Telli Borçalıdan şok etiraf: “Məmur dostum zəng elədi ki...” - FOTOLAR+VİDEO
AlDı görək nə dedi? Xanım sənətçi şəxsi həyatı ilə bağlı “şok, şok, şok” deyib ilk dəfə olaraq Publika.az üçün bir açıqlama da verdi. Deyən, ərə gedir…
- Maşallah çox enerjilisən, bu enerjini hardan alırsan belə?
- Allahıma minnətdaram ki, mənə bu qədər enerji verib. İnan ki, iki dəqiqə qaşqabaqlı dayana bilmirəm. Hamı deyir ki, ay qız, nə olub sənə? Heç qaşqabaqlı dayanmaq mənə yaraşmır da.
- Aşıq Zülfiyyənin oğlunun toyunda fikir verdim üstündə, az qala, dava edirdilər. Hər kəs səninlə rəqs eləmək istəyirdi… Xüsusən də əks cinsin nümayəndələri. Bəs narahat olmursan ki, onların həyat yoldaşları səni qısqanar?
- Arvadlar məni kişilərdən betər çox istəyirlər. Orada bir xanım yerlim vardı, mənə yalvardı ki, Telli xanım, sən Allah, gəl bir qoşa şəkil çəkdirək. Özü də qayıtdı ki, yoldaşım kənddən zəng eləyib ki, Telli orda olsa, onunla şəkil çəkdir gətir. O istəyi pula almaq mümkün deyil. Kimə deyə bilərsən ki, pul verim, məni sev. Bu, mümkün olan şey deyil. Belə misal var e, yasda ağlaya bilməyənin toyda gülüb oynamağa haqqı yoxdur. Əslində, mən nə qədər gülüb-danışanamsa, bir o qədər də kövrək insanam. Uşaq evlərinə gedirəm, anasız balaları görəndə ürəyim parça-parça olur. İnanın ki, buna görə üstümə təcili yardım maşını da çağırıblar. Dünyada özüm qədər ağlayan, kövrək olan ikinci bir insan tanımıram. Hərdən məni danlayırlar ki, ay Telli, o adam sənin qohumun-qardaşın deyil, niyə özünü bu qədər öldürürsən, üstünə təcili yardım maşını gəlir, təzyiqin düşür, pis günə qalırsan. Elə özüm də özümü danlayıram ki, daha bəsdir, bir az başqa cür olacağam. Yenə də görürəm ki, xeyri yoxdur, dəyişmirəm.
- Ay Telli, elə efirlərdə deyirsən ki, sevdiyin var, kimdi e o bəxtəvər, denən, biz də tanıyaq...
- Vallah, hələ yoxdu sevdiyim. Olsa, bütün jurnalistləri yığıb xəbəri birinci sizə deyəcəyəm.
- Bəs bu efirdə hər çəkilişdə sənə belə bahalı hədiyyə göndərənlər kimlərdir?
- And olsun Allaha, hələ bir nəfər deyə bilməz ki, Telliyə təmənnalı hədiyyə göndərmişik. Adam var ki, mənə eyni hədiyyəni iki dəfə göndərib…
- Nəyi?
- Bahalı brilliantlarla bəzədilən medalyonu. Məni çox istədiyinə görə. Həmin adamın məqsədi mənə sevgi izhar eləmək olmayıb ha! Sadəcə, pərəstişkarımdır.
- Bir dəfə bahalı qızıl saat da bağışlamışdılar. O hədiyyəni də həmin kişi bağışlamışdı?
- Yox, o, rayondan olan pərəstişkarım idi. Deyir ki, Telli sənin bu baxımlılığın, gözəlliyin, oxumağın mənə ləzzət edir. Ümumiyyətlə, var elə dostlarım ki, bir də görürsən, mənə zəng edir. Deyir ki, evdə əhval-ruhiyyəm pis olanda sənə zəng edib danışıram, eynim açılır. Birini qoyub o birini danışım. Bir məmur dostum var, bir dəfə mənə zəng edib dedi ki, hirsli vaxtımda işçiləri sıraya düzüb danlamaq istəyirdim. Bəs bərk əsəbiyəm, qəfildən televizorda səni gördüm, aparıcı dedi ki, sazlı-sözlü Telli xanım qonağımızdır. “Elə sənin ajığına” sözünü eşidən kimi hirsim soyudu. Dedim, durun rədd olun buradan, sizlə sabah danışacağam.
