Ali Ağaoğlu: “İstiqrazların satış müddəti oktyabrın 10-da bitir, ikinci bazarda isə qiymətlər bir qədər baha olacaq”
Müsahib haqqında qısa arayış:
Ali Ağaoğlu 1963-cü ildə Ankarada doğulub. 1980 ildə Boğaziçi Universitetində Menecment fakültəsinə daxil olub. 1986-cı ildən bank sektorunda fəaliyyətə başlayıb. 2001-ci ilə qədər Standard Chartered və Stochelandes kimi xarici banklarda, o cümlədən Ege banklarında çalışıb.
2001-ci ildə Tassaruf Mevduati Sığorta Fonduna (TMSF) daxil olub və bir ilə yaxın Kamal Derviş zamanında TMSF-nin tərkibində olan 9 bankın xəzinələrinin koordinasiyasını həyata keçirib Dünyada ilk dəfə olan depozit satışı və çox böyük iqtisadi layihələri həyata keçirib.
2004-cü ildən Türkiyənin “Vatan” qəzetində yazır, 2008-2012-c illərdə “Fortune” jurnalında yayım müdiri olub.
2015-ci ildən SOCAR Türkiyədə Finansal Risk Yönətimi və Xəzinə Kordinatoru kimi çalışır. 2016-cı ildən SOCAR-ın Kapital bazarları üzrə baş məsləhətçisi işləyir.
SOCAR-ın Kapital Bazarları üzrə Baş Məsləhətçisi Ali Ağaoğlu SOCAR istiqrazı ilə bağlı “Yeni Müsavat” qəzetinə müsahibə verib. A. Ağaoğlu müsahibəsində vətəndaşları düşündürən, narahat edən bütün sualları cavablandırıb.
- Ali bəy, dövlət şirkəti olan SOCAR niyə istiqraz buraxıb? İnsanları düşündürən əsas suallardan biri də budur. Bu, beynəlxalq iqtisadi böhranla bağlıdır, yoxsa yeni bir mərhələnin başlanğıcıdır?
- SOCAR dünyanın ən böyük neft şirkətlərindən biridir. Fəaliyyət göstərərkən bir çox yeni investisiyalar, yeni layihələr həyata keçirməlidir. Bunun üçün də vəsaitə ehtiyacı var. Bu zaman normal olaraq xaricdən və daxildən vəsait cəlb edilməlidir ki, həmin investisiyalar icra edilə bilsin. Bu iş dünyanın hər yerində bu qaydada aparılır. Bu məqsədlə SOCAR daha əvvəl avrobondlar ixrac etməklə xaricdən 2 milyard 250 milyon dollar civarında vəsait cəlb etdi. O cümlədən, Türkiyədəki investisiyaları üçün də hissə satışı vasitəsilə vəsait cəlb etdi. İndi də bu layihələrini davam etdirir. Bu çərçivədə Azərbaycan iqtisadiyyatına baxarsaq, çox ciddi miqdarda yastıq altında olan, hazırkı sistemdən kənara çıxan və hər hansı şəkildə gəlir gətirməyən, faiz qazana bilməyən bəlli bir sərmayə var. Bu vəsaitlərin iqtisadiyyata cəlb edilməsi üçün Azərbaycan dövlətinin atdığı bir sıra addımları ilə yanaşı, dövlət şirkəti olan SOCAR da istiqrazlar vasitəsilə belə bir infrastruktur formalaşdırmaq qərarına gəldi. Bu yolla sistemdən kənarda qalan əmanətləri iqtisadiyyata cəlb etməyin bir yolunu tapa bilmək üçün çalışmağa başladı. Əsas məqsəd də Azərbaycanda sərmayə bazarının çox aktiv olmadığı hazırkı durumda, daha çox inkişafını təmin etmək üçün belə bir addım atılmasının zəruri olduğuna qərar verildi. Bu məqsədlə ilk olaraq belə bir istiqraz buraxıldı. Biz bununla bağlı öncədən uzun bir müddət çalışdıq. Mən bu ilin əvvəlindən Azərbaycandayam, daim gəlib gedirəm.
