Çingiz Hüseynov: “Fikirləşirdim, Stalin Rəsulzadənin məktubuna necə dərkənar qoyub?”- MÜSAHİBƏ, FOTOLAR
Ustad Çingiz Hüseynovla Qüdsdə görüşüb müsahibə almaq ən böyük arzularımdan idi. Uca Yaradanın sözü əmanət etdiyi şəxsiyyəti və yaradıcılığıyla nadir bir insanı görmək, onu dinləmək kimin könlündən keçməz ki?.. Amma hər dəfə bu haqda düşünəndə yaxşı bilmədiyi fəndən dövlət imtahanına gedən tələbə kimi dizlərim əsirdi. “Merac”ı yazan usta qələm sahibindən nə soruşa bilərdim?.. Görünür, Çingiz müəllimlə söhbət etmək arzum cahil görünmək qorxumdan üstün oldu ki, Yaradan bu görüşü mənə qismət etdi. Amma Qüdsdə yox, Moskvada... Dostlar sağ olsun, Moskvada yaşayan dəyərli aydın Eldar Abbasov görüşün xəbərini verəndə çoxdan hiss etmədiyim dərin bir sevinc yaşadım. O anı yaşayarkən gerçəkləri boyasız, pərdəsiz eşitdiyim dərin söhbət ortamları üçün dəhşətli dərəcədə qəribsədiyimi də anladım. Bakı çoxdandır belə söhbətlərə məkan deyil... Kim qalıb ki?. Qalanlar da susqun... Bu səbəbdən ötən əsrin 30-cu illərində İosif Vissarionoviçin sovet yazıçıları üçün bağ massivi kimi ayırdığı yamyaşıl Peredelkinodakı bağ evində 4 saata yaxın davam edən söhbət quraqlıqdan cadar-cadar olan torpağa selin gəlişi kimi gəldi beynimizə. Çingiz müəllimin bənzərsiz nitqini suallarla bölməyə də qıymadıq. Söhbətin axarında mövzudan-mövzuya keçdikcə bizi bugündən uzaq keçmişə qədər apardı, Yerdən Göyə qaldırdı, yaradılışın fəlsəfəsi, canlıların əşrəfi insanın daxili dünyası ilə bağlı düşüncələrini inci kimi ipə düzüb bizə bağışladı. Bu inciləri “dağıtmadan” sizə də təqdim etməyə çalışacağıq... - Bir gün Bakıdan yenə Əjdər müəllim zəng elədi - 1 aydır senzor əsəri saxlayıb, nə hə deyir, nə yox. Özün gəlməsən, həll olan deyil. Uçdum Bakıya.
- Baş senzor da yəqin Cahangir İldırımzadə idi. - Bəli. Bolşevik Çingiz İldırımın qardaşı oğlu... Biz çoxdanın tanışları idik - Moskvada bir yerdə oxumuşduq. Təyyarədən birbaşa onun yanına gəldim. “Azərnəşr”in binasında otururdu. Görüşdük, öpüşdük, dedim, Cahangir, niyə mənim əsərimi saxlamısan, niyə qaytarmırsan nəşriyyata? Dedi, ola bilməz... Dedim, necə ola bilməz, nəşriyyat deyir, vermişik “qlavlit”ə, 1 aydır əsərdən səs yoxdur. Zəngi basdı, işçisini çağırdı, adam içəri girən kimi, əsəbi-əsəbi başladı ki, Çingiz bizim dostumuzdu, tanınmış yazıçıdı, niyə onun əsərini saxlamısız? Demək, danışır, adama da imkan vermir, ağzını aça. O da susub mat-məəttəl... (gülür) Axırda göstəriş verdi ki, təcili göndərin nəşriyyata. Adam getdi, sonra oturduq, söhbət etdik, nahara dəvət elədi. Nəhayət, nahar zamanı başladı səbəbdən danışmağa... Dedi, bilirsən, gözəl əsərdi, amma sən göstərirsən ki, Azərbaycan işğal olunub. Dedim, bəli, Azərbaycan işğal olunub. Dedi, bunu yazmaq olmaz, axı... Dedim, bilirsən nə