“MƏNİ MAŞINA QOYUB APARDILAR…” – Rektordan sensasiyalı AÇIQLAMA
Xəzər Universitetinin təsisçisi və rektoru Hamlet İsaxanlı lent.az-a müsahibə verib. Rektor bir çox məsələlərlə yanaşı, ad çəkməsə də vaxtilə MTN-ə aparılmasından da danışıb. “AzPolitika” müsahibənin bəzi hissələrini təqdim edir: – Hamlet müəllim, söhbətimizin müsahibədən kənar hissəsində insan azadlığından danışdıq. Maraqlıdır, siz özünüz bir ziyalı kimi nə qədər müstəqil, nə qədər azadsınız? – Mən xoşum gəlməyən şeydən danışmıram, susuram. Əgər bunları nəzərə almasaq, tam mübaliğəsiz şəkildə deyirəm: yüz faiz azad, müstəqil adamam. Azərbaycanda baş verən bütün hadisələrə öz sərbəst münasibətimi bildirirəm, lazım gələndə tənqid də edirəm. Hətta hökumətin təhsil siyasəti ilə bağlı dəfələrlə tənqidi fikirlərim olub. Yadıma gəlir, bir dəfə prezident yanında Təhsil Komissiyası yaradılırdı. Məni də dəvət etdilər. Dedilər, burada təhsil məsələləri müzakirə olunacaq, istəyirik, sən də bu komissiyanın üzvü olasan. Siyahını göstərdilər. Gördüm hamısı nazirlərdir, eyni zamanda Nazirlər Kabinetinin yüksək səviyyəli məmurları, Prezident Aparatının yüksək statusda olan insanları və s. Mən o siyahıya uyğun gəlmirdim. Çünki qeyri-siyasət və qeyri-hökumət adamıyam. Siyahıya baxıb gülümsədim. Akademik Ramiz Mehdiyev soruşdu ki, niyə gülümsəyirsən? Dedim, Ramiz müəllim, mən adətən yazılarımda, çıxışlarımda təhsil siyasətinə tənqidi münasibət bəsləyirəm, heç vaxt tərif yazmamışam. Ramiz müəllim dedi, səni elə ona görə dəvət etmişik, çünki sən dünyadakı təhsil meyllərini bilirsən, yazırsan. Bizə də lazımdır ki, əks fikirlər olsun, müzakirə yaransın. –Heç hansısa tələbəyə qiymət yazılması üçün sizə müraciət edənlər olurmu? – Burada – Xəzər Universitetində elə bir mexanizm qurulub ki, kiminsə tapşırığı ilə tələbənin qiymət alması həyatı boyu mümkün deyil. – Azərbaycanda mümkünsüz şey varmı? – Elə mən də onu demək istəyirdim, məni qabaqladınız. Bəzən gəlirlər, tələbəni tapşırırlar. Deyirəm nə danışırsan? Mümkün olmayan şeydir bu. Qayıdırlar ki, bura Azərbaycan deyil, necə yəni mümkünsüzdü? Sən oranın sahibi deyilsənmi? Mənə belə müraciətlər olur. Ancaq heç bir xahişi yerinə yetirməmişəm. Və həmişə belə bir şeyin baş vermə ehtimallarının qarşısını almağa çalışmışam. Mən dekana bir uşaq tapşırsam, dekan fikirləşməz ki, sabah bu şeyi mən özüm də eləyə bilərəm?! Filan yerdə rüşvət azdır, çoxdur, belə şey olmur. Rüşvət ya yüz faiz olur, ya da sıfır faiz. – Heç yüksək vəzifədə olan bir insan sizə zəng etməyib ki, mənim uşağıma qiymət yazdır? – Bəli, belə şeylər olub. Bir dəfə isə lap yüksək mərtəbədən zəng etmişdilər. Çoxdan olub bu. Dedilər, bu şeyi elə. Demişəm, mümkün deyil. Buna görə məni çox qorxulu yerdən hədələyiblər. Hətta bir dəfə maşına qoyub aparıblar. Amma yenə də o tələbəyə qiymət yazılmasına imkan verməmişəm. – Necə yəni maşına qoyub aparıblar? – Ayrı ad qoymuşdular. Ancaq mən bilirdim, nə məsələdir. Mənə sual verdilər ki, eşitmişik sizin təşkilatda xarici adamlar var. Onlar nə edirlər, nə etmirlər və s. Sorğu-sualdan sonra dedilər ki, sizin universitetdə bir uşaq var, onun vəziyyəti necədir? Dedim, o uşağın vəziyyəti yaxşı deyil, universiteti qurtara bilməyəcək. O tələbəni bizim universitetdən çıxarın, başqa yerə qoyun oxusun, diplom alsın. – Axırı nə oldu? – Axırı o oldu ki, uşaq çıxdı getdi. Başqa bir yerdə oxudu. Bizdən diplom ala bilmədi.