Tünzalə Rafiqqızı: “Azərbaycan mətbuatında azadlıq yoxdur” – MÜSAHİBƏ (I Hissə)

bitmap-img6

“Bu gün oxucular çox pis aldadılır. Mən bu vəziyyətdən iyrənirəm”

 

Tünzalə Rafiqqızı: “Artıq jurnalistikada da şou-biznes nümayəndələri kimi sponsora güvənən qadınlar çoxalıb”.
Azərbaycan mətbuatının tanınan simaları arasında özünəməxsus yer tutan şəxslərdən biri də jurnalist Tünzalə Rafiqqızıdır. Həyatının müəyyən hissəsini jurnalistika sahəsində keçirən xanım jurnalistlə mətbuatın dünən və bu gününü müzakirə etdik. Bu müzakirənin nəticəsi olaraq, PİA.AZ  telejurnalist Tünzalə Rafiqqızı ilə olan müsahibəni oxucularına təqdim edir:
Dosye: BDU-nun jurnalistika fakültəsini bitirib. Jurnalistlik fəaliyyətinə 1995-ci ildən tələbəykən başlayıb. Müxtəlif media sturukturlarında çalışan Tünzalə Rafiqqızı həm də Maliyyə Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyib. İkinci dərəcəli dövlət qulluqçusudur. ATV, ANS və Space kanallarında aparıcı-jurnalist və  xəbər xidmətinin müdir müavini vəzifələrində çalışıb. Bir qızı var.
 Tünzalə xanım, telejurnalist olduğunuz, ümumiyyətlə jurnalist olduğunuz üçün peşiman deyilsiniz ki? Misal üçün, övladınızın jurnalist olmasını istərdinizmi?
- Mən universitetə yüksək balla qəbul olmuşdum və digər ixtisasları seçmək imkanım da var idi. Ancaq seçə biləcəyim ixtisaslar içərisində jurnalistikaya üstünlük vermişdim. O vaxtkı istəklərim, arzularım  məni jurnalistika sahəsinə çəkirdi. Ancaq işlədiyim zamanlarda anladım ki, istək və arzuların reallaşması daha çətindir. Bu sahədə çox çətinliklər görmüşəm. Ona görə də övladım jurnalist olmaq istəsə, qəti şəkildə buna icazə vermərəm. Hörmət etdiyim həmkarlarımdan biri çox gözəl bir söz demişdi ki, jurnalistika birinci insanın özünü, sonra isə ailəsini və yaxınlarını əlindən alır. Jurnalistika insanı özündən çıxarır. 
- Yəni ki, qadın üçün jurnalist olmaq çox çətindir.
- Bir qadın üçün jurnalist olmağın həm asan, həm də çətin tərəfləri var. İndiki dövrdə ədalətli, yaxşı və operativ jurnalist olmaq çətindir. Ancaq indi qadın “jurnalist”lərin sayı çoxdur və onlar üçün bu sahədə çalışmaq çox asandır. Yəni, artıq jurnalistikada da şou-biznes nümayəndələri kimi sponsora güvənən qadınlar çoxalıb. 
photoslide_title

Tünzalə Rafiqqızı: “Övladım jurnalist olmaq istəsə, qəti şəkildə buna icazə vermərəm”.

