənirəm. Qarabağın ermənilərə verilməsinin tərəfdarıyam. Lakin Azərbaycanın qədim torpaqları olan Göyçə, Zəngəzur, Dərələyəz, Borçalı mahalları və Dərbənd Azərbaycan ərazisinə qatılmalıdır. 

 

Bağırovun son sözündən sonra Stalin qırmızı karandaşla ermənilərin qərarının üstündən “Nelzya” sözünü yazır...


                              
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 
                     

 

 

 






Fikirlər