Şuşa dünyaya meydan oxuyacaq AÇIQLAMA
“İkinci Qarabağ müharibəsində əldə etdiyi möhtəşəm qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Dünya bir daha Azərbaycanın qüdrətinin şahidi oldu. Qafqazda marağı olan və öz maraqlarını Ermənistan və onun tərkib hissəsi kimi “Qarabağ layihəsi” üzərindən həyata keçirmək istəyirdilər. Lakin cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan öz oyunun qurmaqla bu ölkələrin bütün oyunlarını alt-üst etdi. Azərbaycan dünya dövlətləri arasında ərazicə kiçik olmasına baxmayaraq, öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə beynəlxalq aləmdə şok effekti yaratdı. Əldə edilən bu möhtəşəm qələbələr Azərbaycana beynəlxalq münasibətlər sistemində nüfuz qazandırdı. Müharibədən sonra bölgədə yeni reallıqlar yaradan Azərbaycanın qarşısında yeni imkanlar açıldı. Azərbaycan və onun lideri cənab İlham Əliyev beynəlxalq aləmdə dünya miqyaslı lider kimi qəbul edilir. Biz bunun Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısında şahidi olduq. Azərbaycan Prezidentinin sammit çərçivəsində Rusiya, Çin, Türkiyə, Pakistan, Qazaxıstan kimi dövlət liderləri ilə görüş keçirməsi və Çinlə strateji tərəfdaşlığın qurulması istiqamətində “Birgə Bəyannamə”nin imzalanması dediklərimizin sübutudur. Bir sözlə, yürüdülən məqsədyönlü siyasət nəticəsində Azərbaycan nəinki yaşadığımız regionun, o cümlədən türk dünyasının və bütövlükdə Avrasiya coğrafiyasında siyasi mərkəzlərindən biri hesab olunur”. Bunu açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib. Vitse-spiker bildirib ki, ŞƏT-lə sıx əməkdaşlıq Azərbaycanın milli maraqları və onun gələcək inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir: “ŞƏT-lə Azərbaycan arasında əməkdaşlığı zəruri edən bir sıra ciddi amillər mövcuddur. Birincisi, cənab İlham Əliyev fevralda keçirilən prezident seçkilərindən sonra baş tutan andiçmə mərasimində bəyan etdi ki, Azərbaycanın gələcəyi Türk dünyası ilə bağlıdır. ŞƏT üzvlərinin də əksəriyyəti türkdilli dövlətlərdir. ŞƏT-in əsas məqsədləri üzv dövlətlər arasında siyasi, ticari-iqtisadi, texnologiya, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə səmərəli əməkdaşlığın inkişaf etdirilməklə qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsidir. Eyni zamanda birgə səylər nəticəsində regionda sülhə, təhlükəsizliyə, sabitliyə, nəticə etibarilə yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılmasına nail olmaqdır. İkincisi, Azərbaycan bu gün Avrasiya coğrafiyasında həyata keçirdiyi irimiqyaslı nəqliyyat və logistik infrastruktur layihələri sayəsində mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə mühüm töhfələr verən Azərbaycanın rolu getdikcə artmaqdadır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş strategiyanın uğurla davam etdirilməsi nəticəsində Azərbaycan dünyanın əsas yük axını istiqaməti olan Qərblə Şərq arasında əsas yükdaşıma körpüsünə çevrilməkdədir. Bu amil Orta Dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar açır. Bütün bu və digər amillər onu deməyə əsas verir ki, ŞƏT-lə əməkdaşlıq Azərbaycanın növbəti mərhələdə strateji inkişafla bağlı qarşıya qoyduğu hədəflərə nail olunmasında xüsusi rol oynayacaq və ölkəmiz də bu imkanlardan faydalanacaq. Zirvə toplantısında Azərbaycan və Çin liderlərinin görüşü və imzalanan Birgə Bəyannamə ölkəmizin gələcəyi baxımdan çox mühüm tarixi əhəmiyyət kəsb edən siyasi hadisə idi. Əminəm ki, ŞƏT-lə daha sıx əməkdaşlıq bütövlükdə Avrasiya və Şimali Afrika coğrafiyasında yeni sıx əməkdaşlıq formatının yaranmasına xidmət edəcək ki, bu da bütün ölkələrin xeyrinə olacaq”. Vitse-spiker əlavə edib ki, son vaxtlarda Avropada baş verən hadisələr Qərbin ciddi siyasi böhranla üz-üzə olduğunu göstərir: “Özünü dünyanın idarəçilik sükanın arxasında durduğunu bəyan edən Amerikada idarəçilik sükanı titrəməkdədir və idarəçi yuxulu vəziyyətdədir. Belə bir vəziyyətdə isə Asiyanın oyanma prosesi gedir. Digər tərəfdən isə Qərbdə bizə qarşı xoş olmayan hadisələr gedir. Nə etməyimizdən asılı olmayaraq, Qərbdə bizi ailəsinə qəbul etmək istəmirlər. Bunu cənab Prezident andiçmə mərasimində də dilə gətirdi. Bütün bunlara baxmayaraq Qərb Şərqlə, xüsusən də Orta Asiya ilə sıx əməkdşalıqda maraqlıdır. Azərbaycan da bu əməkdaşlıq zəncirinin ən əsas həlqəsidir. Yəni Azərbaycan olmadan bu əməkdaşlıq qeyri mümkündür. Biz də bu imkanlardan maksimum faydalanıb hədəflərimizə nail olmalıyıq. Belə də olacaq. Cənab Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan Avrasiyanın ciddi siyasi mərkəzilərindən biri olmaqla beynəlxalq dünya düzənin ciddi aktorlarından biri olacaq”. Türkdilli Dövlətlər Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısına toxunan vitse-spiker deyib ki, bu, türkdilli dövlətlərin daha sıx inteqrasiyası, qarşıya qoyulan hədəflərə nail olunması və yeni güc kimi formalaşıb beynəlxalq münasibətlər sistemində ciddi rol oynaması baxımdan mühüm əhəmiyyət kəsb edəcək: “Bu həm Azərbaycanın beynəlxalq aləmə, həm ermənilərin arxasında duran havadarlara ciddi bir mesaj olacaq. Çünki dünyanın diqqəti yenidən Şuşaya yönələcək. Şuşa azərbaycanlıların əzəli yurdu kimi növbəti dəfə dünyaya meydan oxuyacaq”.