"Bunu valideynlərimdən gizlətdim, anam dedi ki, məhəlləyə necə çıxacağıq?"
AzerTaym.az ilk azərbaycanlı stüardessa Zemfira Əliyevanın moderator.az-a müsahibəsini təqdim edir.
- Zemfira xanım, necə oldu ki, ilk azərbaycanlı təyyarə bələdçisi oldunuz?
- Mən Bakıda elə bir məhəllədə böyümüşəm ki, nə vaxtsa inanmazdım ki, təyyarə bələdçisi olaram. Çünki təyyarə bələdçisi olsaydım deyərdilər ki, Babanın qızı filan sənətə gedib. Təyyarə bələdçisi olmağı arzulamırdım, amma ürəyimin dərinliklərində istəyirdim. Ailəmiz böyük idi. Satıcı işləməyə başlamışdım. Bir-iki il işlədim, sonra ən sevimli qohumlarımdan Nəzakət adlı xanım var idi, aerokassada informasiya şöbəsində işləyirdi. Gəldim dedim ki, Nəzakət heç yerdə işləyə bilmirəm, bircə burada işləmək istəyirəm. Nəzakət dedi ki, mən səni ancaq özümüzə işə düzəldə bilərəm. Deməli o vaxt 16 nömrəli avtobus gəlirdi aerokassanın qabağına, səhər reysinə insanların əşyalarını götürüb hava limanına aparırdı. Artıq mənə daimi bilet, aeroporta giriş üçün kağız da vermişdilər. İki gündən sonra işə çıxmalı idim. Dedim ki, Nəzakət çox sağ ol məni işə düzəltdin, ancaq təyyarə bələdçisi olmaq istəyirəm. Dedi ki, Zemfira, sən bilirsən ki, konkursdur, 1 yerə 30 nəfər ərizə verir. Dedi ki, bax Azadlıq prospektində bizim nazirlik var, istəyirsən get, bəlkə səni götürdülər. Çox utancaq idim, getdim qapını açıb içəri girdim. Bir də gördüm 2-ci mərtəbədən əsl sanballı bir insan düşür. Özü yaxınlaşdı mənə, dedi qızım burada niyə dayanmısan? Dedim ki, mən təyyarə bələdçisi olmaq istəyirəm, amma bilmirəm kimə müraciət edim? Soruşdu ki, həqiqətən də təyyarə bələdçisi olmaq istəyirsən? Dedim ki, bəli. Əli ilə göstərib dedi ki, get orada Meşdi müəllim var, denən ki, mən təyyarə bələdçisi olmaq istəyirəm, məni Nurəddin Məcidov göndərib. Meşdi müəllim dedi ki, konkurs bu gün qurtarıb, sabah gələrsən. Deyəndə ki, məni Nurəddin Məcidov göndərib, o dəqiqə dedi ki, get şəkilini çəkdir gətir. Beləliklə tam təsadüf təyyarə bələdçisi oldum.
- Bəs evdə valideynləriniz stüardessa olduğunuzdan xəbərdar idilər?
- Xeyr, nə atam bilirdi, nə də anam. Biləndən sonra əlbəttə ki, bir müddət məni danışdırmadılar. Stüardessa olandan 1 ay sonra Odessaya uçmalı idim. Anam da elə bilir ki, əşya aparıram. İndi evdə necə deyim? Dedim ki, ana sabah Odessaya uçuram. Dedi ki, axı sən bizə bunu deməmişdin, sən əşya daşıyırdın. Təyyarədə uçub gələndən sonra dedim ki, ana bağışla məni, mən təyyarə bələdçisi işinə düzəlmişəm. Dedi nə? Məhəllədə nə təyyarə bələdçisi? Necə çıxacaqsan məhəlləyə? Sonra anam mənimlə fəxr etməyə başladı.
- Zemfira xanım, ilk uçuşunuzda həyəcan keçirdiniz?
