Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi ilə MÜSAHİBƏ + FOTOLAR

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 13 il keçir.
Ümummilli lider Heydər Əliyevin aramızdan getməsi Vətənini sevən hər bir azərbaycanlı üçün son dərəcə böyük itkidir. Azərbaycan xalqı bu müddətdə bütün mənalı ömrünü respublikanın tərəqqisinə həsr etmiş böyük oğlunu heç zaman unutmayıb.
Təbii ki, bu dahi tarixi şəxsiyyətin fəaliyyətinin hər dövrü Azərbaycanın XX əsrinin son 50 illik tarixinin inkişaf mərhələsinin əsasını təşkil edir. Ulu öndərin hakimiyyətinin ilk dövründə xalqın gələcəyi üçün çalışan şəxsiyyətin şəxsi təhlükəsizliyinin qorunması mühüm şərtdir. Ömrünün üst-üstə 30 ilini bu işə sərf edən insanların yada salınması, onların o dövrə aid xatirələri indiki və gələcək nəsillərə çatdırmaq ən azından mənəvi borcumuzdur.
Ans-press-in 2014-cü ildə Heydər Əliyevin şəxsi mühafizəsinin sabiq rəisi, "İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru, əslən bakılı Aleksandr Alekseyeviç İvanovdan aldığı müsahibəni təqdim edirik:
- Sizinlə görüşmək çox xoşdur. Çox xoşbəxtsiniz ki, Azərbaycan xalqının lideri Heydər Əliyevlə çalışmısınız, onun təhlükəsizliyinin qorunmasında əməyiniz olub. O günləri necə xatırlayırsınız?
- Tale uzun illər boyu belə bir dahi şəxsiyyətin yanında olmağa imkan verdiyi üçün özümü xoşbəxt hiss edirəm. Bu, mənim üçün çox böyük uğurdur. Ən əsası, bu illər ərzində mən onun yanında həyat və müdriklik məktəbi keçdim. Nə hər hansı ali təhsil, nə magistratura təhsili, nə də hazırda insanların aldığı çoxsaylı ad və dərəcələr bununla müqayisə oluna bilər. Cəmi 28 yaşında mən belə bir böyük insanın yaxın əhatəsinə daxil oldum. Bu insanın və onun gözəl ailəsinin mənim və ailəmin həyatında hansısa iz qoyduğunu həm bu illər ərzində, həm də indi – necə deyərlər, yaşımın ən yüksək nöqtəsində, böyük məmnuniyyətlə qeyd edirəm.
Xüsusilə 1982-87-ci illər arasında, Siyasi Büronun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin şəxsi mühafizəsinin rəhbəri olduğum dövr haqqında danışarkən məmnuniyyətlə qeyd edirəm ki, mənim peşə borcum belə bir böyük, özümə yaxın saydığım bir insanın həyatını qorumaq olub. Dövlət Təhlükəsizlik Komitəsinin ən aşağı vəzifəsindən başlayaraq, Azərbaycan SSR DTK sədrinin birinci katibi vəzifəsinə qədər yüksəlmiş və bu vəzifəni tutmuş ilk azərbaycanlı olan Heydər Əliyev peşəmizin bütün xüsusiyyətləri və bacarıqları haqqında hər şeyi bilirdi və bu səbəbdən öz təhlükəsizliyinin təmin edilməsi işinə bəzən özü başçılıq edirdi.
Dəfələrlə qeyd etmişəm ki, hər hansı kiçik səhv, yaxud peşə öhdəliklərinə qeyri-peşəkar yanaşma Heydər Əliyevin gözündən yayınmırdı. Onun yanında olduğum bütün dövr ərzində başa düşürdüm ki, onun özünə və iş fəaliyyətinə qarşı tələbkarlığı onun meyarlarından aşağı ola bilməz.
- Məlumdur ki, ulu öndərin dünyasını dəyişməsindən 11 il ötür. Təbii ki, bu, hər birimiz, həmçinin xalqımız üçün böyük itki oldu, hamını kədərləndirdi. Siz bu itkini necə dəyərləndirərdiniz?
- Təbii ki, 2003-cü il dekabrın 12-də mən də çox yaxın bir insanı itirmiş oldum. Tale elə gətirib ki, 12 dekabr tarixi mənim üçün ikiqat matəmdir. Talenin acı istehzası elə gətirib ki, bu il dekabrın 12-si anamın da vəfat etməsinin 3 ili tamam olur. İtki haqqında danışdıqda, hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir Azərbaycan sakini, hər bir azərbaycanlı və Heydər Əliyevi tanıyan hər bir şəxs üçün, bu, sözlə ifadə olunmaz bir itkidir. Bu, heç kim üçün sirr deyil.