- Sovet dövründəki telemakanla indiki  teleməkan arasında oxşar və fərqli cəhətlər nədir?
- Mənim uşaqlıq illərim Sovet dövrünə düşüb. Uşaqlığını iki dövr arasında itirən insanlardan biri olmuşam. Belə deyim, uşaqlıq və gənclik illərimi qarışıq dövrdə keçirmişəm. Yadıma gəlir ki, ağ-qara ekranlı televizorda Nərgiz Cəlilova, Telli Əliyeva, Rafiq Haşımov və s. kimi insanları görürdüm və bu  insanların bir qutunun içərisindən danışıqları mənə sehirli gəlirdi. Buna görə də televiziya sahəsi məni cəlb edirdi. Sovet dövründəki teleməkanda sırf  diktorluq varıydı, gəlib informasiyaları oxuyurdular və  gedirdilər. Lakin mənim jurnalistika dövrümdə Qulu Məhərrəmli, Sevil Nuriyeva, Mirşahin Ağayev kimi insanlar var idi. Bu  insanların jurnalistikası fərqli idi. Onlar araşdırma aparırdı, jurnalistikaya diktorluqdan çox, öz şərhlərini gətirdilər. Yəni ki, sırf qəlibdə deyildilər.
- Belə demək olarmı ki, sizin dövrünüzdəki jurnalistlər Sovet dövründəki jurnalistlərdən daha azad olublar?
- Bəli, mənim dövrümdəki jurnalistlərdə azadlıq var idi. Sovet dövründə azadlıq olmayıb. Çünki jurnalistika fakültəsində mənə dərs keçən müəllimlərim də demişdi ki, o vaxtlar bizdə azadlıq yox idi. Heydər Zeynaloğlu, Qaçay Köçərli kimi müəllimlərim o dövr üçün jurnalistlərin azad yaradıcılıqlarını görmədiklərini bildirmişdilər. Lakin sonradan azadlıq və yaradıcılıq yarandı. Təəssüf ki, azadlıq və yaradıcılıq yaranandan sonra sui-istifadə halları da yarandı və bu getdikcə daha da çoxalır. 
Bilirsiniz, biz, bizə verilən azadlığın qədrini bilmirik. Bu isə sonradan özümüzə qarşı müəyyən problemlər yaradır. İndiki şəraitdə jurnalistika özü-özünü cidarlayıb. Bu il mənim jurnalistikaya gəlməyimin 20 ili tamam olur və jurnalistika sahəsi üzrə bütün sahələrdə işləmişəm. Mətbuat xidmətindən tutmuş radio, jurnal, qəzet, televiziya kimi sahələrdə fəaliyyətim olub. Əminliklə deyə bilərəm ki, 90-cı illərin jurnalistikası ilə indiki jurnalistika çox fərqlidir. İndi “copy-paste” dövrüdür. Demək olar ki, jurnalist araşdırması yox səviyyəsindədir. Hətta jurnalist araşdırsa belə, o araşdırmanı ortaya qoymaq üçün imkan yoxdur.90-cı illərdə fakt var idi və bu faktı tapıb ortaya çıxarmaq çətin idi. Jurnalist o faktı tapıb ortaya çıxaranda çətinliklə olsa da, yaya bilirdi. Ancaq indiki dövrdə fakt ortadadır, amma o faktı ortaya çıxaracaq jurnalistin heç ixtiyarı da yoxdur ki, o faktı yaysın. Çünki Azərbaycanda müstəqil jurnalistika yoxdur. Bu gün Azərbaycanda öz ayağı üzərində duran jurnalist tapılmır.

photoslide_title

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Tünzalə Rafiqqızı: “İstər radiolarımız, istərsə də televiziyamız sosial mediaya çox güclü şəkildə uduzur”.

