Ölüm ayağındakı Habil Əliyev küsülü oğlundan nə istəyib? “Qapını vurub getdim” - MÜSAHİBƏ/VİDEO
Xalq artisti, ustad sənətkar Habil Əliyevin oğlu, müğənni-bəstəkar Rəvan Habiloğlu yenidən sənətə qayıdıb. Sənətçi “Aç qapını” adlı klipi ilə şou-biznesin gündəmini bir-birinə vurub. Publika.az-a müsahibə verən R.Habiloğlu yaradıcılığı ilə yanaşı atası ilə də bağlı aralarında yaranan inciklikdən də danışıb. “Xalq tumançaqları görməkdən bezib, bir az da kişi görsünlər” - Artıq klipiniz yayımlanır, yenidən sizi sənət aləmində görmək çox xoşdur. Həmkarınız Nisə Qasımovanın təbirincə desək, deməli, “mən yenə qayıtdım”… - Mən getməmişdim ki, qayıdam da. Evdə işləyrdim. Yaradıcılığım davam edirdi. Müraciətlər olurdu ki, niyə oxumursan, niyə bir klip çəkdirmirsən? Mən də xalqın arzusunu nəzərə alıb, bir klip çəkdirdim. Görüm, necə qarşılanacaq. Yaxşı qarşılansa, davamı da olacaq. Xalq tumançaqları görməkdən bezib, bir az da kişi görsünlər. Amma məni hər verilişdə görə bilməyəcəksiniz. Əyləncəli proqramlar mənlik deyil. Heyf ki, atanız, ustad sənətkar Habil Əliyev dünyasını dəyişəndən sonra bu klip ortaya çıxdı, o bunu görmədi... - Rəhmətlik ölümündən qabaq məni yanına çağırdı, dedi ki, Rəvan, bir klip çək, camaat səni istəyir. Onu da söylədi ki, oğlum, çox adam mənə deyir ki, Rəvanı sən qoymursan oxumağa. Buna görə çox pis olmuşdu. Həmin vaxt mən atamın arzusunu gerçəkləşdirmək istədim, amma rəhmətə getdi, bunu görmək ona qismət olmadı. “Əsəbiləşdim və qapını vurub getdim” - Doğrudurmu ki, siz uzun müddət atanızla küsülü qalmısınız? - Uzun müddət yox, bir ay küsülü qalmışıq. Biz bir-birimizi bir gün görməyəndə dəli olurduq. Amma həmin vaxt bir hadisə baş verdi, əsəbiləşdim və qapını vurub getdim. Təbii ki, oğulun atadan inciməyə haqqı yoxdur, mən özüm onun ayağına gəlib, öpüb-qucaqladım və barışdıq. - Bəlkə səbəbini də açıqlayasınız, sevənləriniz üçün maraqlı olardı? - Ata-bala arasında olur belə şeylər. - Səmimi olduğunuzu bilirəm və səbəbi söyləyin ki, insanların ürəyində xal qalmasın… - Yəqin yadında olar, o vaxt atam efirdə çox kəskin çıxışlar edirdi. Bəzi müğənnilər barədə tənqidi fikirlər səsləndirirdi. Buna görə ondan incidim. Dedim ki, ata, nahaq belə çıxışlar edirsən, axı, mən də o sənət aləminin içindəyəm, axı sənət yoldaşıyıq, üz-üzə gəlirik. Niyə mənə nifrət qazandırırsan, niyə yerimi dar eləyirsən? Buna görə. - Bəs atanız nə cavab verdi sizə? - Dedi ki, mən Habiləm, söz demək haqqım var, susa bilmərəm və heç vaxt da susmayacam. Heç kim məni dayandıra bilməz, hətta sən mənim əziz oğlum olsan da belə. İncidim, qapını vurub evdən getdim. - Bəs Habil Əliyevin tənqid etdiyi o sənətçilər kimlər idi? - Faiq Ağayev. - Röya da vardı? - Yox, atam Röyanı çox istəyirdi. Röya görmədiniz atamın dəfn mərasimində necə göz yaşı tökürdü? - Bəs Faiq Ağayevlə atanızın sərt tənqidindən sonra sizdən incidi? - Yox, onunla gözəl münasibətimiz var, telefonla da danışırıq. - Şou-biznesdə dostluq etdiyiniz həmkarlarınız varmı? - Brilliant Dadaşova, Eyyub Yaqubov, Ruhəngiz Allahverdiyeva, Mətanət İsgəndərli, Röya ilə gözəl münasibətlərimiz var. Ümumiyyətlə, mənim bütün müğənnilərlə münasibətim normaldır. Səviyyəsindən asılı olmayaraq. “Qapı-qapı düşüb kiməsə yalvarası deyiləm ki…” - Klipiniz yayımlanandan sonra reaksiya necə oldu, təbrik edənlər oldumu? - Brilliant xanım zəng elədi. O birilər də yəqin eşitməyib, hər halda qapı-qapı düşüb kiməsə yalvarası deyiləm ki, məni təbrik eləsinlər. - “Aç qapını” - klipiniz belə adlanır. Sonluq da faciə ilə nəticələnir. Niyə belə bədbin notlar? - Həyatın sonluğu özü faciədir. Bir gün bu dünyadan köçürsən. - Amma klipdə ayrılıqla bitən sevgidən söhbət gedir. Bir eşq acısından bəhs edilir. Ölümün sevgi ilə nə əlaqəsi? - Mən fəlsəfə yanaşmışam. İki sevən kəsin ayrılığını bu həyatdan ayrılıq anlamında təqdim eləmişəm. - Bəziləri düşünür ki, klip həyatınızı əks etdirir? - Qətiyyən. Bu klipin həyatımla heç bir əlaqəsi yoxdur. Şükür Allaha, sevdiyim qadınla bərabər yaşayıram və çox xoşbəxtəm. Sevgi həmişə olub, sadəcə olaraq, müəyyən adamlar sevgiyə əyləncə kimi yanaşıblar. Mən klipdə bunu göstərməyə çalışmışam. “Mən arvad-uşağını ortalığa qoyan kişilərdən deyiləm” - İndiki həyat yoldaşınızın keçmiş sevgiliniz olması barədə söz-söhbət gəzdi… - Yox, biz əvvəldən bir-birimizi tanıyırdıq, dost idik. Bu dostluq sonradan sevgiyə çevrildi və yaşlı vaxtımızda evləndik. İstəmirəm ailəm barədə danışım. Mən arvad-uşağını ortalığa qoyan kişilərdən deyiləm. Sevmişəm, seçmişəm və evimə gəlin gətirmişəm. - Çoxları kənardan baxanda bəlkə də sizə bəxtəvərlik verir ki, Habil Əliyevin gözünün ağı-qarası bircə oğlu yağ-bal içində yaşayır… - Milyarderdən nə vaxt soruşursan ki, necədir vəziyyət? Deyir ki, pisdir. Atam mənə miras qoyub getməyib. İndi onun aldığı evdə oturmuşam, altımda maşınım, azdan-çoxdan dolanışığım. Ac qalmıram. Ümumiyyətlə, evimizdə miras olmayıb ki, indi də kiməsə çatsın. Məndən başqa üç bacım var, atam qazancını bizim yolumuzda xərcləyib. Atam kamança ifaçısı idi, milyonçu deyildi ki, miras da qoyub getsin. - Toylara gedirsiniz? - Mən toy müğənnisi deyiləm. Amma hansısa mötəbər insan məni xeyir işinə dəvət eləsə, yəqin, ki, sözünü yerə salmaram.