“İt ətini yemək olar” iddiasına Baytarlıq Xidmətindən REAKSIYA VERİLDİ
Yolçu Xanvəli qanunsuz at kəsmi haqda danışdı; baxçaların murdar ətlərdən sığortalanmadığını istisna etmədi Son vaxtlar murdar ət mafiyasının əməlləri haqda mediada ardıcıl yazılar, xəbərlər gedir. “Yeni Müsavat” mövzunun aktuallığını nəzərə alıb, “Azad İstehlakçılar Birliyi”nin (AİB) sədri Eyyub Hüseynovun fikirlərini öyrənib dəyərli oxuculara çatdırmışdı. Mövzu ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin də fikirlərini öyrəndik, E.Hüseynovun ittihamlarına da münasibətini xəbər aldıq. Y.Xənvəlinin ittihamlara münasibəti kəskin oldu: - İt ölüsü harada satılır? Eşşək meyiti harada tapılıb ki, mətbuatda belə şeylər danışılır? DİN-in keçirdiyi əməliyyat zamanı eşşək və ya it əti aşkar olunub? - Yolçu müəllim, bu heyvanların ətləri mənşəyi bəlli olmayan ət kateqoriyasına aid deyil? -Mənşəyi məlum olmayan ət o demək deyil ki, it və ya eşşək ətidir. Biz analizlər aparırıq. Yekunu haqda ayda bir dəfə mətbuata məlumat veririk. - Sonuncu dəfə belə məlumatı nə vaxt yaymısız? - Sizin qəzetinizdə və saytınızda da məlumatımız yayılıb. - Kənd Təsərrüfatı Nazirliyi(KTN) Aparatının Heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyevin mətbuata açıqlaması ictimiyyət tərəfindən kəskin etirazla qarşılandı. KTN rəsmisi - eşşək əti öz adı ilə müvafiq qaydada müayinələrdən keçsə, mənşəyi bilinsə və satışa təqdim olunsa, istehlak oluna bilər - demişdi. - Bu elə mövzudur ki, buna həssaslıqla, diqqətlə yanaşmaq lazımdır. Kimsə nə istəyirsə danışa bilər. O demək deyil ki, danışdığı reallığı əks etdirir. - Niyə hesab edirsiz ki, Eyyub Hüseynovun söylədikləri bilmədiyi məsələlərdir. - Söhbət ondan getmir. Məsələ burasındadır ki, mətbuat mənşəyi bilinməyən ətlərə it-eşşək əti adını verir. Analizlər keçirilməmiş ətlərin it-eşşək əti olduğu deyilir. - Bir müddət əvvəl Xaçmaz rayonunda xeyli, böyük bir ilxının kəsilmiş başları tapıldı. At başları ilə yanaşı eşşək başları da gözə dəyirdi. Bu məsələ araşdırıldı ki, bu qədər at-eşşəyin əti hara gedib? - Məsələ ilə bağlı hüquq mühafizə orqanları araşdırma aparmalıdır. Bu məsələni araşdırmaq bizim səlahiyyətlərimiz daxilində deyil. Biz nəyisə gizlətmirik. Apardığımız müayinələr barəsində mütəmadi olaraq məlumat veririk. Apardığımız müayinələr zamanı eşşək və it ətinə rast gəlinməyib. - Təmsil etdiyiniz qurumda it ətini, eşşək ətini mal-qoyun ətindən ayıra bilən avadanlıq var? - Əlbəttə var. Bütün ətlərin ekspertizasını keçirməyə imkan verən avadanlıqlarla təchiz edilmiş ekspertiza var. - Eyyub Hüseynovun sadaladığı məlumatları bölüşürsünüz? - Biz kimsənin fikirlərini şərh etmirik. - Ortada faktlar var, ittihamlar var. - Vətəndaş öz fikrini deyə bilər, amma müayinələrin nəticəsində eşşək-it əti müəyyən olunmayıb. Keçən rüb ərzində aparılan baytarlıq baxışı zamanı 70 ton mənşəyi bilinməyən, sağlamlığa dair heç bir sənədi olmayan ət və ət məhsulları aşkar olunub. 