var, Cahangir, mən orda “işğal” sözünü işlətməmişəm, əsərdən bəlli olur. Rusiya bu şəkildə çap edib, ruslar mane olmayandan sonra Azərbaycan niyə mane olmalıdır, işğalçı senzuradan buraxır, siz yox? Dedi, sənin xəbərin yoxdur, bir var, mərkəzi senzura, bir də var, respublika senzurası. Ruslar özləri buraxıblar, ancaq Azərbaycan senzurasına göstəriş veriblər ki, “çar müstəmləkəsi”, “milli respublika” ifadələri yığışdırılmalıdır. Xahiş elədi ki, onda kimsə sənə bu haqda söz desə, rus versiyasını göstər. - Demək, bütün hallarda tanışlıq işə yarayır... - Əlbəttə. Yalnız bu yolla mən əsəri çap etdirə bildim. - Çingiz müəllim, sizin qəhrəmanlarınız arasında Məhəmməd Əmin Rəsulzadə də, Nəriman Nərimanov da var. Necə yarandı o əsəriniz? - Onlar haqqında 2 cildlik “Doktor N” romanımda yazmışam. Həyatda hər iki qəhrəmanın yolu uğursuz oldu. Əsərdə də... Rəsulzadə ilə Nərimanov gəncliklərində dost olublar, sonradan siyasi baxışları onları düşmənə çevirib. Onların uğursuzluğunun əsas səbəbi neft faktoru idi. Rusiya qətiyyən neftlə zəngin torpağı əldən buraxmazdı. Ümumiyyətlə, Azərbaycanın ən görkəmli şəxsiyyətlərinin hamısı faciəvi şəxsiyyətlərdir. Çünki iki od arasında qalıblar. Bəzilərində heç iki od da olmayıb – elə rusların dediklərini eləyiblər. Azərbaycanın bütün kommunist liderləri Azərbaycanın müstəqilliyi haqqında yuxu görməkdən belə qorxublar. Mən o kitabda Məhəmməd Əminin bütün taleyini təsvir etmişəm. O vaxt bəzi sənədlər hələ açılmamışdı. Rəsulzadənin Stalinə məktubu haqqında çox düşünmüşdüm. Stalin o məktubu alıb, oxuyub. Faktı bilirdik, ancaq o sənəd əlimizdə yox idi. Sonrada öyrəndik ki, diplomatik poçtla çatdırılıb məktub Stalinə... Rəsulzadə yazır ki, məni qoruduğun üçün minnətdaram sənə, amma sənin ideyanla heç cür razılaşa bilmərəm, sən imperiyaya qulluq edirsən, milli görüşlərdən uzaqsan və s... Mənim yazdığım mətn çox fərqlənir, amma ruhu eynidir. Həmişə fikirləşirdim ki, Stalin bu məktubu alanda necə dərkənar qoya bilərdi? Belə bir dərkənar yazdım - “satqındır, pantürkistdir, ifşa olunsun”. Sənəd üzə çıxanda bəlli oldu ki, əsərdəki və həyatdakı Stalinlərin dərkənarı təxminən eynidir... Rəsulzadə ilə Nərimanov eyni zamanda 1 il yarım Moskvada olublar. Romanı yazanda həmişə fikirləşdirdim ki, görəsən, onlar görüşüb, görüşməyib? Görüşlə bağlı heç bir sənəd yoxdur. Amma mən o xəyali görüşləri təsvir elədim. Tarixi əsərdən fərqli, bədii əsərdə belə imkan var. Çox maraqlı dialoqlar ortaya çıxdı. Faktiki hər ikisi Azərbaycandan qovulub, onları ölkəyə yaxın qoymurdular. Rəsulzadəni Moskvada Stalin himayə edirdi, Nərimanovu Lenin... Məhəmməd Əmin Rəsulzadənin kiçik oğlu Azər 1920-ci ilin martında doğulub, bu hadisə Rəsulzadənin ölkədən zamanında çıxmağa qoymayıb və onu həbs ediblər. Faciəvi taledir.
