“Olar səni qucaqlayım?” şeiri ilə məşhurlaşan qiraətç i- “İnsan sevdiyi ilə qucaqlaşanda …” – MÜSAHİBƏ

O, “Olar səni qucalayım?”- şeiri ilə daha yaxından tanındı. Səsləndiridiyi şeirləri ilə izləyicilərinin qəlbinə qısa zamanda yol tapdı.

“Az olmayıb səndən ötrü darıxdığım”, “Nə gözəlmiş məni sənə yaxın edən uzaqlar”, “Məni gözəl xatırla”, “Bağışla” kimi səsləndirdiyi şeirləri ilə də özünə müəyyən auditoriya toplayaraq sevilən gənc qiraətçi Aytac Vəlibəyli Medianews.az-ın suallarını cavablandırdı. Bizimlə söhbətində ona məşhurluq qazandıran şeirlərindən və onu ithaf etdiyi insanlardan danışdı.

-Sosial şəbəkələrdə həm pozitiv, həm də gözlərinin dərinliklərində bir kədər yuvası quran qiraətçi kimi tanınırsınız. Sizi daha yaxından tanımaq istərdik. 

-Müəllim və jurnalist ailəsində dünyaya gəlmişəm. Uşaqlıq illərindən incəsənətin müxtəlif sahələrinə marağım olub. Bu səbəbdən də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluq” fakültəsində ali təhsil aldım. Uzun illər televiziya sahəsində müxbir və rejissor olaraq çalışmışam. Dublajla məşğul olmuşam. Tərəzi bürcüyəm və tam anlamı ilə bürcümün insanıyam. Ruh adamıyam. Hər mövzuda ədalətli olmağa çalışıram. Haqsızlığa dözümüm yoxdur. Çox inadkaram, tərsəm. Doğru bildiyim şeydən əsla dönmərəm. Beynimə nəyisə qoyuramsa, geci-tezi istəyimə çatıram.

-Bildiyimiz qədəri ilə babanız tanınmış şair Tofiq Mütəllibovdur. Ola bilərmi ki, bu istedad sizə gendən gəlmiş olsun?

–  İncəsənətə lap uşaqlıq illərindən meyilli idim. 5-6 yaşımdan rəhmətlik Ələkbər əminin uşaq teatrında davamlı olaraq iştirak edir, səhnəyə çıxırdım. Məktəbdə keçirilən tədbirlərdə də fəal idim. Lakin ailəm, xüsusilə anam və nənəm incəsənət sevgimə qarşı idilər. 3 ilə yaxın rəqslə məşğul oldum. Məni oradan yarımçıq çıxartdılar, piano öyrənməyə başladım, yenə də bu arzumu ürəyimdə qoydular. Mahnı ifa etməyi sevirdim, bunun da qarşısını aldılar. Onların arzuları məni hüquqşünas və ya şərqşünaş olaraq görmək idi. Amma mən öz bildiyimdən və istəyimdən dönmədim.

Bəlkə də  bu həvəsim kökdən gələn bir sevgi olub. Çünki körpəlikdən babamın şeir kitabları ilə böyümüşəm.

– Qiraətçi kimi tanınmağa başlayanda reaksiyaları necə oldu?

– Qiraətçi kimi səsləndirdiyim şeir paylaşılanda ailəm bunu müsbət qarşıladı.  Amma mən İncəsənəti seçəndə, yəni İncəsənət Universitetinə qəbul olduqda qohumlarımın mənə münasibəti dəyişmişdi. Amma bütün bunlara baxmayaraq, mən öz seçimimin ardınca getdim. İndi də buna peşman deyiləm.

Tələbəlik illərində teatr səhnələrində çalışmaq şansım olsa da, yenə də ailəm buna mane oldu.

-Qeyd etdiniz ki, ailəniz istəklərinizə qarşı çıxıb, bəs siz övladınızın istəklərinə sədd qoyarsınızmı?

