Şeyxin qudası özünü Hacı Zeynalabdin Tağıyevlə müqayisə etdi: “Onun kimi tikdirdiyim evə görə tarixdə qalacam” — MÜSAHİBƏ

-

Qalib müəllim, bu yaxınlarda Milli Məclisin yəhudi əsilli deputatı Yevda Abramov məmurları xaricdə saxladıqları xarici valyutalarını ölkəyə gətirməyə çağırıb.

Bu məsələ gündəmə gələndən sonra sosial şəbəkələrdə geniş müzakirələr başlayıb. Bəzi insanlar sizin də xaricdə xarici valyutanız olduğunu səsləndirib...

- Yenə də mənim haqqımda yalan fikirlər yazırlar. Bir vaxt da yazırdılar ki, Hacı Qalib qızıl alveri ilə məşğul olur və sairə. Mən qızıl alveri edənəm? Birincisi, mən xaricə yalnız müalicə olunanda və Həcc ziyarəti zamanı gedib-gəlirəm. Mənim xaricdə pullarım haradandır? Doğrudan da xaricdə pulum varsa, onu sübut etsinlər. İnanın ki, əgər xaricdə pulumun olduğu təsdiqlənsə, həmin vəsaitləri camaata bağışlayaram. Əgər mənim xaricdə bank hesabım və ya pulum varsa, hamısını onu tapan adamlara bağışlamağa hazıram, qoy gedib tapsınlar, görək harada gizlətmişəm. Mən hansı yüksək vəzifə sahibi olmuşam ki, xaricdə pulum olsun? Kasıbçılıqla pul qazanaraq, gəlib bu günə çıxmışam. Görünür ki, kimlərsə mənim haqqımda qarayaxma kampaniyaları aparılmasını tapşırıb. 

Digər tərəfdən də mən bilmirəm ki, Yevda Abramov kimlərlə bağlı nə danışıb. Ancaq mən başqasının pullarını hesablayan, bu barədə danışmağı xoşlayan adam deyiləm. Pulu çox olan insanlara da zərrə qədər paxıllığım yoxdur. Kimin xaricdə pulu varsa, Allah daha da çox etsin. 

Əgər səmimi danışırıqsa, onu deyim ki, kişi öz pulu haqqında danışar, başqasının pulundan deyil! Mən də kişi kimi başqasının pulundan, var-dövlətindən danışmağı sevmirəm. Özümün nəyim varsa, o barədə danışıram. Özgəsinin pulu mənim nəyimə lazımdır? Başqasının pulunu saymaq İslamda da haram sayılır. Allah hər kəs kimi, məni də imkanlı etsin. 

- Bəs xarici ölkədə pul saxlayan məmurlara sizin münasibətiniz necə olardı?

- Bilirsiz, hər kəsin öz fikri və mövqeyi olur. Mən imkanı, yaxşı güzəranı olan insanlara daha artığını arzu edirəm. Bu mənim şəxsi mövqeyimdir. Çünki elə adamlar var ki, onlar yuxudan günorta durur, 2-3 saat gedib çayxanada vaxtını keçirir, sonra axşam gəlib yenə yatır. Bu cür adamlar da deyir ki, mənim milyonum olsun, gecə-gündüz yatmayıb çalışan insanlar da! İndi hansının imkanlı olması gərəkir? Təbii ki, əziyyət çəkib işləyənin pulu olmalıdır da! Burada nə qəbahət var? Çox əziyyət çəkən, işləyən insanlar pul qazanmalıdır və qazanır da! İndi durub bu cür adamların pulunu müzakirə etmək doğru deyil. Kiminsə pulunu müzakirə etmək, "filankəs varlı, filankəs isə kasıbdır” deyimi SSRİ dövründən qalma ənənədir. İndi kapitalizmdir, kim işləyir, əziyyət çəkirsə, onun pulu olur, Allah onun ruzisini əksik etmir.   

- Bir müddət öncə internetdə sizin də villanızın görüntüləri yayılmışdı. Yəqin ki, həmin villanı gecə-gündüz əziyyət çəkib, çalışıb ərsəyə gətirmisiniz? 