Xalq onu həmişə sevib, dəyərləndirib, onun ölkə iqtisadiyyatı, insanların maddi rifahının və həyat şəraitinin yaxşılaşdırılması üçün verdiyi töhfələri daim qiymətləndirib. Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının prezidenti olub. Məsələn, mən Moskvada tez-tez oluram. Orada da Heydər Əliyevi xatırlayır və yüksək qiymətləndirirlər. Məhz Heydər Əliyevin köməyi və diqqəti sayəsində Moskvanın prestijli rayonunda mənə mənzil verilib.
Moskvada gəzərkən və həmin dövrlərin şahidi olmuş insanlarla ünsiyyətdə olarkən, onların çoxunun Heydər Əliyevin fəaliyyəti barədə ürəkağrısı ilə danışdıqlarının şahidi oluram. Təbii ki, Moskva sakinlərinin onun əhəmiyyəti, şəxsiyyəti və talantı haqqında təsəvvürləri dəyişib. Çünki insanlar hələ də 1987-ci ili xatırlayırlar. Həmin vaxt Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin ovaxtkı rəhbərliyi, ilk növbədə, Mixail Qorbaçov tərəfindən əsassız olaraq vəzifəsindən uzaqlaşdırılmışdı. Bu hadisə onun gündəlik həyatına da təsirsiz ötüşməmişdi.
Mən 12 dekabr tarixini hər bir kəsin Heydər Əliyev şəxsiyyətinin əhəmiyyəti barədə Düşünmə Günü hesab edirəm. Onun 1969-cu ildən etibarən Azərbaycana rəhbərlik etməsi, sonradan Sovet hökümətinin rəhbər vəzifələrində çalışaraq Moskvada keçirdiyi illər və sovet rəhbərliyi tərəfindən ona qarşı edilmiş ədalətsizlikdən sonra siyasi fəaliyyətə qayıdışı hər bir Azərbaycan vətəndaşına 12 dekabr tarixinə fərqli baxması üçün əsas verir. Bu həm matəm günü, həm də insanların Heydər Əliyevin Sovet İttifaqı və xüsusilə də, müstəqil Azərbaycanın inkişafı üçün verdiyi töhfələri dərk etdiyi gündür. O, ölkəmizin çiçəklənməsi və rifahının yüksəlməsi üçün çox işlər görüb. Böyük iradə tələb edən "Əsrin müqaviləsi" və onun Azərbaycanda reallaşdırılması yalnız Heydər Əliyev sayəsində mümkün olub.
- Təbii ki, sizin çalışdığınız dövrdə Heydər Əliyevlə bağlı maraqlı anlar yaşanıb. Sizin yaddaşınızda qalan, heç yerdə deyilməyən xatirəniz varmı?
- Heydər Əliyevin iş həyatı ilə bağlı çoxlu məqamlar mövcuddur ki, onlar haqqında saatlarla danışmaq olar. Onun hər bir hadisəyə yanaşmada nümayiş etdirdiyi qeyri-adi düşünmə bacarığına heyranam. 1986-cı ildə Heydər Əliyev Novorossiyskdə "Admiral Naximov” teploxodunun batması və nəticədə, 460 nəfərin həlak olması ilə bağlı fövqəladə hadisəni araşdıran komissiyaya başçılıq edirdi. Onun rəhbərliyi altında çoxlu insanlar – nazirlər, nazir müavinləri çalışırdılar. Bu zaman son dərəcə heyrətamiz hadisə baş verdi. O, iclasların birində ölüm səbəbi xanasında "suda batmışdır” yazılmış ölüm haqqında şəhadətnamə blankı gördü.
Heydər Əliyev nazir müavinini yanına çağıraraq dedi: "Yazmısız ki, suda batmışdır. İndi bütün insanlar bilir ki, "Admiral Naximov” teploxodu batıb. 10 il sonra hər hansı sosial məsələni həll edərkən ölənlərin qohumlarına deyəcəklər ki, qohumunuz sərxoş olduğu üçün batıb”. Buna görə də hadisə nəticəsində vəfat etmiş şəxslərin hər birinin ölüm şəhadətnaməsində ölüm səbəbi kimi, "Admiral Naximov” teploxodunda baş vermiş faciəvi hadisə ilə suda batmışdır” qeyd olundu.