- Çingiz müəllim, sizcə bu gün bu iki şəxsiyyətdən daha çox hansının ideyası yaşayır? - Azərbaycan indi nə Məhəmməd Əminin yolu ilə gedir, nə də Nərimanovun... Mən ilk dəfə 1968-ci ildə Türkiyəyə gedəndə milli düşüncənin nə olduğunu dərk elədim. O səfər mənim həyatımın ən möhtəşəm əhvalatıdır. 1968-ci il... KQB-nin güclü nəzarəti.. Mən tək... Türkiyə... Bilirsizmi bu nə demək idi? - Bəs, səfər necə baş tutmuşdu? İcazəni necə ala bilmişdiz? - Bu haqda “Xatirələr” kitabımda yazmışam. Sizə maraqlıdırsa, danışım. - Xahiş edirik, Çingiz müəllim... Çox maraqlıdır. - SSRİ Yazıçılar İttifaqında işləyirdim. O il məni ittifaqın partiya təşkilatına katib seçmişdilər. Rəhbər vəzifəli yazıçıların yanında demişdim ki, Türkiyəyə getmək istəyirəm. O zamanlar biz hələ Məhəmməd Əmin haqqında heç nə bilmirdik. Hardan biləydik? Bu mövzu tamamilə yasaq idi. Bircə Səməd Vurğunun bir “ifşa” şeirində “ey siz rəsulzadələr” kəlməsi vardı... Türkiyəyə getmək üçün başqa bir səbəbim də vardı. Bizim qonşuluğumuzda naxçıvanlı bir oğlan yaşayırdı – Əşrəf. Məndən 8 yaş böyük idi. Müharibə gedirdi. 1942-ci ildə ona da çağırış gəldi - əsgər aparacaqdılar. Bir gün məhəllədən 2-3 uşaq yığdı ki, sizi Əli Bayramov klubuna kinoya aparıram. Getdik. Dəstəmizdə bizdən böyük bir qız da vardı. Kinodan çıxanda baxdım, gördüm ki, qızın da, onun da dodaqları qan içindədi. Niyə? Məlumdu... Bu səhnə mənim beynimə həkk olundu. Əşrəf əsgər getdi... Günlərin birində xəbər gəldi ki, almanlar onu əsir alıb. Müharibə bitəndən sonra bir dəstə azərbaycanlı əsir tədbirli tərpənib demişdi ki, biz türkük və onları əsir düşərgəsindən SSRİ-yə yox, Türkiyəyə göndərmişdilər. Əşrəf də o dəstədə gedib Türkiyəyə çıxmışdı. Xruşşovun vaxtında – 60-cı illərdə Bakıya gəlib çıxmışdı, böyük qardaşımla görüşmüşdü, məni soruşmuşdu. Artıq Moskvadaydım. Şəklini, adresini vermişdi ki, birdən Çingiz Türkiyəyə gəlsə, məni tapsın. Bu, mənim Türkiyəyə getməyimçün səbəb idi. Ona demək istəyirdim ki, baxma uçaq idim, başa düşmüşdüm, dodaqlarınız niyə qanlıydı... (gülür) Təbii, mən Türkiyəni görmək istəyirdim. Yazıçılar İttifaqında niyyətimi deyəndə cavab verdilər ki, çox çətin məsələdir.
- KQB icazə verməzdi, ondan ehtiyat edirdilər? - Yox, KQB verəcəkdi, ehtiyat edirdilər ki, Türkiyə icazə verməz. - Niyə? - Çünki, azərbaycanlıydım, türkcə bilirdim, dövlət işində çalışırdımsa, onların düşüncəsinə görə, KQB-yə xidmət edirdim. Buna görə viza verməyə bilərdilər. Amma çox getmək istəyirdim, ona görə də yollar düşünürdüm. O zaman İraq türkmanları məni Bağdada dəvət etmişdilər. Füzulinin yubileyi keçiriləndə İraqdan SSRİ-yə bir türkman yazar gəlmişdi. Bizim dillərimiz də, bilirsiz, təxminən eynidir. O, Azərbaycana getdi, qayıdanda Moskvada azərbaycanlıları mənə möhkəm pislədi... Soruşdum, nə baş verib? Dedi, getdim Bakıya, Füzulinin heykəlinə baş əydim, əyildim torpağı öpdüm, televiziya çəkirdi. Mənim bu ehtiramımı ələ saldılar, dedilər, aparat çəkmədi, kadr xarab oldu, bir də əyil, torpağı öp. Bu hərəkət mənə möhkəm toxundu, ancaq əyildim, torpağı öpdüm... Dedim, olur belə adamlar, səmimiyyətə inanmırlar, düşünməyin bu haqda. Nə isə, biz dostlaşdıq. Dedi, səni Bağdada dəvət edəcəm. Elədi də. Qayıdandan bir müddət sonra dəvətnamə göndərdi. Mən İraq səfəri haqqında Yazıçılar İttifaqında danışanda yenə Türkiyə məsələsini xatırlatdım. Dedilər, bilet alarıq sənə - Moskva-Bağdad, Bağdad-İstanbul, İstanbul-Ankara, Ankara-Moskva – amma vizanı biz həll edə bilməyəcəyik, bacarsan, İraqda özün al. Hətta bununla bağlı SSRİ-nin İraqdakı səfirinə məktub da yazdılar.