70 tonun 30 tonu kolbasa və kolbasa məmulatlarıdır. Aşkar olunan ətlərdən 5,3 tonu at əti olub. Həmin ətlərın arasında it və eşşək ətləri olmayıb. Tutulan ətlərlə bağlı ictimaiyyətə məlumatlar veririk. Sonuncu dəfə Kürdəmirdə mənşəyi bilinməyən ət tutulub və bu haqda da məlumat yaymışıq. Bundan əvvəl isə maşında tutulan ətin ata məxsus olduğu haqda ekspertiza rəy verdi. Rəydə qeyd olunurdu ki, ətlər insan qidası üçün yararsızdır. Biz məlumatları ictimaiyyətdən gizlətmirik. - Maraqlı bir məqama toxundunuz – dediz ki, 30 ton qida üçün yararsız kolbasa və kolbasa məmulatı aşkar olunub. Bu hansı şirkətlərin istehsal etdiyi məmulatlar idi? - Biz bu məlumatları açıqlamırıq. - Niyə? - Çünki içində xaricdən gələn məmulatlar da var. - Deyin, vətəndaş da zir-zibil istehsal edən şirkətin məhsullarını tanısın. İstər xaricdən gələn olsun, istər yerli istehsal olsun, əgər vətəndaşa satılan mal qida üçün uyğun deyilsə, istehsalçının adı niyə gizli saxlanılır? - Həmin məhsulların saxlama müddəti ötüb. - Məgər müddətin bitməsi kolbasa və kolbasa məmulatının mənşəyi bilinməyən ətdən hazırlanması deməkdir? - Dedim ki, 30 ton keyfiyyətsiz kolbasa və kolbasa məmulatı aşkar olunaraq zərərsizləşdirilib. - Həmin məmulatların hansı heyvanın ətindən hazırlandığı araşdırılıbmı? - Keyfiyyətsiz malların mənşəyi araşdırılmır. - Bəs həmin məmulatların at-it-eşşək ətindən hazırlanmadığını hansı sənədə əsasən deyirsiniz? - Biz bu məlumatları açıqlaya bilmərik. Söhbət vaxtı ötmüş, keyfiyyətini itirmiş məhsullardan gedir. - Eyyub Hüseynov deyir ki, 1963-cü ildə SSRİ-nin 15 respublikasında istifadə edilən ətlərin preskurantı hazırlanıb. Həmin sənədə yalnız Azərbaycan Respublikasında eşşək ətinin yeyilən ət kimi salınıb. Digər respublikalarda isə eşşək əti yeyilməyən ət statusunda saxlanıb. Həmin sənəd bu günə qədər etibarsız hesab edilməyib. Belədir? - Bu suala digər qurumlar cavab verə bilər, bizim səlahiyətimizə aid deyil. - Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Azərbaycanda öz adı ilə it, at, eşşək ətinin satışının qadağan olunmadığını deyib. Belə çıxır ki... - Yenə də deyirəm, biz apardığımız işlər haqda məlumat veririk. Keçirilən müayinələr haqda, məhsulların keyfiyyətli olub-olmaması, zərərsizləşdirilməsi haqda məlumat veririk. - İt, at, eşşək əti yeməlidir? - Bunu aidiyyəti orqanlardan məlumat alın. - Baytarlıq Xidməti bu haqda məlumat verə bilməz? - Bizim səlahiyyətimizdə deyil. Müayinə edilən məhsulların içərisində it, uzunqulaq əti müəyyən olunmayıb. At əti aşkarlamışıq. Bu da Azərbaycanın daxilində gizli, qeyri-qanunu fəaliyyət göstərən “iş adamları”nın fəaliyyəti nəticəsində satışa çıxarılan ətlər olub. Biz it və uzunqulaq əti aşkarlamamışıq. - At ətini dana əti adı ilə satanların məsuliyyəti nədir? - Mənşəyi bəlli olmayan, qeyri-qanuni kəsimlə məşğul olan fiziki şəxslər 200 manat cərimə olunurlar. Əgər şəxs ikinci dəfə belə ət satışı ilə məşğul olursa 300 manat cərimə edilir. Bu hal dəfələrlə təkrar