"Xoşbəxt olmaq mümkün deyil"-Gövhər Həsənzadə
Beləliklə, buyurub, oxuya bilərsiziniz!
- Statistikaya əsasən, Azərbaycanda boşanmaların sayı durmadan artır. Sizcə, boşanmaların sayının ildən-ilə artmasının səbəbləri nədir?
- Səbəblər müxtəlifdir. Ən əsası isə insanların ailə həyatına qarşı qeyri-ciddi münasibətinin olmasıdır. Övladı ailə həyatına hazırlamaq lazımdır. Uşaq ailə həyatını evdə görür. Sonra böyüyür, özü ailə həyatı qurur. Uşağı ilk çağlarından buna öyrətmək lazımdır. Biz uşağın kiçik yaşlarından ailə həyatını bütün çılpaqlığı ilə təqdim edirik. Uşaq da ailə həyatına qeyri-ciddi yanaşmağa başlayır. Bundan başqa, ailə quran insanın həyatına həddindən artıq müdaxilələr var. Yəni ailə quran iki nəfərdən başqa, hər iki ailədən ən azı, 10 nəfər evlilik həyatına başlayanların hər işinə qarışır. Ona görə də bu gün ailə özü hər işinə qərar vermir, əksinə, idarə olunur.
- İddialara görə, boşanmaların daha bir səbəbi də kişilərin xəyanətdir. Bu fikirlə nə dərəcədə razısınız?
- Əlbəttə ki, bu da səbəblərdən biridir. Xanımlarımıza demək istəyirəm ki, bu qədər əlçatan olmasınlar. Əgər qadın evində rahat ocağı yaratmasa, kişi kənarda başqasını axtaracaq. Belə danışanda, məni hər zaman qınayırlar. Məgər kişi küçəyə çıxıb, hava, ağac ilə xəyanət edir? Evdən çıxıb, başqa bir xanımın yanına gedir də. Həmin qadın da evli kişini qəbul etməsin! Qadın niyə qapı açır ki, kişi o qapıdan çıxıb, bu birisinə girir?! Qadının hamiləlik, əsəbilik dövrü ola bilər. Bu o demək deyil ki, qadının həyatında hansısa problemlər, narahatlıq yaşasa, digər qadın kişiyə desin ki, o, pisdir, mənim yanıma gəl. İndi hansı qadını dindirirəm, deyir ki, yaxşı bir kişi olsaydı, evli olsa da münasibət qurardım. Düzdür, sənin ailəni dağıdıblar. Amma axı sən də indi bu yolu getmək istəyirsən...
Qoy bütün qadınlar bilsinlər ki, heç bir yad kişi gəlib, onun övladına doğma ata olmayacaq. Düzdür, içlərində təsadüfi yaxşı, atalıq qayğısı göstərən kişilər də olur. Amma yenə də vurğulamaq istəyirəm ki, bu çox nadir hallarda olur. Özünün 3 övladını qoyub, hansısa qadının 2 uşağına atalıq edir. Buna inanmaq olar?! Öz arvadının qucağında körpəsini qoyub, gəlib, başqa qadının 3 uşağına atalıq edir. Bunlar anormal haldır. Bu adam öz qanından olanı istəməyibsə, sənin övladını sevəcək? Ondansa hər bir kişi öz uşağına atalıq eləsin də.
- Bu problemin kökü nədədir? Niyə insanların bu kimi məsələlərə baxışı dəyişib?