- Nə yazılmışdı, məktubda? - Yazmışdılar ki, yazıçıdır, SSRİ Yazıçılar İttifaqının üzvüdür, Kommunist Partiyasının təşkilatdakı qurumunun katibidir... Bu da çox böyük vəzifə sayılırdı. Onda Yazıçılar İttifaqı ilə hesablaşırdılar. Elə 1970-ci ildə Heydər Əliyevlə 45 dəqiqəlik söhbətimiz də bu vəzifəmə görə baş tutdu. Təşəbbüsü İmran Qasımov irəli sürmüşdü. Heydər Əliyev məni qəbul elədi, 45 dəqiqə çox gözəl söhbətimiz oldu. Təkbətək. Nə isə... Bu başqa mövzudur... Mən gəldim İraqa. İyul ayı idi. Cəhənnəm... O türkman yazıçı məni Kərkükə, Kərbəlaya apardı, Nəcəfə getdik, evində qonaq saxladı. Anası elə bil mənim nənəm... Eyni cür danışırdılar. Bir gün dedi ki, istəyirsən, səni Türk Kültür Mərkəzinə aparım. Çox sevindim. Gəldik mərkəzə. O zaman da Türkiyə Kültür Mərkəzi İraqda ərəbləşmənin əleyhinə böyük işlər aparırdı. Türk dilini, türk kimliyini qorumaq üçün çox iş görülürdü. Yaxşı qarşıladılar bizi. Məni orada Azərbaycan yazıçısı kimi qəbul edirdilər. Mərkəzin rəhbəri soruşdu, necədir Azərbaycanda vəziyyət, dedim, çox gözəl. Dedi, İstanbul da çox gözəldir, olmamısız? Dedim, yox. Soruşdu, olmaq istərdinizmi, dedim, əlbəttə. Cavab verdi ki, heyif, sizə yasaq, sizinkilər izn verməz. Dedim, onu kim deyir? Başladım sovet ideologiyasının tərənnümünə... (gülür) - biz azad ölkədə yaşayırıq, pulum var, hara istəsəm gedə bilərəm... Dedi, mümkün deyil, sizi Türkiyəyə buraxmazlar, heç cür icazə verməzlər. Dedim, bəy əfəndi, sizin xəbəriniz yoxdur, hər yerə gedə bilərik. Nə isə, onu bir az şübhəyə sala bildim. Dedi, sabah yenə görüşək. Səhərisi gəldim, soruşdu ki, fikrinizi dəyişməmisiz, getmək istəyirsiz, İstanbula? Dedim, istəyirəm. Yenə məəttəl qaldı, qayıtdı ki, yəqin sizin xəbəriniz yoxdur, SSRİ vətəndaşlarını Türkiyəyə buraxmır. Dedim, sizə söylənənlər yalandır, mən sovet vətəndaşıyam, tək gəlmişəm İraqa, burda sizinlə sərbəst danışıram, əgər param varsa, istənilən yerə gedə bilərəm, viza olsun, bu dəqiqə biletimi alım İstanbula... Daha demirəm ki, biletlər cibimdədi... Aldı pasportumu, yarım saatdan sonra gəldi ki, buyurun, bu da viza. Təsəvvür edirsiniz? Bunlar elə-belə deyil. Bunu göydən kimsə idarə edir... Soruşdu ki, bileti necə alacaqsız, dedim, narahat olmayın özüm həll edəcəm. - Demək, SSRİ Yazıçılar İttifaqından verilən məktub da gərək olmadı? - Yox. Böyükelçiliyə getdim, amma daha o məktuba ehtiyac qalmamışdı. 1-2 gün sonra kültür mərkəzinin rəhbərinə xəbər göndərdim ki, filan tarixə bilet almışam, gedirəm. Gəldi, məni təyyarəyə qədər ötürdü. Beləliklə, gəldim İstanbula. Əsl hekayə bundan sonrasıdır. (ardı var) Aygün Muradxanlı,Üçüncü söhbət
Moskva-Bakı