“Yastıq altındakı pulların iqtisadiyyata cəlb edilməsi üçün istiqrazlar vasitəsilə belə bir infrastruktur formalaşdırmaq qərarına gəlindi”
Bu istiqrazların çıxarılmasının bir neçə məqsədi var. Əsas səbəb SOCAR-ın bundan sonrakı dövr üçün maliyyələşmə imkanlarının şaxələndirilməsidir. Məqsəd vəsaitləri sadəcə xaricdən kredit və ya avrobondlar vasitəsilə cəlb etməklə yanaşı, daxildəki maliyyə qaynaqlarının da iqtisadiyyata cəlb etmək üçün bir addımın atılması idi.
Burada bir infrastruktur var, bunun uğurlu bir şəkildə bir-birinə inteqrasiya edilməsi sadəcə SOCAR üçün deyil, digər Azərbaycan şirkətləri, maliyyə bazarları üçün də bir infrastruktur hazırlanması və bazarın inkişafı üçün aparılan bir işdir. Bunu yalnız istiqrazla əlaqələndirmək doğru deyil, istiqraz vasitəsilə Azərbaycanda kapital bazarının inkişaf etdirilməsi ən önəmli məqsədlərimizdən biridir.
- Azərbaycan vətəndaşlarının SOCAR istiqrazlarına münasibəti necədir? Vətəndaşlar isti yanaşdılar, yoxsa hələ də düşünürlər? Proseslər necə gedir?
Bütün inkişaf etməkdə olan ölkələrin bazarlarında belə hallarda cəmiyyətin ilk reaksiyası bir qədər gecikir. Dövlət tərəfindən bu cür addımlar atılırsa, xalqın ilk reaksiyası adətən “dur bir qədər gözləyək, görək nə olur” şəklində olur. Bu sadəcə Azərbaycan vətəndaşların xas olan bir davranış deyil. Bütün insanların ortaq davranışı belədir ki, öncə tədbirli yanaşırlar, sonra bir müddət daha gözləyirlər. Daha sonra kimlərsə bu işdən pul qazanır və hər kəs ardınca gəlməyə başlayır. Ancaq ilk alanlar bu işin qaymağını götürür. Çünki İkinci bazarda tələb artır və qiymətlər qalxır. (Məlumdur ki, hər zaman ilk istiqrazlara ən yaxşı şərtlər verilir. Bizdə də belədir).
“Nə zaman vətəndaş istiqrazı gətirsə, 1000 dollara alacağıq, bir gün içində o pul vətəndaşa ödəniləcək”
O zaman da bazar genişlənir və hər şey yoluna düşür. Bizim istiqrazların satışı başlayarkən də buna bənzər bir durum yarandı. Biz istiqrazların reklamını apardıq, tanıtımını etdik, müsahibələr verdik, müxtəlif formalarda cəmiyyəti məlumatlandırdı. Başlanğıcda bu sahə ilə bağlı bilgili olan insanlar istiqrazların faydasının fərqində olduğu üçün gəlib aldılar. Ümumi əhali isə gözləmə mövqeyi tutdu. Lakin bu həftə təkrarən maraq çox artmağa başlayıb. İstiqrazların satış müddəti isə oktyabrın 10-da bitir. Istiqrazı alacaq vətəndaşların alışlarını son günə buraxmamalarını və həftə sonu da olsa ASAN xidmətin 1 və 5 saylı mərkəzlərindən alışlarını həyata keçirmələrini tövsiyə edirəm. Oktyabrın 17-dən sonra istiqrazlar ikinci mərhələdə bazarda satılmağa başlayacaq. Orada istiqrazların alınıb –satıla bildiyini, bazarın fəal olduğunu görəndən sonra əminəm ki, maraq daha da artacaq. Ancaq ilkin bazardan, yəni SOCAR-dan alanlar daha qazanclı çıxmış olacaqlar.
- Oktyabrın 17-dən sonra istiqrazların satışı ilə bağlı şərtlər necə dəyişəcək?
- Bu gün bizə müraciət edib 1000 dollarlıq istiqraz alanlar illik 5 faiz gəlir əldə edəcəklər və biz bunu illik olaraq hər 3 aydan bir ödəyəcəyik. Sifarişlər bitdikdən sonra oktyabrın 12-də vəsaitlərin yerləşdirilməsi aparılacaq, 14-də pullar əl dəyişdirəcək və istiqraz ala bilməyən pul sahiblərinə vəsaitləri geri qaytarılacaq. Oktyabrın 17-dən etibarən də istiqrazlar ikinci bazarda satılmağa başlayacaq. Həmin gündən etibarən əgər istiqrazlara tələb artınca, istiqrazların qiyməti artacaq. Bu zaman üzərindəki faiz göstəricisi 5 olsa da, qiyməti artdığı üçün onun gətirdiyi gəlir bir qədər aşağı düşəcək. Bu istiqrazı birinci mərhələdə alanlar üçün keçərli deyil. İlk mərhələdə alanlar istiqrazın qiyməti qalxdığı üçün gəlir götürəcəklər, ikinci əl alanlar daha yüksək qiymətə aldıqları üçün qazanacaqları 5 faizi əvvəldən itirmiş olacaqlar.
