Baş kulinar: “Toyda kolbasa verilməsi QONAGA TƏHQİRDİR”

Son zamanlar Bakıda və bölgələrdə baytarlıq xidməti əməkdaşlarının müsadirə etdikləri at-eşşək ətləri əhalinin qida təhlkəsizliyinə dair şübhələrini bir az da artırıb.

Səsləndirilən fikirlərdə at-eşşək ətlərinin kolbasa istehsalına, şadlıq evlərinə verildiyi iddia olunur.

 Kənd Təsərrüfatı Nazirliyi Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyevin “eşşək əti zərərli deyil” açıqlaması isə odun üstünə yağ tökülməsi effektini verdi. Çünki heyvanın ətinin sağlamlıq göstəriciləri müsbət olsa belə, insanların qidalanma rasionu nəzərə alınmalıdır.

“Kimsə mənə at-eşşək əti yedizdirsə...” 

Modern.az məsələnin aktuallığını nəzərə alaraq Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) rəhbəri, əməkdar mədəniyyət işçisi Tahir Əmiraslanovla əlaqə saxlayıb. Baş kulinarın məsələyə münasibəti kəskin oldu:

“Bu birmənalı olaraq yolverilməzdir. Kimsə mənə at-eşşək əti satarsa, başını yerindən qopararam və deyərəm ki, adam belə olur.

At ətini bütün türklər yeyir, yalnız türkmənlərlə azərbaycanlılar yemir. Qırğızlar maral və dəvə əti yemir, biz dəvə əti yeyirik. Elə xalq var it əti yeyir, eləsi var qurbağa yeyir və s. Biz inək əti yeyirik, amma elələri var ki, yemir. Texnoloji cəhətdən bütün ətlər yeyilə bilər, amma biz azərbaycanlılar genetik olaraq öyrəşdiyimiz ətləri yeyə bilirik. Çünki başqa ətlər bizə xeyir vermir. Ən azından zərər də verə bilər. Çünki biz o ətləri yeməyə hazır deyilik”.
“İçinə donuz əti vurub üstünə “halal” yazırlar”

 T.Əmiraslanov qeyd edir ki, qida seçimi insanların ixtiyarına buraxılmalıdır:

“Elə ət var ki, İslam dini onu yeməyi qadağan edir. Bu baxımdan kolbasanı hazırlayarkən içinə donuz əti vurub üzərinə “halal” yazmasınlar. Mən satana inanıb alıb yeyirəm, məgər bu doğru bir şeydirmi? Buna görə də satılan məhsulun üzərində düzgün göstərilməlidir: at əti, it əti, eşşək əti, mal əti və s. Axı onlar bilir ki, həmin ətləri heç kim alıb yeməyəcək. Ona görə də xəlvətcə, camaatın istəyinin əleyhinə olaraq at-eşşək ətini yedizdirirlər. Bu da işbazların işidir. Bizim biznesmenlərimiz, maşallah harada pul varsa, camaatı oradan öldürməyə hazırdılar. Saxta dərman da buraxırlar, keyfiyyətsiz qida da hazırlayırlar. Nəyin desəniz saxtasını hazırlayıb, üstünə “halal” yazıb, dədələrinin goruna da and içirlər”.
“Təkcə kolbasadan yox, bir çox şeylərdən çəkinmək lazımdır”

 T.Əmiraslanov əhalinin son günlər toy mərasimlərində kolbasa və lüləkababdan imtina etməsinə də münasibət bildirib:

“İnsanlar düz edirlər. Təkcə kolbasa və sosiskadan yox, bir çox şeylərdən çəkinmək lazımdır. Hansı toyda kolbasa yeyildiyi görülür ki? Bu gün qoyulur, yeyilmir, yığıb sabahkı toyda süfrəyə düzürlər. Restoranda kolbasa verilməməlidir. Restoranda aşpazların hazırladığı xörəklər insanlara təqdim edilməlidir. Biz restorana kolbasa yeməyəmi gedirik?! Nəyə görə kolbasa qoyulur?! Kim yeyir o kolbasaları?! Ümumiyyətlə restoranda, şadlıq evində süfrəyə kolbasa qoyulması əskiklikdir, qonağa təhqirdir. Süfrəyə qoyulan doğranmış kolbasanın tərkibi barədə məlumat almaq mümkün deyil. Bu baxımdan onu süfrəyə vermək olmaz”.
12 manatlıq ətdən hazırlanan 8 manatlıq lüləkabab...

Baş kulinar deyir ki, restoranlarda satılan lüləkababların tərkibi və keyfiyyəti də şübhə altındadır:

“Lüləkababın kilosunun 8 manata satılması çox qəribə və məchul bir şeydir. Ətin kiloqramı 12 manatdır. 1 kiloqram 650 qram ətdən 1 kiloqram lülə çıxır. 12 manatdan hesablayın, üzərinə kömürün və işçinin maaşını da gəlin. Ətin qiyməti 20 manata çıxır, gerisini isə hesablamağa ehtiyac yoxdur. Bişəndən sonra 1 kiloqram lülə 8 manata necə satılır? Mən bunu anlamıram. Bəlkə kimdəsə fokuslar var, mən bacarmıram onu”. 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 






Fikirlər