İnsanlara qayğı hər bir halda özünü göstərirdi. Milis, yaxud DTK əməkdaşlarının onun insanlarla ünsiyyətinə mane olması Heydər Əliyevi çox qıcıqlandırırdı. Onun gülümsəyərək insanlarla ünsiyyətdə olması xronikası hər birinizə yaxşı məlumdur. O ilk növbədə milislərin kənara çəkilməsinə göstəriş verirdi. DİN rəhbərliyi bundan narahat olurdu, bu səbəbdən mühafizəçilər bir çox hallarda gündəlik geyimdə olurdular.
O, insanlarla ünsiyyətdə olması çox istəyirdi, bu səbəbdən, əvvəlcədən müəyyən edilməmiş insan kütlələrindən yan qaçmırdı. Səfərlər zamanı o maşını saxlatdırır, insanlarla söhbət edir, onun həyat və iş şəraitləri barədə soruşurdu. Bu, Heydər Əliyevin əsas iş meyarı idi. Vəzifəsi onun mağazalara getməsinə və alış-veriş etməsinə imkan vermirdi. Bununla belə, onun sanki sual-cavab axşamları olurdu. Məsələn, Kremldən bağa gedirdisə, həmin 30-40 dəqiqə ərzində məhsullar və əmək haqqı barədə soruşub öyrənirdi.
Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olarkən 20-dək nazirliyə rəhbərlik edirdi və bu nazirliklərin hər birində onu özünkü kimi qəbul edirdilər. Nəqliyyat, Dəmir Yol Nazirliyində onu dəmiryolçu, Dövlət Teleradiosunda jurnalist hesab edirdilər. O, üzərinə düşən hər bir işi xırdalıqlarına qədər öyrənirdi. Onun iş günü heç vaxt norma üzrə olmayıb. O, Kremlə ən tez gələn rəhbərlərdən biri idi.
Bundan başqa, Heydər Əliyev SSRİ Nazirlər Sovetinin yerləşdiyi Kremlin birinci korpusunda işləyən rəhbərlərdən yeganə şəxs idi ki, nahardan sonra yuxusunu almırdı. Halbuki ondan əvvəlki rəhbərlər üçün bu, bir qayda idi. O həmçinin Kremli tərk edən ən sonuncu şəxslərdən biri, bəlkə də, birincisi idi. "Vremya” verilişinə işdə baxırdı.
Buna uyğun bir misal da gətirə bilərəm. Bir gün axşam saat 10-dan sonra evə qayıdırdıq. Heydər Əliyev işdən çıxarkən Kremlin çıxışında dayanan növbətçi hərbi salam verir və gülümsəyir. Soruşdum ki, nəyə gülümsəyirsən? Cavab verdi ki, Heydər Əliyev Stalindən sonra ilk rəhbər vəzifə tutan şəxsdir ki, işdən belə gec çıxır.
Ətrafdakı bütün insanlar onun işə necə can yandırdığını görürdülər.
- Deyilənə görə, o vaxt Heydər Əliyev Sabirabad rayonuna səfərdən qayıdanda sürücüdən su istəyib. Sürücü isə deyib ki, 2 qarpız götürüb maşına qoymuşam. Ulu öndər onu tənbeh edib və deyib ki, belə etmə. Sonra deyəcəklər ki, Heydər Əliyev buradan 2 maşın qarpız aparır. Belə əhvalat olubmu?
- Azərbaycan regionlarına turne zamanı biz Sabirabad rayonunda da olduq. O, bütün rayonlardan çıxanda maşının qabağında otururdu. İnsanların onu görməsi üçün və onu yola salanların hamısı ilə sağollaşmaq üçün şüşəni də aşağı salırdı. Sabirabaddan çıxanda maşını saxlatdırdı və mənimlə yerini dəyişdi. Mən qabağa keçdim, o isə arxada əyləşdi. Maşından düşəndə Heydər Əliyev su içmək istədi. Sürücü baqajı açanda orada iki qarpız var idi. Heydər Əliyev məndən soruşdu: "Bu qarpız sənindir?” Mən təəccüblə baxdım, çünki onun yanından heç ayrılmamışdım. Sürücü bildirdi ki, qarpızlar ona aiddir. Heydər Əliyev onları haradan götürdüyünü soruşduqda sürücü bazardan aldığını dedi. Heydər Əliyev kəskin və qəti olaraq ona müraciət edir: "Sən indi məni aldadacaqsan? Sən necə onları götürdün, hansı cürətlə bunu etdin? Bu iki qarpıza görə Əliyevin adına hədiyyə kimi iki maşın qarpız yazacaqlar”.
Bax o, belə həssas adam idi. Heydər Əliyev sürücünün dəyişdirilməsini tələb etsə də, həmin vaxt bunu etməyə imkan yox idi. İki saatlıq yolu Heydər Əliyev israrla və qəti surətdə sürücünün hərəkətini pislədi.