- Jurnalistləri fərd olaraq bir kənara qoysaq, bəs Azərbaycan mətbuatında söz azadlığı hansı səviyyədədir?
- Azərbaycan mətbuatında azadlıq yoxdur. İstər radiolarımız, istərsə də televiziyamız sosial mediaya çox güclü şəkildə uduzur. Bu gün hansısa bir informasiyanı sosial şəbəkələrdən daha tez əldə etmək olmur. Bu vəziyyət operativliyi nə dərəcədə artırırsa, keyfiyyəti də o qədər aşağı salır. Yəni, sosial şəbəkələrdə əsasən tam dəqiqləşdirilməmiş məlumatlar yayılır və bu da peşəkar qaydalara ciddi şəkildə zərər vurur. Əvvəllər televiziyada bizim qarşımıza qoyulan bir tələb var idi ki, biz informasiyanı ən azı iki və ya üç mənbədən dəqiqləşdirməli idik, görüntülər və faktlar əldə olunmalı idi. Ancaq bu gün vəziyyət başqa cürdür. Bir nəfər ağzından hansısa informasiyanı çıxarsa, saytlar dəqiqləşdirilmədən yayırlar. Ən acınacaqlısı odur ki, seçilən başlıqlar hədsiz dərəcədə bayağı olur. Bu gün oxucular çox pis aldadılır. Mən bu vəziyyətdən iyrənirəm. Hətta jurnalist olduğum üçün elə xəbərləri görəndə jurnalistikanı seçdiyimə  utanıram. 
- Mətbuatın bu cür acınacaqlı vəziyyətə düşməsində aiddiyyatı qurumların laqeydliyi rol oynayırmı?
- Azərbaycan mətbuatında elə tutarlı bir media qurumu tanımıram ki, onlar həqiqətən medianın inkişafı üçün çalışsınlar. Mətbuat Şurasının işi ancaq reket jurnalistlərin adlarının siyahısını tutmaqdan ibarətdir. Hətta onlara qarşı ciddi tədbirlər də görülmür. Şuranın bu illər ərzində Azərbaycan jurnalistikasının inkişafı üçün hansısa ciddi addımlar atdığını görməmişəm. Mən jurnalist kimi Mətbuat Şurasının fəaliyyətindən yararlana bilmirəmsə, ildə iki dəfə hansısa bir müsabiqə keçirmək və kiməsə 300-500 manatlıq mükafat tərtib eləməyini Mətbuat Şurasının işi saymıram. Aiddiyyatı qurumların fəaliyyəti ancaq məhdudlaşdırıcı qərarlar qəbul etməkdən ibarətdir. 
Baxın, indi jurnalistlərə ev verilir. Öncəliklə, hansı jurnalistlər ev alıb və alacaqlarsa, təbrik edirəm. Ümid edirəm ki, heç olmasa bu dəfə layiqli jurnalistlərə ev verilsin. Bu yaxınlarda iş yoldaşlarımdan biri dedi ki, ədalətli bölgü olur. Biz də təəccüblə ona baxdıq. Dedi ki, düz deyirəm də, evi olan ev aldı.  Yəni, evi olana ev verirlər. Fikirləşəndə görürsən ki, adam haqlıdır. Ancaq elə jurnalistlər var ki, illərlə bu sahəyə can qoyublar, amma ev alan jurnalistlərin siyahısında adları yoxdur. Məsələn, səngərdə illərlə canını qoyan hərbi jurnalist Rahib Qəribin bu gün evsiz qalmasını qəbul edə bilmirəm. 
Onu da xüsusilə vurğulamaq istəyirəm ki, jurnalistlərə ev verilməsi ilə bağlı mətbuatımızda biabırçı vəziyyət yaranıb. Xüsusən də, son bir həftə ərzində ağlaşma yaranıb.Yazıçılardan tutmuş jurnalistlərə qədər hamı ev haqqında danışır. Məqsədli şəkildə yazılan yazılara nə ehtiyac var? İnsanları bu şəkildə bir-birindən iyrəndirməyə ehtiyac yoxdur. 
-Ümumiyyətlə, jurnalistə ev verilməsi nə dərəcədə doğrudur? Yəni, hazırda jurnalistlər evə görə bir-birilərinin ətini yeyirlər və bütün redaksiyalarda narazılıq pik həddədir...
- Əslində jurnalistlərə ev verilməsini normal qəbul eləmirəm. Cənab Prezidentə təşəkkür edirik ki, jurnalistlərimizi qiymətləndirir. Kaş bizim mediamız elə bir səviyyədə olaydı və jurnalistlərimiz elə bir maaş alardılar ki, onlar  evi məhz öz maaşları hesabına ala bilərdilər. Bu şəkildə tək ev almaqla kifayətlənməzdilər, həmçinin sosial rifahları da yaxşı olardı. 

photoslide_title
Tünzalə Rafiqqızı: “Mətbuat Şurasının bu illər ərzində Azərbaycan jurnalistikasının inkişafı üçün hansısa ciddi addımlar atdığını görməmişəm”.