- Xeyr, qətiyyən həyəcan keçirmədim. O vaxt yeni işə düzələn kimi böyük təyyarəyə icazə vermirdilər, hamı kiçik təyyarə ilə işə başlayırdı. 1 ildən sonra dedilər ki, 134 təyyarələri gələcək. Həmin təyyarələrdə işləmək üçün birinci 10 nəfəri seçəndə onların içində mən də var idim. Birinci reysdə Xəlilov və İbrahimovla uçmuşam. Bütün tanınmış sənətkarlarla, şəxsiyyətlərlə, ən əsası da ulu öndər Heydər Əliyevlə uçmuşam. O qədər sadə insan idi ki. Onun üçün xüsusi yeməklər hazırlanmırdı, sərnişinlər nə yeyirdirsə o da ondan. Elə gün olub ki, mən iki reysə getmişəm, Moskvadan gəlmişəm deyiblər ki, adam yoxdur, Kazana uçmaq lazımdır. Kazana uçub gəlmişəm.
- Siz həm də təyyarədə doğma dilimizdə elan səsləndirən ilk azərbaycanlı stüardessasınız. Bu necə baş verdi?
- Bir dəfə dedim ki, mən nə vaxta qədər ancaq rus dilində deməliyəm bu elanı? Nə olar bir dəfə də Azərbaycan dilində deyim. Evdə oturub elanı Azərbaycan dilinə tərcümə etdim. O vaxt uçanda bu elanı dedim. Rəhbərimiz Nurəddin Məcidov da təyyarədə idi. Dedim ki, vay indi elanı eşidib, məni işdən çıxardacaqlar, deyəcəklər ki, özbaşnalıq etmisən. Nurəddin Məcidov çıxanda dedi ki, bu gün elanı kim Azərbaycan dilində səsləndirib? Dedim ki, mən. Dedim Nurəddin Məcidov, bağışlayın, nəsə ürəyimdən gəldi ki, bir dəfə də elanı öz dilimizdə deyim. Mənə təşəkkürünü bildirdi. Səhəri gün zəng etdi rəisimizə, dedi ki, kim Azərbaycan dilində bilirsə getsin elanları Zemfiradan alsın, səsləndirsin. Elə-elə də elanlar getdi.
- Neçə il stüardessa çalışdınız?
- 7 il. Çünki sonra yoldaşımla Almaniyaya getməli oldum. Həyat yoldaşım hərbçi idi. Getməsəydim 10-15 il stüardessa olardım. Yoldaşım hara, mən də ora. Uçuşu atandan sonra yuxularımda görürdüm. Səhər tezdən durub otururdum, elə bilirdim ki, işə gecikirəm.
- Təyyarədə başınıza gələn ən maraqlı hadisə nə olub?
- Bir dəfə təyyarədə qəzadan son anda qurtulduq. Təyyarə sanki boşluğa düşmüşdü. Nurəddin Məcidov da bizimlə uçurdu. Gəlib dedi ki, az qalmışdı, üzü o yana gedirdik. Dedim ki, niyə fikir edirsiniz? Siz tanınmış adamsınız, Allah etməsin, başımıza bir iş gəlsə sizin üçün 10 dənə gül gətirəndə, mənim də məzarıma 1 gül qoyub yada salarlar (gülür). Bu sözümdən sonra stressi keçdi. Belə hadisələr başımıza çox gəlməyib, həddindən artıq çox güclü pilotlarımız var idi. Bir dəfə də xüsusi reys idi. Bizə hər şey gətirirdilər, özümüz qəbul edirdik. Yoxlamamışam, çay yadımdan çıxıb. Çay dəmləməyə hazırlaşıram, amma çay yoxdur. Bütün zalı gəzirəm ki, bəlkə kiminsə üstündə çay var? Mən də köhnə təyyarə bələdçilərindən eşitmişəm ki, qəndi qızardandan sonra onu dəmləyəndə çay dadı verir. Gəlib qəndi qoydum qazın üstünə. Mətbəxi tüstü götürdü. Nurəddin Məcidov gəlib dedi ki, sənin çayını istəmirik, tez ol yığışdır bunları (gülür).
- O illər üçün darıxırsınız?
- Əlbəttə, çox darıxıram! Mən elə bağda yaşayıram ki, təyyarələr mənim damımın üstündə uçurlar, çıxıram bütün təyyarələri yola salıram. Deyirəm ki, Allahım heç olmasa bir dəfə yenidən cavanlığa qayıdıb, stüardessa olardım.