olunursa, sonrakı hallarda şəxs barəsində hüquq mühafizə orqanlarına müraciət olunur. Tərəfimizdən aşkarlanan at əti kəsimi ilə məşğul olanlar barəsində hüquq-mühafizə orqanlarına müraciət olunub. - Həmin şəxslərin qeydiyyatı aparılırmı? - Bir müddət əvvəl Cəlilabad rayonunda belə bir kəsim nöqtəsi aşkarlanmışdı. Əməkdaşlarımızın keçirdiyi reyd zamanı 4 atın kəsilməsi aşkar olundu. Həmin kəsimlə məşğul olan şəxs reyd zamanı qaçmışdı. Atların kəsilməsi protokollaşdırılıb qanunlara uyğun müvafiq orqanlara göndərildi. - Belə əməllərə görə inzibati qaydada həbs olunanlar var? - Həbs haqda qərarı biz vermirik. Bunu müvafiq qurumlar verir – Baş Prokurorluq, Daxili İşlər Nazirliyi bu haqda məlumat verə bilər. - Bir qədər əvvəl belə bir ifadə işlətdiz ki, qeyri-qanuni kəsimlə məşğul olanlar cəzalandırılır. Bəs Azərbaycanda atların qanuni kəsim məntəqəsi var? - Qanuni at kəsimi yeri hələlik fəaliyyət göstərmir. Amma Gəncə və Gəncə ətrafı ərazilərdə belə sexlərin yaradılması nəzərdə tutulur. Kəsilən atlar ətləri müayinədən keçirilib Moldovada satılması nəzərdə tutulur. Hələlik isə Azərbaycanda belə bir sex fəaliyyət göstərmir. - Uşaq bağçaları tərəfindən alınan ətlərin haradan alınması, keyfiyyətli olub-olmaması yoxlanılırmı? - Belə müəssisələr adətən kəsim sexləri ilə müqavilə bağlayırlar. Bundan sonra müqavilə üzrə müayinədən keçmiş ətlər baxçalara verilməlidir. - Bağçalara verilən ətləri baxça yeməkxanalarında yoxlamaq səlahiyyətiniz var? - Kəsim sexlərində baytarlıq ekspertizaları fəaliyyət göstərir. Heyvanlar kəsildikdən sonra müayinə edilir, sağlam olarsa, bud və qol nahiyəsinə 4 yerdən xüsusi möhür vurulur. Həmin möhür təsdiqləyir ki, cəmdək insan sağlamlığı üçün ziyanlı deyil, keyfiyyətlidir. - Dövlət Baytarlıq Xidmətinin ölkə üzrə nəzarət etdiyi nə qədər kəsim nöqtəsi var? - Bizim qeydiyyatımızda olan kəsim sexlərindən 12-si Bakı şəhərindədir. Qalanları isə rayonlardadır. Ümumi respublika üzrə 115 baytarlıq lobaratoriyası mövcuddur. - Son vaxtlar 115 laboratoriyanızda müayinə edilən ətlərin içində insan sağlamlığı üçün zərərli, keyfiyyətsiz, adı ilə satışa çıxarılmayan ətlər olub? - Son məlumatlar əlimizdə yoxdur. Bəli, belə ətlər müəyyən olunub və aktlaşdırılaraq zərərsizləşdirilib. 2016-cı ildə 1247528 müayinə nəticəsində 13 ton müxtəlif növ heyvan və quş ətinin , 33 tondan artıq iri və xirda buynuzlu heyvanların daxili orqanları, 3.6 tondan artıq balığın . 9 tondan artıq süd və süd məhsullarının, 21 min ədəddən artıq yumurtanın, 185 kiloqram yağın insan qidası üçün yarasız olması aşkar edilərək baytarlıq qanunvericiliyinə uyğun olaraq məhv edilib. Bu 115 laboratoriyalarda aşkar olunub və zərərsizləşdirlib. Qida məhsullarının təhlükəsizliyi ilə bağlı keçirilən reydlər zamanı mənşəyi məlum olmayan, Dövlət Baytarlıq Xidmətini müvafiq laboratoriyalarından keçməyən, insan qidası üçün yararsız 23 ton heyvan ətləri, 53 ton kolbasa və kolbasa məmulatları satışdan çıxarılaraq məhv edilib.