“Mən elə şeyə yol verən oğlan deyiləm”

“Mən elə şeyə yol verən oğlan deyiləm”

Bayram Səfərov avropalıların qaçqınlara hədiyyə etdiyi 240 avtomobilin taleyindən danışdı 

 

Bakıda keçirilmiş “Eurovision-2012" mahnı müsabiqəsinə gələn alman turistlərin azərbaycanlı qaçqınlara bağışladığı maşınların taleyi ilə bağlı məsələ hələ də müəmmalıdır.
Xatırladaq ki, yarışmaya gələn alman turistlər Azərbaycanı tərk edərkən gəldikləri 240 ədəd avtomobili qaçqınlara hədiyyə olaraq qoyub getmişdilər. Lakin bu maşınların qaçqınlara verilməməsinin səbəbi kimi onların gömrük rüsumu ilə (“rastamojka”) bağlı probleminin olması əsas gətirildi. 
İndiyədək Binəqədidə dayanacaqlardan birində saxlanıldığı deyilən maşınların bir hissəsinin “yoxa çıxdığı” barədə də vaxtaşırı xəbərlər yayılır. Lakin Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a müsahibəsində bu barədə deyilənləri təkzib etdi və hazırkı duruma tam aydınlıq gətirdi:
- O maşınların hamısının tarixləri köhnədir. 1957-ci ildən tutmuş, 1975-ci ilə qədər istehsal olunan maşınlardır. Yəni avrostandartlara uyğun deyil, sənədi də düzgün deyil. O maşınlar “metallom”dan başqa heç bir şeyə yaramayacaq. 
- Nə qədər maşın var? 
- 240 maşındır, hamısı da yerində durur. 5-6 dənə də motosiklet var.
- Bunları hansısa formada istifadəyə vermək olmazmı? 
- Heç nə etmək olmaz. Çünki heç bir sənədi yoxdur. O məsuliyyəti heç kim üzərinə götürməz. Nazirlər Kabinetindən qadağa qoyulub ki, avrostandartlara cavab verməyən maşınlar ölkəmizə idxal oluna bilməz. Köhnələri də yığışdırmaq lazımdır. O maşınlar da 4-5 ildir qalıb orda. 
- Bəs o maşınlar niyə gətirilmişdi?
- Maşınları ona görə gətirməmişdilər ki, kiməsə versinlər. Onlar ralli yarışına gəlmişdilər. Bura gələndən sonra isə sənədlə mənə təhvil verdilər. Bu maşınlarla yenidən geri qayıtmaq onlara baha başa gələrdi, yəqin o nöqteyi-nəzərdən burda saxlayıblar. Çünki dəfələrlə bizim XİN-dən, Nazirlər Kabinetindən həmin firmaya məktub yollandı ki, “maşınlarınızı aparın”. Aparmaq onlara çox baha başa gələr axı. Yəni vəziyyət belədir. Neçə ildir bu vəziyyətdə qalandan sonra təkəri, akkumulyatoru, digər hissələri hamısı məhv oldu getdi. 
- Həmin avtomobillər kimə təhvil verilmişdi? 
- Mənə təqdim ediblər. Vəkalətnamə veriblər ki,  “Allgeau-Orient” firmasının Azərbaycanda hər bir sənədləşməsini mən edə bilərəm. Onlar bu səlahiyyəti mənə vermişdilər, amma mən də heç nə edə bilmədim. O vaxt biz danışdıq, heç cür mümkün olmadı.
- Bayram müəllim, amma həmin avtomobillərin ehtiyat hissələrindən istifadə etmək olar...
- Olar. Mümkündür. 
- İcma həmin ehtiyat hissələri lap tenderə çıxarıb vətəndaşlara, avtomobil sexlərinin sahiblərinə sata bilməzmi? 
- Mənə fərdi qaydada müraciətlər olub. Amma gələcək söz-söhbətlərə görə buna razılaşmamışam. Amma mümkündür ki, gələcəkdə istifadəyə yararlı maşınların müəyyən hissələri sökülsün. Qalanı da “metallom”a veriləcək.
- Bir ara yazılmışdı ki, maşınlar sökülüb satılıb...
- Onların biri də sökülməyib, kim deyirsə, yalandır. Mən elə şeyə yol verən oğlan deyiləm. Mən özümə hörmət edən adamam, imkan vermərəm ki, elə hal olsun. 
- Əsasən “Mercedes” maşınlardır, yoxsa...
- Yox, “Mercedes”dən başqa BMW də var, “Audi” də, digərləri də. Çox markadan var. Amma qalıb orda, çürüyür. Mən neçə dəfə istəmişəm ki, bu məsələ həllini tapsın, sənədləşmə işi aparılsın. Hətta mən onlarla danışanda dedim, adam yollayım, gəlsin, sənədləri həll eləsin. Ancaq bu da var ki, onlar bir ölkənin maşını deyil. 
Yalan şeydir ki, “Eurovision”a gəliblər, bu maşınları da pay verməyə gətiriblər. Onların özlərinin bir marşrutda ralliləri olub, qabaq deyirdilər ki, 9 min km məsafə qət ediblər. Almaniya, Belçika, Avstriya, Fransa və digər ölkələrdən gəliblər. Az qala bütün Avropa ölkələrindən. İndi qapı-qapı düşüb Avropa ölkələrindəki həmin adamlardan sənəd almaq mümkün deyil. Bəziləri sükanını, bəziləri “fara”sını çıxarıb aparmışdı. Özləri də bəzi maşınları söküb aparmışdılar. Bir müddət də Qaradağda qalmışdı, orda da sökülmüşdü. Yəni köhnəlmiş söhbətdir, bunu 50 dəfə yazıblar. 
- Bəs bu avtomobilləri təhvil götürəndə siz bilmirdinizmi ki, sənədləri qaydasında deyil? 
- Yox, mən bilmirdim ki, bunun belə çətinlikləri ola bilər. Elə bilirdim bunların sənədi olacaq. Maşın veriləndə onun texniki pasportu olar, yaxud gömrük qeydiyyatı lazımdır və s. Ona görə də bu məsələ həll olunası deyil. Bu maşınlar “metallom”dan başqa heç nəyə yaramır. 
- 240 maşının hər birində 2-3 minlik hissə olar, bu da az vəsait deyil...
- Nə qədər? (Gülür) Nə danışırsan? İşlək maşınlar bu saat min, 2 min, 3 min manatdır. Maşın bazarında bu saat 3-4 minə normal, işlək maşınlar var. 

 






Fikirlər