Azərbaycanda Minadan Zərərçəkənlər Assosiasiyasının (AMZA) rəhbəri, qazi, jurnalist Rey Kərimoğlu birinci Qarabağ müharibəsi iştirakçısıdır.
O, 1992-ci ilin yayında, Xankəndi yaxınlığında iki silahdaşı ilə birlikdə piyada əleyhinə minaya düşərək ağır xəsarət alıb.
Caliber.Az Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım günü ərəfəsində Rey Kərimoğlu ilə həmsöhbət olub.
- 1992-ci ilin yay ayları idi, mən kəşfiyyatçı idim və xidmət etdiyim döyüş yoldaşlarımla birlikdə xüsusi tapşırıq əsasında düşmən tərəfin dərinliklərində əməliyyata göndərilmişdim. Döyüş yoldaşlarım Azad Musayev və Xaliq Cəfərovla bərabər biz Xankəndinin yaxınlığında idik. Baxmayaraq ki, minaya düşən mən oldum, onlar da ciddi xəsarət aldılar.
- Həmin an nə hiss etdiniz?
Bilirsiniz, əgər sən müharibədəsənsə, özünü hər şeyə hazır hesab edirsən. Başa düşürsən ki, səni hər saniyədə ölüm gözləyə bilər. Ancaq inanın minaya düşməkdən pis heç nə yoxdur. Hadisədən təxminən 28 il keçib və mən hadisənin hər saniyəsini xatırlayıram, indi sizə baş verənlər barədə danışarkən, sanki o dəhşətli günü yenidən yaşayıram. Minaya düşərkən partlayış səsi eşidirsən, sonra zərbənin gücündən göyə qalxırsan və partlayışın gurultusunu eşidirsən. Əvvəlcə ayaqlarımı itirdiyimi düşünürdüm, sanki ayaqlarım bədənimdən ayrılmışdı. Heç bilirsiniz həmin an insanın beyninə nə qədər fikirlər gəlir?!
- Ailənizi, yaxınlarınızı xatırlamağa başlayırsız?
- Tək onları yox. Ayaqlarını itirdiyini, öləcəyini düşünmək qorxusu yaranır... Partlayış dalğası məni sanki göyə atdı, ağaca dəyib, yerə yıxıldım. O saniyələrdə heç bir şey eşitmirdim, başımda uğultu vardı, ağrını belə hiss etmirdim.
- Bəs sizin döyüş yoldaşlarınızın taleyi necə oldu?
Partlayışın dalğası onları da tutdu. Ətrafa baxanda onlardan birinin əlindən qan axdığını gördüm, digəri isə yerdə oturmuşdu və onun topuğundan qan axırdı.
Hətta mənə elə gəldi ki, onlardan daha az xəsarət almışam. Təkrar edirəm, axı ilk saniyələrdə heç bir şey hiss etmirsən. Ancaq qalxıb onların köməyinə getmək istəyəndə ayaqlarımda kəskin ağrı hiss etdim, şalvarımın qan içində olduğunu gördüm. Ayaqlarımdan ağır yaralandığımı və yeriyə bilmədiyimi anladım. Belə bir vəziyyətdə düşmən bizi hər an hazırlıqsız yaxalaya bilərdi. Bu səbəbdən döyüş yoldaşlarıma dedim ki, məni tək qoyub oradan uzaqlaşsınlar. Hətta onların komandiri olduğuma görə əmr etdim, amma Azad göz yaşları içində bildirdi ki, mənsiz yerlərindən tərpənməyəcəklər. Sonda onlar mənim qollarıma girdilər və biz geri döndük.
- Siz hara getdiniz?
- Biz Ağdama çatmaq istəyirdik. Düşmənə rast gəlməmək üçün meşədən keçdik, amma yolda qarşımıza minalanmış sahə çıxdı və uçurumdan çaya enməyə qərarı verdik. Suya yumşaq düşmək üçün böyürtkən kollarını tutaraq və bir-birimizə sarılaraq Ağdama qədər üzdük.
- Orada sizi xəstəxanaya yerləşdirdilər?
- Bəli, avqustun doqquzunda xəstəxanaya yerləşdirildik, orada bizə ilk tibbi yardım göstərildi. Xəsarətlərimiz ağır olduğundan ertəsi gün bizi helikopterlə Bakıya apardılar. Hərbi hospitalda yer olmadığından məni Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) travmatologiya və ortopediya şöbəsinə yerləşdirdilər. Orada sentyabrın ayının sonuna qədər müalicə aldım. Məlum oldu ki, təkcə ayaqlarım deyil, daxili orqanlarımda da ağır xəsarətlər var. Bədənimdən bir çox qəlpə çıxarıldı, üstəlik, mən ciddi qapalı kəllə-beyin travması almışdım. Mən hələ də mütəmadi olaraq müalicə olunuram, çünki aldığım xəsarətlərdən tamamilə sağala bilməmişəm.
Mütəmadi olaraq qulaqlarımda səs yaranır, uzun müddət ayaq üstə dayana bilmirəm, tarazlığımı itirirəm və yıxıla bilərəm. Gecələr öz qışqırığımdan oyanıram, sanki bədənimi elektrik vurur, bir neçə dəqiqə özümə gəlirəm və yalnız bundan sonra müharibədə yox, evdə olduğumu anlayıram.
Bu, sizdə müharibədən sonra yaranmış fobiyalardı?
Bəli, hadisədən bu qədər illər keçməsinə baxmayaraq, onun acısını hələ də çəkirəm. Məsələn, meşədə gəzərkən hansısa budağa tapdalayanda mənə elə gəlir ki, yenidən minanın üzərinə çıxdım. Bu saniyələrdə nə hiss etdiyimi sözlərlə izah edə bilmirəm, güclü səs-küyü götürmürəm, dərhal özümü itirirəm, təşvişə düşürəm. Metroda qatarın siqnalından huşumu itirdiyim belə olub.
- Psixoloqa müraciət etmisinizmi?
- O illərdə indi olduğu qədər psixoloqlar yox idi, bizə tibbi yardım göstərilirdi və evə buraxılırdıq. Heç kim psixoloji dəstək barədə düşünmürdü. Düzdür, 1998-ci ildə davamlı psixoloq kursunda oldum, amma tamamilə özümə gələ bilmədim.
Buna görə azad edilmiş ərazilərə icazəsiz səfər etmək niyyətində olanlara müraciət etmək istəyirəm. Hörmətli həmvətənlər - bu, çox təhlükəlidir! Minalar böyük bir faciədir. Həyatınızı təhlükəyə atmamalısınız. Hətta insan həyatda qalsa da, bu dəhşətli hadisənin nəticələri keçmir. Bir az səbr edək. Qarabağdakı ərazilər minalardan təmizləndikdən sonra azad edilmiş bölgələrə rahatlıqla gedə biləcəyik.
Fikirlər