- İnsanlar dəyişə-dəyişə cəmiyyəti yaradıblar. Bu gün biz keçid dövrü, böyük bir inteqrasiya mərhələsi yaşayırıq. İndi çətinliklər, haqsızlıqlar olacaq. İndi heç kim yağ-bal içində yaşamır. Kiminsə əyin-başına, idarə etdiyi avtomobilə, yaşadığı evə baxıb, bəxtəvərlik oxumayın. O, bahalı çərçivənin, pərdənin arxasında yanan işığın altında, hansı göz yaşlarının axdığını heç kim bilmir. Hansı tənhalığın, xəyanətin, incikliyin yaşandığını kim bilir? Ürək süfrə deyil ki, açıb, kiminsə qabağına tökəsən. Söyləsən nə faydası var?! Düşmən sevinəcək, dost yanacaq, problem isə həll olunmayaraq qalacaq... Sirrin isə ifşa olunacaq. Bu sözü hər zaman deyirəm: xoşbəxt insan yoxdur, hərə özünə görə bir cür bədbəxtdir. Mən hər zaman deyirəm ki, bu dünya bir imtahan meydanıdır. Allah bizi bu dünyaya göndərib ki, dünyada adam kimi yaşayaq. Adam kimi də Allahın hüzuruna gedək. Adamlığını itirəcəksən, cəzanı alacaqsan. Adam kimi yaşamaq üçün də dözməliyik. Öz xoşbəxtliyimizi başqasının bədbəxtliyi üzərində qura bilmərik.
- Bu halı insanların paxıllıq hissi ilə əlaqələndirmək olar?
- Bəli. Bizim insanlarda paxıllıq artıq xəstəlik formasındadır. Özü də sağalmaz xəstəlik... Bəzən həkimlər hansısa xəstəyə diaqnoz qoyurlar ki, bu artıq sağalmayacaq. Bir tək yol var, onun yalnız ömrünü uzada bilərik. Azərbaycanda bu xəstəliyin əzabını görənlərdən biri də mənəm. Qəribədir ki, paxıllıq hissini daha çox səninlə ortaq heç bir şeyi olmayan insanlardan görürsən. O adam ki, sənin ona dəstəyin olub. Həmin adam isə nəyəsə görə sənə qarşı çıxıb. Bu da paxıllıqdan irəli gəlir. Paxıllıq çox pis xəstəlikdir, insanı daxildən yeyir. Düzdür, çox gec də olsa, insanın özünə qayıdır. Amma çox evlər dağılır, çox insanların şəxsi həyatına zərbələr vurulur. Kimsə həyatda uğursuzluğa düçar olur, günahını başqalarında görür. Həmin adam aqressivləşir. O insana gücü çatmır, başlayır, paxıllıq etməyə... Düşünür ki, mən xoşbəxt deyiləmsə, başqası da xoşbəxt olmasın. Bu həyatda hərənin bir qisməti, alın yazısı var. Sənə verilən alın yazısı ilə barışmaq lazımdır. Hər zaman pirləri ziyarət edəndə, Allahdan alnıma yazılan həyatı yaşamağı mənə qismət etməyini diləyirəm. Alınma nə yazılıbsa, onu yaşayım. Artığını istəmirəm. Kənardan başqa insanlar mənim alın yazıma müdaxilə eləməsin. Qalan nə varsa, bilim ki, Allahdan yazılan qismətimdir. Amma paxıllıqla olan müdaxilələr insanı çox incidir. Bu yaxınlarda mənə yaxın bir adamın xəyanəti ilə üzləşdim. Bu kimi hallarla üzləşəndə o adama deməyə utanıram. Özlüyümdə dedim ki, ay aman, siyahımdan bir insan da silindi... Bu, mənə pis təsir etdi. Hər zaman deyirəm ki, düşmən çıxan dostun itkisi ağır olur. Əfsuslar olsun ki, insanı da incidən yaxın adamının zərbəsi olur. Yaddan nə inciyəcəksən ki... Bir məsəl var, umduğun yerdən küsərlər.
- Sizə xəyanət ediblər?
- Çox... Bir insanı özünə yaxın bilirsən, evinə buraxırsan, onu doğman sanırsan. Bir də baxırsan ki, sən üzünü yana çevirəndə, başqası ilə sənin haqqında qaş-göz işarələri ilə danışır. Bu xəyanətdir.