- Bəs sənin bu sazlı-sözlü ürəyini ovlayan o oğlan necə olmalıdır e, bir nəmini-nişanını söyləsənə?
- Məni başa düşməlidir, birinci növbədə. Sənətimə hörmət qoymalıdır. Durum deyim ki, mənə eşq-məhəbbət elan edən yoxdur, yalan olar, çoxdur. Oğlan kəsib qabağımı ki, pulum da var, varım da, mən qazanacağam, sən də yeyəcəksən, amma oturacaqsan evdə. Mən də ona deyirəm ki, bəs məni sevən, məni Telli Borçalı eləyən xalq necə olsun? Ərdir də, durum lap bu gün də ərə gedərəm. Amma bəs sazım necə olsun?
- Ay Telli, birdən bu zalımın balası ürəyini ovladı. Sazını da o eşq-məhəbbətə qurban eləyərsən?
- Ola bilər. Şok, şok, şok, ola bilsin ki, Telli kiməsə elə aşiq olar, sazını da unudar. Məndə orta hədd yoxdur, ya dəlicəsinə sevərəm, ya da heç sevmərəm. Bəlkə, çox sevsəm, dəlicəsinə vurulsam, hər şeyə razı olaram. Bir insanı çox sevsəm də, Allah göstərməsin, nifrət etsəm də, Allah göstərməsin. Lap adi insan olsun e, sevgidən söhbət getmir. Bir də görürsən, kimsə səninlə ağız-ağıza öpüşdü, efirə çıxıb başqa söz dedi. Bəs yalandan niyə üzümə gülürsən? Elə üzümə denən ki, səndən xoşum gəlmir də.
- Sənət adamları içərisində heç sənə eşq elan edən olub?
- Yox, vallah. O vaxt Namiq Qaraçuxurlunu dedilər. Amma heç vaxt onunla mənim aramda sevgi ola bilməz. Özünün də o vaxt eşidirdim ki, sevdiyi xanım var. Namiq özü də deməmişdi ki, Telli, səni sevirəm. Sadəcə, demişdi ki, Telli gözəl xanımdır, amma sevgi söhbəti olmamışdı. Namiqə böyük hörmətim var. Sevdiyi xanımı da var, Allah onu da, o xanımla xoşbəxt eləsin.
- Sevgilisi olmasaydı bəs?
- Mənə bir dəfə sual verdilər ki, kim xoşuna gəlir, mən onda Namiqin adını çəkmişdim. Namiq qəşəng, yaraşıqlı, “simpatiçni” oğlandır. Amma mən başqa mənada deməmişdim.
- Namiqdən keçdik… Zəlimxan Yaqub da nə sirrdirsə, bütün gözəlləmələrini sənə həsr edib, bu nə məsələdir?
- (Uğunur) Onu Zəlimxandan soruşun. Mən onun ürəyinə girməmişəm ki…Şair gözələ şeir yazar də. Özü də mənə təkcə Zəlimxan şeir yazmayıb ha. Ola bilər ki, məndən bir gözəl xanım kimi xoşu gəlib, mənə şeir yazıb, Zəlimxanın ürəyinə girməmişəm axı. Həm də Zəlimxan mənə deməyib ki, Telli, səni sevirəm. Əgər olsa da, bunu etiraf edərdim. Bərəkətə and olsun, belə şey olmayıb.
- Aşıq oğlanla ailə qurardın?
- Yox, yox. Ona görə yox e, aşıqlardan xoşum gəlmir, qətiyyən. Aşıq oğlanlara böyük hörmətim var. Amma bir evdə iki aşıq düz gəlməz. İkimiz də gedəcəyik pul qazanmağa. Bəs uşaqlara kim baxacaq? İstəyirəm həyat yoldaşım başqa sahənin adamı olsun.