- Müsahibələrinizin birində demişdiniz ki, ANS-dən çıxmağınıza səbəb qızınızın “iş həmişə var, amma mən bir də bu boyda olmayacam” sözü olub. ANS vaxtınızı çoxmu alırdı, məsələn, övladınıza vaxt ayıra bilməyəcək qədər?
- Bəli, ANS-də vaxtım çox gedirdi. Ümumiyyətlə, jurnalistika insanın həyatını əlindən alır. Onu da qeyd edim ki, ANS-dən qazandıqlarım da çox oldu. Ona görə də ANS məktəbinə yanlız və yanlız təşəkkür edə bilərəm. 
- Bəs, ANS-in bağlanacağını gözləyirdiniz? Yəni, ANS sırf Fətullah Güləndən alınan müsahibəyə görə bağlandı, yoxsa ANS-in başqa “günahları” da vardı?
- Düzünü desəm, ANS-in bağlanacağını gözləyirdim. Çünki ANS xəbər formatını dəyişmişdi və saatlarla xəbərlər verirdik. Ancaq Azərbaycan cəmiyyəti Amerika, Avropa deyil. Ona görə də Azərbaycan cəmiyyətinin CNN və BBC kimi kanallarda olduğu kimi gedən xəbərləri izləmək və həzm eləməyi çox çətindir. Mən Mirşahin Ağayev və Vahid Mustafayevə təşəkkür edirəm ki,  biz o səviyyəni gördük. Halbuki, bu gün kanallarımızda o səviyyə görünmür. Azərbaycan cəmiyyəti CNN kanalını görmək istəmir. Bizim cəmiyyət buna hazır deyil və ancaq şoular, bayağı verilişlər istəyir. Cəmiyyət bu gün “Maşın şou”nu, şou-biznes nümayəndələrinin davasını görmək istəyir. Cəmiyyətimiz xəbər həzm eləmək iqtidarında deyil. Artıq cəmiyyətə bu xəbəri vermək istəyənlər də yoxdur. 
Mən ANS-dən sonra “Space” kanalında çalışmağa başladım. Sizə bu kanaldakı xəbər sistemini deyəcəm. Əsas xəbərlər zəhərlənmə hadisələri, zəlzələ və sürüşmə hadisəsindən ibarətdir. Bir xəbər kanalının aylar ərzində istifadə elədiyi tək mövzular bunlar idi, amma əslində belə olmamalıdır. Bizdə əsas problem odur ki, hansısa xəbərləri vermək icazəmiz yoxdur. Biz nə vaxta kimi Ərşad Hüseynovun ekspert rəylərinə hesablanan informasiyaları verə bilərik?! 
Biz irəli gedə bilmirik. Hətta nazirliklər belə informasiyanı yayanda o dərəcədə bloklaşdırırlar ki, informasiya informasiyalıqdan çıxır. Mövcud xəbər mühiti tamaşaçıları sıxır. Ona görə televizorda xəbərləri izləyən tamaşaçıların sayı da azdır. Mən ANS-in strukturunda bəyənmədiyim cəhətlərə indi şükür edirəm. Bu gün hələ də televiziyada “word” sistemi ilə yazı yazılır, birbaşa canlı efirə çıxmağın nə olduğunu bilməyənlər var. 
- ANS kanalı sosial problemləri daha çox qabardan kanal idi. Hətta “İç Xəbər” verilişinin başlamasını səbirsizliklə gözləyənlər, şikayətlərinə baxmayan aiddiyyatı qurumlara  əməllərinə görə ANS-ə müraciət edəcəklərini deyən vətəndaşlar olurdu. Hesab edirsinizmi ki, bu cür məsələlər baxımından ANS-in bağlanması həm də digər kanallarımız üçün bir mesaj idi?
- ANS-ə qarşı sosial problemlərin çox qabardılmaması ilə bağlı təzyiqlər hər zaman olurdu. ANS-in bağlanması digər kanallar üçün bir dərs oldu. Düzünü desəm, o kanallar onsuz da sosial problemləri qabartmırdı. Sadəcə olaraq, o kanallar ən azından ANS-in yanında yürümək məcburiyyətində idilər. 
Baxın, ölkəmizdə aprel döyüşləri baş verdi. Aprel döyüşlərində ANS-in fəaliyyəti göz qabağında idi. Kimlərsə deyirdi ki, ANS bu fəaliyyətlə özünə reytinq yığmağa çalışırdı. Razıyam, bu mövzuda reytinq yığmaq məsələsi də var idi, amma ən azından aprel döyüşləri barədə xəbərlər göstərdilər. Və onu da deyim ki, bir telekanalın reytinq qazanmaq istəməsi çox təbiidir. Aprel döyüşündən sonra bizim əsgərlərimizin böyük şücaətləri olub. Hansı telekanalımız bu barədə xəbər verib?! Heç biri. Sizə əminliklə deyirəm, aprel döyüşləri zamanı göstəriş verilməsəydi, heç bir telekanal gedib çəkiliş aparmayacaqdı. Ancaq ANS getdi və daha sonra məcburən digər kanallarımız da bu yolu seçdi. 
Onu da qeyd edim ki, ANS-də ən çox sevilən və ən çox təzyiqlərə məruz qalan jurnalistlərdən biri olmuşam. Ancaq ANS-in haqqını yeyə bilmərəm. 
photoslide_title