- Adam var ki, imkanı azdır, 2 otaq tikdirir, adam da var ki, 2 və ya 5 mərtəbə ev tikdirir. Burada qəbahət nə var? O vaxt mən demişdim ki, kişinin evi olar. Onlar da mənim adımdan yazdılar ki, kişinin villası olar! Ancaq SSRİ dövründə köhnə kişilər ev deyirdilər, indi də ona villa deyirlər. Villa və ya ev, eynidir. Onların məntiqi ilə yanaşsaq, o zaman azərbaycanlı milyonçu olmuş Hacı Zeynalabdin Tağıyevi də tikdirdiyi imarətlərinə görə ittiham edək. İttiham edib deyək ki, Hacı Zeynalabdin Tağıyev bu qədər evləri nə ilə tikdirib? Bu nə dərəcədə doğru olar? Hacı Zeynalabdin Tağıyev tikdirdiyi evlərinə görə tarixdə qaldı. Yoxsa kim bilirdi ki, onun nə qədər pulu var? Heç bir dəfə eşitmisiniz ki, desinlər Hacı Zeynalabdin Tağıyevin filan qədər pulu olub? Ancaq Hacı Zeynalabdin Tağıyevin Bakıda tikdirdiyi evlər tarixdə qaldı, ona görə tanındı. Hacı Zeynalabdin Tağıyevi və digər milyonçuları evlərinə görə tanıyırlar. İndi mən də deyəndə ki, kişinin evi olar, bu nədənsə bəzilərinin xoşuna gəlmir. 

- Siz də Hacı Zeynalabdin Tağıyev kimi evinizlə tarixdə qalmaq istəyirsiz? 

- Bu gün Bilgəh qəsəbəsinə girəndə hər kəs əli ilə göstərib deyir ki, bu Hacı Qalibin evidir. Yəni, bu 20-50 ildən sonra da belə olacaq. 
Digər tərəfdən isə arzu edirəm ki, Allah insanlara yaxşı imkan bəxş etsin, onlar da Bilgəhdə mənim tikdirdiyim evdən qat-qat daha böyük və yaxşı evlər tikdirsinlər. Mən buna yalnız sevinərəm. 

Mən onsuz da Azərbaycan tarixinə düşmüşəm. Mənim ağılım başımdadır, Milli Məclisdə deputat olmuşam. İndiyədək Milli Məclisdə elə adam olmayıb ki, o, 28 dəfə Həcc ziyarətində, 2 dəfə Kəbə evinin içərisində olsun. Allah nəsib etsə, bu il də Həcc ziyarətində olacam. Bütün bunları deputatların içində ancaq mən etmişəm. Bundan sonra da mənim etdiklərimi təkrarlayacaq insana yalnız Allah bunu bəxş edə bilər. Təsəvvür edin ki, 50 ildən sonra Milli Məclisin tarixinə baxılanda deyiləcək ki, deputat Hacı Qalib filan qədər Həcc ziyarətində olub və sairə. Ona görə də mən özümü tarixə düşmüş insan hesab edirəm.

Digər tərəfdən isə deyim ki, xaricdə kimlərin nə qədər pulu, varı-mülkü varsa, onların hamısı da xaricdə qalacaq. Azərbaycanda nə tikdirmisənsə, yalnız o qalacaq, səni ona görə tanıyacaqlar. Mənim bir milyarder dostum var, bir dəfə yanımda ağladı. Dedim ki, a kişi nə üçün ağlayırsan? O isə mənə tarixdə qalmaq üçün tikdirdiyi evi göstərdi və öləndən sonra onu kiminsə yad etməsi üçün bu evi tikdirdiyini dedi. Adamın milyardı var, ancaq var-mülk söhbəti etmir. Deyir ki, sabah rəhmətə gedəndən sonra məzarı üstündə kimsə gəlib ən azı bu evə görə salavat çevirsin.

Mən Sovet hökuməti dövründə bizneslə məşğul olmuşam. 1984-1985-ci illərdə tikinti materialları mağazam var idi, oradan əldə etdiyim bir günlük gəlirim 25 min 600 manat idi. Hətta, rəhmətlik atam o vaxt gəlirimi biləndən sonra mənə dedi ki, mənim 10 illik maaşım sənin bir günlük gəlirindən azdır. Həmin vaxt atam məktəb direktoru idi.  

 

- Hacı İbrahimlə qonşu olduğunuz deyilir. Bu, doğrudurmu? 

- Hacı İbrahimi çox yaxşı tanıyıram, o mənim həm dostum, həm də qonşumdur. Biz-bir-birimizə həddindən çox yaxınıq. Hətta, 1993 və ya 1994-cü ildə Hacı İbrahimlə bir yerdə Həcc ziyarətində olmuşuq. Hacı İbrahim Bilgəhdə gözəl bağ evi tikdirib, sağlığına qismət olsun. Hacı İbrahim çox ağıllı, zirək və bacarıqlı adamdır. Qonşu kimi də onun pis hərəkətini görməmişəm. Təbiidir ki, bacarıqlı və zirək olduğu üçün onun paxıllığını çəkən, pisliyini istəyən adamlar var. Bəzən onun haqqında mətbuatda yazılar yazırlar. Ancaq Hacı İbrahim heç də o yazılanlardakı kimi deyil. Mən bunu da Hacı İbrahimi müdafiə etmək üçün demirəm. Heç onun mənim müdafiəmə də ehtiyacı yoxdur. 
Yazırlar ki, guya Hacı İbrahim pulları ora-bura xərcləyir və sairə. Mən Hacı İbrahimi yaxşı tanıyıram. O, model qızlara heç 10 qəpik də pul verməz. Yalandan bu cür yazılar yazıb, onu nüfuzdan salmaq istəyirlər. Bir ara yazdılar ki, Hacı İbrahim ölkəyə xarici model qızları gətirir və sairə. Əslində, bu cür yazılarla onun evini yıxdılar. İndi ara-sıra onun adını modellərlə hallandırırlar. Ancaq Hacı İbrahim elə adam deyil. O, ağıllı və bacarıqlı iş adamıdır.