Biz hər zaman ən aşağı məbləği qoruyacağıq. Nə zaman vətəndaş istiqrazı gətirsə, 1000 dollara alacağıq. Bu mövzuda bazarda likvitliyi təmin edəcəyik. Ancaq şərtlərdə nə dəyişəcək sualınıza cavab olaraq deyim ki, qiyməti bir qədər bahalaşacaq. Avrobondlarla bu istiqrazlar arasındakı ən önəmli fərq odur ki, onlarda geri almaq təminatı vermirik. Avrobondları nağdılaşdırmaq kimi bir öhdəliyimiz yoxdur. Bazar özü avrobondları alıb satır. Əsas məsələ odur ki, onları dünyada hər kəs ala bilər. Bu istiqrazların isə ilk satışı, yəni oktyabrın 10-a qədər olan satış yalnız Azərbaycanın fiziki və hüquqi şəxslərinə tanınmış bir hüquqdur. İkinci bazarda artıq əcnəbilər də istiqraz ala biləcəklər. İkinci bazarda hər kəs ala bilər. İlkin mərhələ isə yalnız Azərbaycan vətəndaşlarına bu hüququ verdik ki, bu prosesdən ən çox faydalanan da məhz onlar olsun.
- Ali bəy, ictimaiyyətdə belə bir sual da var ki, bu istiqraz məsələsindən kim daha qazanclı çıxacaq, dövlət yoxsa, vətəndaş?
“SOCAR fədakarlıq edərək, xaricdən 2-2,2 faizlə kredit alıb layihələrə investisiya qoymaq əvəzinə, öz vətəndaşlarından 5 faizlə alır, üstəgəl, bu pulu heç bir layihəyə yatırmayacaq”
- Bu prosesdə SOCAR-dan çox vətəndaş qazanacaq. Çünki SOCAR-ın hazırda 5 il müddətinə nəzərdə tutulan 5 faizlik bu istiqrazların əvəzinə xaricdən 2 faizlik kredit almaq imkanı var. Ancaq SOCAR onu tərcih etmədi. Məqsəd odur ki, vətəndaş qazansın. Niyə vətəndaşın qazanması üçün çalışırıq? Çünki başlıca məqsədimiz kapital bazarının inkişafıdır. Bu, qısamüddətli bir proses deyil, uzunmüddətli bir yatırımdır. Nə zaman kapital bazarına etimad artsa, istiqrazlar, səhmlər bazarda gəlir gətirməyə başlasa, o zaman Azərbaycandakı sərmayə hərəkətə gəlib real iqtisadiyyata qatılmağa başlayacaq.
- Yəni, bu bir nəbz yoxlamasıdır?
- Nəbz yoxlamasından da əlavə, bundan sonrakı dövrdə kapital bazarının inkişafı üçün atılmış ilk ən önəmli addımdır. Bunun üçün SOCAR fədakarlıq edir. Necə edir? 2-2,2 faizlə xaricdən kredit alıb layihələri investisiya qoymaq əvəzinə öz vətəndaşlarından 5 faizlə alır, bunu da layihələrə yatırmayacaq. Onu da deyim ki, hazırda bu vəsaitləri SOCAR layihələrə yatırmayacaq. SOCAR yenə fədakarlıq edərək bu istiqrazlardan gələn pulların bir qismini xaricdəki avrobondların satın alınması üçün istifadə edəcək, bir qismini də likvitlik üçün əlində saxlayacaq. Xaricdəki istiqrazların satın alınması isə o deməkdir ki, xaricdəki avrobond sahiblərinə ödəniləcək faizləri öz vətəndaşlarımıza ödəyəcəyik. SOCAR-ın burada yüksək faizlə borclanmasının səbəbi odur ki, vətəndaşlar qazansın. Bu prosesdən vətəndaş da qazanacaq, SOCAR da qazanacaq, amma ən çox ölkə qazanacaq. Kapital bazarını yaşatmalıyıq. Türkiyə bunu bacardı və uzun bir yol keçdik. Niyə Azərbaycan qazanmasın? Azərbaycanın buna ehtiyacı var. Mən ömrünün 30 ilini bu sahədə keçirmiş bir insan olaraq deyirəm ki, Azərbaycanda bu imkanlar, bu potensial var. Lakin kapital bazarının daha böyük olmasına ehtiyac duyulur. Ölkədə hərəkətli bir kapital bazarının olması hər kəsə faydalı olacaq.