Tünzalə Rafiqqızı: “ANS-in bağlanacağını gözləyirdim”.

- Televiziyalarda çalışdığınız zaman yaradıcılıq ruhunuz həmişə azad olub, yoxsa televiziya yaradıcılığınız ruhunuzu həmişə həbsdə saxlayıb?
- Televiziyalarda çalışdığım zamanlarda yaradıcılıq ruhum tam azad olmayıb. Ümumiyyətlə, mediada azadlıq 90-cı illərdə idi. 2000-ci ildən başlayaraq mediada azadlıq qalmayıb. Bu azadlıq zaman keçdikcə daha da itir. Bizə verilən imkanlar daxilində doğru xəbəri çatdırmağa çalışmışıq. 
- Sizcə, niyə Azərbaycan efirində bayağı şou-biznes hakimi mütləqdir? Müxalifət hesab edir ki, bu siyasi sifarişdir. Bu doğurdanmı belədir, yoxsa telejurnalistlərimiz arasında daha ciddi mövzuları peşəkar səviyyədə bilənlərimiz demək olar ki, heç yoxdur və buna görə də telejurnalistlərimiz çörəklərini şou-biznesdən çıxarırlar?
- Mən jurnalistikanın siyasətə qarışmasına həmişə qarşı olmuşam. Bu illər ərzində heç bir siyasi partiyanın üzvü olmamışam, heç bir siyasi partiyanın tərəfini tutmamışam. Bilirsiniz, kütlə bir yerə yönləndirilir və o yönləndirmənin arxasında bizim şüuraltı informasiyalarımız durur. Bizə təlqin olunan şou proqramlarının içində də müəyyən informasiyalar var.
 Bu yaxınlarda telejurnalist İradə İsaqın “Tor” verilişinin bağlandığını eşitdim. Deyim ki, İradə İsaqın jurnalistika fəaliyyətini çox bəyənirəm. Münbit şərait yaradılsa, İradə xanımın böyük işləri olar. Mən İradə xanımın verilişinin bağlanmasının səbəbini prodüsserdən öyrəndim və məlum oldu ki, verilişin bağlanmasına səbəb sponsorların pul ayırmamasıdır. 
- Ancaq İradə xanım açıqlama vermişdi ki, onsuz da veriliş qısa müddətli nəzərdə tutulmuşdu.
- Əgər sponsor olsaydı, o veriliş uzunmüddətli də ola bilərdi və veriliş yarımçıq saxlanmazdı. Çünki verilişin özünə görə tamaşaçıları da var idi. Fakt budur ki, bu gün cəmiyyət bayağı verilişləri daha üstün tutur. Bu gün insanlar “Maşın şou”ya baxmağı, ciddi verilişlərə baxmaqdan üstün bilirlər. Murad Dadaşova böyük hörmətim var. Sadəcə olaraq kütlənin düşünülmüş şəkildə o verilişə istiqamətləndirildiyini düşünürəm. Kütlə ciddi mövzulara maraq göstərmir, çünki insanlar heç nəyə ciddi yanaşmırlar. İnsanlar ailə qurmaqdan tutmuş həyat tərzlərinə qədər hər şeyə qeyri-ciddi yanaşırlar. 

photoslide_title
Tünzalə Rafiqqızı: “Biz nə vaxta kimi Ərşad Hüseynovun ekspert rəylərinə hesablanan informasiyaları verə bilərik?!”.

