Bu maşınlar heç kimə lazım deyil... - Bakıdan reportaj + Fotolar
700-dən çox maşın, günə 1 manatdan hesablanan dövlət rüsumu, 10 illərdir sahibsiz qalıb yararsız vəziyyətə düşən avtomobillər... Sözügedən mənzərə Dövlət Yol Polisinin 5 nömrəli Siqnal-Cərimə meydançasındadır. 10 ildir fəaliyyət göstərən 5 nömrəli Siqnal-Cərimə meydançası artıq maşın qəbul etməyə yer tapmır. Cərimə meydançasının ən “qocaman sakini” isə elə onun yaşı qədər olan 36 DM 6741 nömrə nişanlı yük maşınıdır. Dayanacaq pulunun 1 gün üçün 1 manatdan hesablandığını nəzərə alsaq, tır sahibi təkcə maşını buradan götürmək üçün 3650 manat rüsum ödəməlidir. Amma Dövlət Yol Polisi bu məbləğdən də imtina edir. Yetər ki, tır yiyəsi gəlib maşını cərimə meydançasından aparsın. “Qafqazinfo”nun əməkdaşları 5 nömrəli Siqnal-Cərimə Meydançasında olub və oradakı vəziyyəti müşahidə edib. Məlum olub ki, meydançada illərlə qalan maşınlar var və əksəriyyəti də bankların girovundadır. Belə ki, vətəndaş kredit borcunu ödəyə bilmədikdə bank bu barədə dövlət yol polisinə məlumat verir. Yol polisi də maşını saxlayıb bura gətirir. Burada Beynəlxalq Bankdan tutmuş “Nikoil Bank”a qədər hər bankın girovluğunda olan maşın görmək mümkündür. Kim banka olan borcunu ödəsə, gəlib maşını götürə bilər.
Banklar da gəlib maşınlara yiyə durmur. Bunun səbəbini isə meydançaya nəzarət edən Elçin Feyziyev belə izah etdi: “ Bank əməkdaşları baxıb görürlər ki, maşın yararsız vəziyyətdədir. Deyirlər ki, onların da işinə yaramır. Ona görə də maşınlar burada qalır. Əgər maşın yiyəsi nəsə deməsə, biz o maşının buradan aparılması ilə bağlı qərar qəbul edə bilmərik. Bu günlərdə “VAZ 2107”- in sürücüsünü tapıb gətirdik, deyir ki, maşını metalloma versə, heç 100 manat da etmir. Baxıb çıxıb getdi, götürmədi. Bu maşınlar ancaq yer zəbt edir. Heç kim də maşınının dalınca gəlmir. Artıq 3 aydan çoxdur ki, maşın qəbul edə bilmirik. Dayanacaq pulu ilə bağlı nəzərdə tutulan rüsumda da güzəşt edirik. Heç 1 qəpik pul da istəmirik”. Cərimə meydançasında müxtəlif markalı maşınlar var. Onlar arasında KİA, Hyundai, Mercedes, BMW, Lexus markalı maşınlar xüsusi diqqət cəlb edir. 10 GP 444, 10 TF 058, 10 XF 098, 90 RF 949, 10 OV 159 nömrə nişanlı avtomobillər də sahibsiz qalanlar sırasındadır.
Qeyd edək ki, cərimə meydançasına həm də qəza hadisələri zamanı yararsız vəziyyətə düşən maşınlar gətirilir. Buna görə də meydançada sahibsiz maşınların sayı ikiqat artır. Reportaj zamanı qəzaya düşmüş 90 AA 669 nömrə nişanlı maşın da diqqətimizdən yayınmadı. Məlum oldu ki, maşın 6 ay bundan bundan əvvəl gecə saatlarında meydançaya gətirilib. Maşının təmir xərci az qala onun qiymətinin yarısına bərabərdir. Ona görə də sahibi gəlib götürmür. Bir neçə maşının isə nömrələri ümumiyyətlə yoxdur. Söhbət zamanı məlum oldu ki, nömrələri söküb aparıblar. Hazırda isə nömrələri sökənlər barədə araşdırma aparılır. Xatırladaq ki, cari ilin aprel ayına kimi cərimə meydançalarında dayanacaq pulu 30 qəpikdən hesablanırdısa, qanuna edilən yeni dəyişikliyə əsasən isə bu məbləğ artıq bir manat təşkil edir.