Mən 28 yaşından Heydər Əliyevin yanında olmuşam. Onu deyə bilərəm ki, hansısa təqdimatlar və ya hədiyyələr barədə danışıqlar ona aid deyil. O, yalnız əmək kollektivinin hədiyyələrinə qiymət verirdi və bu hədiyyələrin hamısını evə gətirirdi. Bunun üçün ayrıca yer ayrılmışdı.
- Lev Tolstoyun belə bir kəlamı var: "Güclü insanlar həmişə sadə olurlar." Bu barədə nə deyə bilərsiniz? Ümumiyyətlə, o dövrdə indiki prezidentimizlə bağlı maraqlı məqamlar xatirənizdə varmı?
- Həqiqətən də, o, hər bir məsələdə sadə adam idi. O, bütün xırdalıqları başa düşürdü. Vəziyyətə və gələcəyə uzaqgörən baxış Heydər Əliyevin elə bil təbii xüsusiyyəti idi ki, bunun nəticəsində biz bu gün İlham Heydər oğlu Əliyev kimi rəhbərə malikik. Yenə də Azərbaycan regionlarına səfərlərə əsasən,- xronikadan olan bir çox fotolarda və televiziya materiallarında Heydər Əliyevə oxşayan cavan simanı görürük. Siz də bunu təsdiq edərsiniz. O, həmişə atası ilə birgə bu səfərlərə gedirdi. Bu səfərlər fiziki baxımdan çox ağır olurdu. İlham Heydər oğlu Əliyev atasının ZİL-ində yox, onun dalınca gedən Dövlət Təhlükəsizlik Komitəsinin qoruma maşınında olurdu. O vaxtı isə yollar indiki kimi deyildi. Toz, çirkli, bataqlıq idi. O, bu toz və çirkdə bütün operativ əməkdaşlar kimi çıxırdı. Regioanl və rayon yığıncaqlarında indiki kimi kondisioner olmurdu. Ən yaxşı halda hava üçün pəncərələr açılırdı. İlham Heydər oğlu bunlar baş verən zaman orda olurdu. Heydər Əliyevin işi zamanı o, həmişə yaxından iştrak edirdi.
Beləliklə, Heydər Əliyevin öz oğluna təlqin etdiklərini mən onun uzaqgörənliyi kimi qiymətləndirirəm. Bu gün bizim sahib olduğumuz rəhbərin hansı gücdə olduğu isə bütün dünyaya və hər bir Azərbaycan vətəndaşına bəllidir.
- Bu gün ölkəmizin inkişafı göz qabağındadır. Təbii ki, bu, öz-özünə yaranmayıb. Bu, məhz ulu öndərin oğlu, onun davamçısı, ölkənin indiki lideri İlham Əliyevin fəaliyyəti sayəsində baş verir. Bunu necə qiymətləndirirsiniz?
- İndi ölkəyə gələn hər bir kəs şəhər və regionlarda gedən inkişafı heyrətlə qarşılayır. Bu gün Azərbaycan dünyada iqtisadiyyatı və sosial məsələlər üzrə dünyada ilk pillələrdən birini tutur. Belə qısa müddət ərzində belə bir inkişaf tempi, bu cür qlobal obyektlərin tikintisi, hava limanında ucaldılmış 2 gözəl bina, şəhərə aparan gözəl yollar, Olimpiya stadionunun tikintisi, baxmayaraq ki onun tikintisinə heç 2 il deyil başlanılıb, artıq işıqlanma üzrə sınaq işləri aparılır. Dərnəgül yolu və hava limanı istiqamətində uzanan yol inrastrukturu - bütün bu işlər Heydər Əliyev siyasətinin bəhrəsidir. Çox sevindiricidir ki, bütün bunlar həm də ulu öndərin oğlu, onun davamçısı, ölkənin indiki lideri İlham Əliyevin fəaliyyəti sayəsində baş verir. Bu, ilk növbədə, insanlara göstərilən qayığının nəticəsidir.
Xatırladım ki, Heydər Əliyevin "Saşa"sının (Aleksandr İvanovun) ulu öndər haqqında ürək dolusu ilə danışarkən vaxtaşırı kövrəlməsi diqqətdən yayına bilməzdi. Çünki bu insani keyfiyyət ancaq və ancaq sədaqətli, qəlbi, vicdanı təmiz olan şəxslərə aid olan nümunədir və təqdirəlayiqdir.(publika.az)

AzerTaym.az






Fikirlər