- Hacı İbrahim maraqlı insandır. Qonşu kimi onunla bağlı hansı maraqlı əhvalatı bilirsiz? 

- Hacı İbrahim Bilgəhdəki bağ evində Nehrəmdəki dağın maketini düzəltdirib. Hacı İbrahim maraqlı insandır, onun zəngin fantaziyası var, qurub-yaratmağa böyük həvəsi var. Bu da onda xüsusi istedaddır. 

Birdə ki, Bilgəhdəki torpağı 1994-1995-ci illərdə Hacı İbrahimə mən almışam. O vaxt mənə 10 min dollar pul verdi ki, torpaq al, mən də həmin torpağı onun üçün aldım.      

- Yəqin ki, xəbəriniz var, Həcc ziyarətində çox olmağınız cəmiyyətdə də birmənalı qarşılanmır. Bütün bunlar sizə necə təsir edir?

- Bəzən mən deyəndə ki, filanıncı dəfə Həcc ziyarətində olacam, dərhal yazırlar ki, Hacı Qalibin Səudiyyə Ərəbistanında pulları, bank hesabı var və sairə. Gah da yazırlar ki, guya ora gedib qızıl alveri ilə məşğul oluram. Hələ görək bundan sonra adıma nə çıxaracaqlar! 

- Sirr deyilsə, sahibi olduğunuz əmlak və mülklərin sayını açıqlayardınız. Bəlkə o zaman sizdən az yazarlar...

- Bunu ilk dəfə sizə səmimi şəkildə deyirəm ki, mənim Azərbaycanda Bilgəh kəndindən savayı heç nəyim yoxdur. Yəni, mənim Bakı şəhərində 2 otaqlı mənzilim, Bilgəhdə bir bağ evim, bir də maşınım var. Maşınımın da ili köhnədir, "Ford”dur, 5 il bundan əvvəl 70 min dollara almışdım. Mənzil də Sovet hökuməti dövründən qalıb.     

- Şeyxlə münasibətiniz necədir?

- Mən Şeyxlə hər gün danışıram. Şeyxlə aramız çox yaxşıdır. Onunla uzun müddətdir ki, çox yaxşı dostam. Bizim dostluğumuz qohumluqdan əvvələ gedib çıxır. Biz Şeyxlə əvvəl dost, sonra quda olmuşuq. Övladlarımızı da dost kimi məsələhət görüb ailə həyatı qurdurmuşuq. Bu gün dövran dəyişib, kimlərsə pula, vara-dövlətə görə dostluq edir, ancaq biz əsl dostuq. Bizim dostluğumuz 1987-ci ildən başlayıb. Bir xassiyətim var, mənimlə dost olmaq çətin məsələdir. Hər adamla dərhal dost olmaram. Yaxud da kiməsə gedib yalandan "dost” demərəm. Mənim üçün dost anlayışı böyükdür. Şeyx də insanların qeydinə qalan, Azərbaycanı sevən insandır. Mən hər zaman jurnalistlərə deyirəm ki, 1990-cu ilin qanlı yanvar günü Allahşükür Paşazadə Sovet İmperiyasını pisləyən bəyanat verib. Bu böyük tarixi hadisədir. Bəlkə də indi bu çoxlarına adi görünə bilər. Ancaq 1990-cı ildə Şeyxin bu cür bəyanat verməsi böyük cəsarət və risk tələb edirdi. 1990-cu ildə SSRİ prezidenti Mixail Qorbaçova o cür sərt sözləri kim deyə bilərdi? Kim Mixail Qorbaçova qarşı çıxış edə bilərdi? Ancaq Allahşükür Paşazadə bunu etmişdi. Həmin vaxt Sovet İttifaqı buna görə Şeyxi sərt şəkildə cəzalandıra bilərdi. Xoşbəxtlikdən həmin vaxt Şeyx sağ qaldı. Bütün bunlar Şeyxin təmiz vicdanından, Azərbaycan dövlətinə və xalqına necə bağlı olmasından xəbər verir. //olke.az






Fikirlər