–       Əsla. Əksinə, onu dəstəkləyərəm. Bəli, bir ana olaraq ona doğru istiqaməti göstərmək borcumdur. Amma öz istəklərimi yox, onun öz arzularının ardınca getməyinə yardımçı olaram. Elə valideynlərə də demək istəyərdim ki, övladlarınızın istəklərinə qarşı çıxmayın. Bu həyatı siz yox, onlar yaşayacaq. Əksinə, onlara doğru yol göstərin, kömək olun. O zaman sizin dəstəyinizlə daha böyük uğurlara imza atarlar.

-Rejissorluq ixtisasını bitirdiyiniz halda qiraətçi kimi daha çox tanındınız. Belə bir istedadınızın olduğunu nə zaman kəşf etdiniz?

–       Əslində kəşf etmədim. Hər zaman ruhumda olan bir şey idi. Rejissorluq özündə bir çox keyfiyyətləri cəmləməlidir ki, tamaşaya quruluş verə bilsin. Bu səbəbdən də ən əsası rejissor özü  gözəl aktyor olmalı və səhnə danışığını bilməlidir.

Tanınmağıma gəlincə isə bəli, müəyyən bir qisim kütlə tərəfindən qiraət etdiyim şeirlər sevilib. Nə xoş mənə ki, hiss etdiklərimi qarşımdakı insanlara ötürə bilməyi bacarmışam.

– “Olar səni qucaqlayım?” şeiri ilə tanındınız. Aytac kimi qucaqlamaq istəyir? Kimin xiffətini çəkir?

–    Bir ömürlük itirdiklərimi… Həyatdan köçən doğmalarımı… İnsan sevdiyi ilə qucaqlaşanda bir bütün olur. İstər ana, ata, övlad, dost, yoldaş- kim olur olsun… O an sanki cismimizlə yanaşı ruhumuz, sevgimiz, səmimiyyətimiz onun ruhu ilə qucaqlaşır. Təəssüf ki, həyatdan köçüb gedən doğmalarımızı qucaqlamağımız ürəyimizdə bir ömürlük həsrət kimi qalacaq. “Olar səni qucaqlayım?” şeirini səsləndirdiyim zaman içimdən keçənlər də məhz bunlar idi…

– Daha çox Ramiz Rövşənin şeirlərinə müraciət edirsiniz. Bunun xüsusi bir səbəbi varmı?  

–  Ramiz Rövşənin yaradıcılığının heyranıyam. Şeirləri sanki iç dünyamın səsidir. Bəzən elə bir ab-havada oluram ki, onun izahı olmur. Amma onun bir şeirini söyləməklə özümü tamamilə ifadə etmiş oluram.

– Harda daha çox sakitlik tapırsınız?

– Mən təbiət aşiqiyəm, orada sakitlik tapıram. Təbiət kimidir xarakterim. Həm şıltağam, həm küsəyənəm, dəli-dolu insanam.

– “Sənə məktub yazıram, yazıram ki, bağışla”… Kimdən bağışlanmağınızı istəyirsiniz?

– Bir gün ailəm və iş yoldaşlarımdan biri ilə şəhərdən kənarda istirahətdə idim. Bu müddət ərzində digər bir iş yoldaşıma mesaj yazırdım, amma cavab gəlmirdi. O gün, onu itirdiyimi bilmədən ona mesaj yazırdım. İçimdə cavablamadığı üçün məsuliyyətsiz olduğunu düşünüb əsəbləşirdim. Mən şəhərdən kənarda deyib-güldüyüm halda o artıq həyatdan köçübmüş. Kaş o gün onu da özümlə aparardım, ya da kaş o gün şəhərdə olmuş olardım, qapısını döyərdim… İcazə verməzdim ki, tək qalsın. Ən azından cənazəsi evdə 2 gün qalmamış olardı. O hadisədən bir ildən çox keçib, amma hələ də içimdə bir yerdə yanında ola bilmədiyim üçün mənasızca özümü günahlandırıram. Çünki çox yaxın dost idik… Hər dəfə qəbri üstünə gedəndə ürəyimdə “Şamil, məni bağışla” deyirəm…

– Nisgilli şeirlər səsləndirməyinizin xüsusi bir səbəbi varmı?  

– Bu şeirlər ruhuma yaxındır. Ruhuma toxunmayan şeirləri deyə bilmərəm.

 Xəyalə Rəis
Medianews.az






Fikirlər