- Səni sevənlər arasında yəqin ki, evli kişilər də var…
- Əlbəttə, var. Mən heç vaxt öz xoşbəxtliyimi başqasının bədbəxtliyi üzərində qurmaram. Əgər o kişi desə də ki, sənə görə arvadımı, uşağımı atıram... Lap elə deyənlər də olub. Mən razılıq verməmişəm. Demişəm ki, Allah səni xanımınla, ailənlə xoşbəxt eləsin. Sən onları gözüyaşlı qoyub, məni xoşbəxt edəcəksən, mən buna inanmıram. Demişəm, ya sən subay olub, təkcə mənim olacaqsan, ya da arvad-uşağı ola-ola hansısa kişiyə puluna görə ərə gedim, bu, mənlik deyil. Qadın var, kişini puluna görə seçir, amma mən deyirəm ki, orada əgər puldan söhbət gedirsə, xoşbəxtlik ola bilməz. Sevən qadını, ya kişini qarşı tərəfin nə maşını, nə evi, nə vəzifəsi maraqlandırmalıdır. O qədər beləsi var ki… Arxamca gəlib-gedir, telefonuma mesajlar yazır.
- Birini bizə də oxu, görək nə yazıblar…
- Yox, yox qadan alım, oxuya bilmərəm. Yazırlar də. İndiki zəmanədə şəxsən mən sevgiyə inanmıram.
- Niyə?
- Bir də görürsən rəfiqən, ya tanışın gəlir ki, filankəsi sevirəm. Bir aydan sonra həmin oğlanı başqası ilə əvəzləyir. Mikayıl Azaflının bir gözəl sözü var e:
Gəl, gəl, Azaflı Mikayıl, nanəcibə söz demə,
Yaxşı-yaman nə biləcək, qanmayanı bizləmə.
Bu dünyada çək kefini, o dünyanı gözləmə,
Yeməyənlər ye malını, dövlət-var əldən gedər.
Sultan Süleymana qalmayan dünya kimə qalacaq? Var-dövlətin sevgiyə heç bir dəxli yoxdur.
- Sənə həmişə irad tuturlar ki, çox yeyirsən, ona görə də arıqlamırsan…
- Mən xəngəl yeyənəm. Amma efir də məni 8 kilo kilo artıq göstərir, neyləyim e… Birdən özümə təsəlli verirəm ki, əşşi, dükana girəndə kim sür-sümük alır, hamı dolmalıq ət istəyir. Məni insanlar belə qəbul edir.
- Heç qısa da geyinmirsən, kilolu olduğuna görə, yoxsa?
- Xoşlamıram. Mən imicimi dəyişən-zad deyiləm. Kim məni belə xoşlayırsa, sağ olsun, xoşlamırsa da, sağ olsun. Bir də görürsən deyirlər ki, Telli qır-qızılı çox sevir. Gizlətmirəm, qır-qızıl sevənəm. Nənələrimiz də həmişə xanım-xatın olublar, zər-ziba içində gəziblər. Qızıl-brilyant xanımın bəzəyidir.
- Çəkin indi nə qədərdir?
- Acqarına 74 kiloyam, xəngəl-zad yeyəndə də oluram 76 kilo.
- Axşamlar da yeyirsən?
- Nə gizlədim, axşam saat 7-də o ki var yeyirəm, gecə acsam-eləsəm kolbasadan-zaddan doğrayıb nəfsimi öldürürəm.
- Şou-biznesdə paxıllığını çəkən insanlar, səncə, çoxdur?
- Nə bilim, bəlkə də, ürəklərində paxıllıq edənlər var. Amma mən hamıyla mehribanam. Gizlətmirəm, çox emosionalam, əsəbiləşib tez özümdən çıxmağım var. Amma evə gedəndən sonra peşman oluram, deyirəm, kaş o adamın xətrinə dəyməyəydim. Sonra o adamı görəndə öpüb-qucaqlayıram ki, sən Allah, məni bağışla, hirsli olmuşam.
- Bəs sənət yoldaşların arasında qısqanclıqları hiss edirsən?
- Nə gizlədim, çox vaxt məni hamı sevir deyə məclisinin yuxarı başında oturdurur. Bəzən deyirlər ki, ay Telli xanım, səni niyə bu qədər çox istəyirlər görəsən.
- Bəs toyda-məclisdə bu kişilər ki, başına belə pərvanə kimi dolanır, xanımları, səncə, səni qısqanır?
- Olur, baxıb görürəm ki, qadındır da qısqanır. Hiss edirəm bu baxışları. Amma yenə də deyirəm, Allah hamının kişisini özünə qismət eləsin.