- Kişinin qadına xəyanəti xəyanət hesab olunumur?
- Kişinin qadına xəyanəti çox az olur. Kişininki ehtirasdır. Xəyanət mənim üçün hislərdir. Mənim əksər kişi dostlarım nə vaxtsa bir yerdə olduqları qadını sonradan küçədə görəndə tanımırlar. Bunu necə xəyanət adlandıraq? Kişi o qadının özünə hörmət eləmir. Amma ehtirasına görə gedib, ondan istifadə edib. Xəyanət bilirsiniz nədir? Bir qadınla ailə həyatı yaşayırsan. Onun hisləri, ümidlərini dəyərsizləşdirirdən. Qadınını adi danışıqda belə aşağılayırsansa, o biri qadına qadınını güldürürsənsə, bax budur xəyanət. Heç bir kişi başa düşmür ki, qadın da ona xəyanət edə bilər. Kişinin namusunu ləkələmək üçün onun dostuna gülüş, ya da hava öpüşü göndərmək qədər asandır. Bununla da hər şey alt-üst olur. Deyirlər ki, filan kişinin arvadı mənə öpüş göndərdi... Heç qadına lazım da deyil ki, öz ləyaqətini korlasın. Ərinin dostuna deyir ki, axşam zəng elə, danışaq. Qadın intiqamını belə də ala bilər. Həmin o dostu, başqalarının yanında deyə bilər ki, filan dostumun arvadına gecə saat 3-də zəng etsəm, telefonu qaldıracaq. Bu qədər...Ona görə də heç bir kişi düşünməsin ki, o kişidirsə, hər şeyi edirsə, əməlləri cavabsız qalacaq.
- Yeri gəlmişkən, sizə pislik edənlərdən intiqam almısınız?
- Mənə pislik edənləri Allaha tapşırıram. Bu günə qədər heç kimdən qisas almamışam. Şəxsi həyatıma müdaxilə edən düşmənlərimə qarşı cavab verən mövqedə olmuşam və olacağam. Onu da deyim ki, mənə xəyanət edən insanlar öz cəzalarını ağır vəziyyətdə alırlar. Mən yenə də deyirəm ki, heç kimin haqqını yemək olmaz. Hərənin öz həyat yolu var. Hər zaman demişəm ki, düşmənlərimə yazığım gəlir. Çox güclü insanam. Allahımdan da razıyam ki, mənə bu qədər səbir verib. Dözməyi bacarıram, ağlımı itirib, təşvişə düşüb, qalmaqallar yaratmıram. Amma həmin an içim darmadağın ola bilər. Məhv ola bilərəm.... Həmin an mənim üçün həyat dayanır, səsləri eşitmirəm. Sanki vakkuma düşürəm. Kənardan baxan deyir ki, soyuqqanlıdır, xeyr, heç də qalınqabırğa deyiləm. Bilirsiniz, 45 yaşım var, həyatda çox böyük haqsızlıqlar, çətin imtahanlar var. Heç kim həyat təcrübəsi ilə lovğalanıb, arxayın olub, yaşaya bilməz. Ölən günə qədər bilmək olmaz ki, başımıza nə iş gələcək. Sadəcə, hər şeyə hazır olmaq lazımdır. Bir sözlə, bu həyatda hamıya səbir arzulayıram.
- Xoşbəxt olmaq bu qədər çətindir yəni?
- Xoşbəxt olmaq mümkün deyil.
- Həyatın hansısa anlarında...
- Anlar var. Günlər, bəlkə də, həftələr var ki, səni bu xoşbəxtlik müşayiət edir. Amma o da bitir. Təki o xoşbəxtliyin sonunda zərbə olmasın, burnundan gəlməsin. Həm fiziki, həm də mənəvi baxımdan çox itki vermişəm. Mənəvi baxımdan siyahım boşalır artıq...