- Ali bəy, Azərbaycan vətəndaşının “ağzının yandığı” bir layihə oldu - özəlləşmə çekləri. Bu layihə başlayanda insanlar əmlakını, avtomobilini satıb o çeklərə yatırdı. Çünki sürətlə bahalaşırdı. Lakin sonradan geriyə doğru bir proses oldu. Bu layihə vətəndaşları ziyana saldı. Bu baxımdan istiqrazların taleyi necə ola bilər? Ümumiyyətlə, bu müqayisəni uyğun hesab edirsinizmi?
- Bu müqayisəni çox da uyğun hesab etmirəm. Çünki səhm və istiqraz arasında çox sadə bir fərq var. Səhm odur ki, siz bir şirkətə ortaq olursunuz, o şirkətin sərmayədarı olursunuz, faydasına və zərərinə ortaqsınız. Ancaq istiqraz fərqlidir. İstiqraz odur ki, siz sadəcə o şirkətə borc verirsiniz. O şirkət sizdən aldığı borca qarşı faiz ödəyir, üstəgəl də əsas məbləği sonda geri qaytarır. Nə qədər pul qazanırsa qazansın, bunun sizə aidiyyatı yoxdur. Sadəcə sizə vəd etdiyi faizi ödəyir. Ancaq səhm sahibinə bütün qazancından pay verir. Özəlləşdirmə çekləri səhmə bənzəyən bir qiymətli kağızdır. Sizin bu xoş olmayan təcrübənizdən də xəbərdaram. Səbəb odur ki, həmin dövrdə vaxt bir qədər doğru yönəldilməyib. Üstəgəl kapital bazarının infrastrukturu olmadığı üçün çox acı bir təcrübənin qurbanı olmusunuz.
Bu dəfə sistem fərqlidir. Bizim fəaliyyətimiz daha təşkilatlanmış və daha planlı şəkildədir. Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, birja birlikdə çox böyük səy göstərdi. Əhalinin çox rahat istifadə edə biləcəyi bir sistem qurduq. Mən keçmişdəki olaya bənzər bir təcrübənin yaşanacağına qətiyyən inanmıram. Səbəbi də odur ki, 100 milyon dollarlıq istiqraz çıxarılıb. Müddəti də 2021-ci ilə qədərdir. SOCAR-ın daha yaxın müddətli olan avrobondları 2023-cü ilə qədərdir, uzun müddətli avrobondlar isə 2030-cu ilə qədərdir. Xaricilərin güvəndiyi bir şirkətə yerli vətəndaşlar da rahatlıqla inana bilər. SOCAR üçün yerli vətəndaşlar xaricilərdən daha öndədir. Əgər şirkətin bütün işləri pis gedərsə, bütün dünyanın kapital bazarında qayda belədir ki, ilk növbədə istiqraz sahiblərinin pulu ödənilməlidir, daha sonra səhmdarların. Bu səbəbdən burada elə bir halın yaşanacağı gündəmdə deyil, SOCAR-ın belə bir problemi yoxdur. İstənilən zaman SOCAR-ın istiqrazları əsas məbləğlə və faizi ilə birgə zamanında ödənəcək. SOCAR Azərbaycan iqtisadiyyatının 50 faizindən çoxuna fayda verir, ölkə ixracatının 80 faizinə sahib olan bir şirkətdir. Bu səbəbdən hər hansı problemlə qarşılaşma ehtimalının sıfıra bərabər olduğunu hesab edirəm.
- Ali bəy, ən çox müzakirə olunan bir sual da budur ki, bu gün istiqraz alan insan onu nə zaman nağd şəkildə geri ala bilər? Bunun üçün neçə gün zaman lazımdır və istiqraz sahibi hansı prosedurları keçməlidir?