Bizdə orta təbəqə var idi. Zaman keçdikcə bu orta təbəqə silinir və sosial çökməni sürətləndirir. Məhz jurnalistikanın qaymaqları sayıla biləcək Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu kimi insanların televiziyadan uzaq tutulması və yanlız sosial mediada özlərinə yer tapması mənə ağrılı gəlir. Nəyə görə məhz sponsor gətirə bildiyinə görə hansısa şoumen istədiyi kanalda saatlarla veriliş vaxtı ala bilir, amma adlarını sadaladığım insanlar bu imkandan yararlana bilmir? Mən dəfələrlə sosial-iqtisadi bir veriliş hazırlamaq istədim. Hətta buna görə kanallara müraciət də etdim və mənə bildirdilər ki, bu veriliş tutmayacaq. Bu gün bizim müğənnilərimiz sosioloq, politoloq, siyasətçi, bir sözlə, “hərşeyşünas” kimi istənilən proqramda iştirak edirlər. Verilişlərə bir nəfər də olsa müğənni salırlar ki, tamaşaçı verilişə baxsın. Biz bu cür acınacaqlı vəziyyətə gəlib çıxmışıq. 
Elə özümdən deyəcəm, anam bütün günü ya evlilik proqramlarını, ya Xoşqədəm Hidayətqızının kimisə tapıb gətirməsini, ya da serialları izləyir. Kiminsə şəxsi məişət problemi günlərlə ailələrdə müzakirə olunur. Halbuki bütün insanların özlərinə məxsus maaş, təqaüd problemi var. Bəlkə də bu problemləri unutdurmaq üçün bayağı verilişlər məqsədli şəkildə yayımlanır. 
- Sizcə, hansısa vətəndaşın ailədaxili probleminin ictimailəşdirilməsi cəmiyyətə necə təsir edir? Bu tipli problemlərin artmasında bilavasitə səbəb olmurmu? 
- Cəmiyyətdə boşanmalar da, xəyanət də, intihar hadisələri də həmişə olub və  olacaq. Ancaq bu problemlərin çox qabarıq və bayağı şəkildə cəmiyyətə hər gün serial kimi çatdırılması psixikamıza çox pis təsir edir. Açığı, əvvəllər bu mövzuda bir kiçik tənqidi material hazırlayanda problem həll olunurdu. İndi problem həll olunmur, əksinə iyrənc şəkildə ictimailəşdirilir və yayılır. Sonu isə ayırlıqlar, davalar və cinayət əməlləri ilə nəticələnir. Əslində aiddiyyatı qurumlar problemlərin artan səviyyəyə çatmaması üçün müəyyən tədbirlər görməlidir,  amma təəssüf ki, biz bunu görmürük. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi adlı bir komitə var, mən ona “Arvad-uşaq” komitəsi deyirəm. İndiyə qədər o komitənin hansısa problemi həll etdiyini görməmişəm. Heç olmasa statistika xətrinə nə isə iş görülməlidir. 
Bu yaxınlarda bir informasiya oxudum ki, son illər ərzində QHT-lərin qeydiyyatdan keçirdiyi qrantların əksəriyyəti məhz qadın zorakılığı ilə bağlı imiş... 
Baxın, bu hal məni narahat edir. Əgər bu gün mən hətta ailə daxilində belə təzyiqə məruz qalıramsa və öz haqqımı açıb deyə bilməyəcək gücdəyəmsə, hansısa ucqar dağ kəndində bir  qadının zorakılığı haqda danışmağa nə haqqım ola bilər?! İnanın, qadın zorakılığı ilə bağlı danışan insanların özləri daha çox zorakılığa məruz qalırlar. Bu gün bir qadın olaraq mən rahat şəkildə dostumla, rəfiqəmlə gecə saat 1-ə qədər şəhərdə ola bilmirəmsə, mən kimin hüququnun qorunmasından danışa bilərəm?! Yəni, boş yerə, “qadınların hüququnu müdafiə edirik”, deməyə ehtiyac yoxdur.  
-Dünyanının  tele və şou aparıcıları, həmçinin bizə qonşu olan Türkiyə, Rusiya və Gürcüstandakı tele və şou aparıcıları ciddi mütaliə ilə məşğul olurlar və bu şəxslərin hamısı ciddi informasiya bankına sahib olurlar. Bəs Azərbaycan teleməkanında vəziyyət necədir?
Ardı var...
AzerTaym.az
 






Fikirlər