“Kişilər addımbaşı xəyanət edir, qadınlar isə...” - MÜSAHİBƏ

Ruhi Əliyeva uğurlarını ona borcludur: “Kişilər addımbaşı xəyanət edir, qadınlar isə...” - MÜSAHİBƏ

Sahibkar xanım və dəb ikonası kimi tanınan Ruhi Əliyeva bu yaxınlarda “Qadına qarşı zorakılıq gələcəyimizə qəsddir” adlı sosial aksiyasını təqdim edərək cəmiyyətimizə, xüsusilə kişilərə böyük mesaj verdi.\

Ruhi Əliyeva Publika.az-a müsahibəsində də qadınlar və uşaqlarla bağlı onu narahat edən məsələlərə toxunub. Zərgərlik butikinin sahibi olan zövqlü müsahibimiz xanımlara bu barədə öz tövsiyələrini əsirgəməyib.

Ruhi xanım, sizcə xəyalpərəst qadın nə zaman uzaqgörən və müdrik xanıma çevrilir?

- Hər bir insanın içində xəyalpərəstlik var. Lakin elə xəyal qurmalısan ki, o sənin həyatında baş versin, onu reallaşdıra biləsən. Arzularını və qarşısına qoyduğu məqsədləri reallaşdıra bilən adamlar həqiqətən də güclü iradəyə malikdir.

Elə xəyallar qura bilərsən ki, həyatını məhvə doğru aparar, insan özü-özünü aldadar. Gücün çatırsa, potensialını xəyallarına uyğunlaşdır, yox əgər çatmırsa, onda xəyallarını potensiallarına görə qurmalısan.

Bəs qadını güclü edən əsas amillər nələrdir?

- Qadının gücü xəyalpərəstlik və eqoistliklə ölçülmür. Bizi güclü edən başlıca amil məhrəmət duyğusudur. Qadın nə qədər mərhəmətli olarsa, bir o qədər güclü olar. Qadın həyata gözəl baxdıqca və səbirli olduqca həyatda da qalib gələcək. Və çox istərdim ki, xanımlarımız hər xırda məsələyə görə ailəsini dağıtmasın, evinin sirrini yadlara deməsin, ərlərinin başını başqalarının yanında aşağı salmasın. Əsl uzaqgörənlik bax budur.

Uşaqlarının atası haqqında pis danışıb onu hər kəsin yanında gözdən salmağa çalışan qadınlarla rastlaşanda dəhşətə gəlirəm, onları başa düşə bilmirəm. Mən bunu heç vaxt etmərəm. Birincisi, qadın bununla həyat yoldaşının ona olan etibarını itirir, ikincisi isə özünü və övladlarını gözdən salır.

Əgər həyat yoldaşın sənə baxmırsa, təzyiq və şiddət göstərirsə, təhqir edirsə, bunun üçün çıxış yolu var. Həmin adamın zülmlərinə dözmək yerinə, boşana bilərsən. Sadaladığım səbəblərdən dolayı boşanan qadınların hər zaman yanındayam. Lakin yuxarıda dediyim kimi, xırda məsələlərdən ötrü evdə mübahisə salıb boşanmaq istəyən xanımlarımızın addımını müsbət qiymətləndirmir və bunu kəskin şəkildə pisləyirəm.

Siz nə zaman güclü olduğunuzu anladınız?

- Beş il öncə, ana olanda. Çox xoşbəxtəm ki, bu müqəddəs və ülvi hissi yaşadım. Analıq hissi qadına ilahi güc və mərhəmət duyğusunu bəxş edir.

Bir ana kimi sizi bu gün Azərbaycanda uşaqlarla bağlı narahat edən problem hansıdır?

- Əslində bir çox poblemlər var. İnsanlara etibar azalıb. Bu gün bir çox valideynlərin övladlarını ərköyün böyütməsi məni həqiqətən də narahat edir. Bu, uşaqları bədbəxtçiliyə doğru aparır. Əlbəttə ki, uşaqların nazı ilə oynamalısan, imkan dairəsində istəklərini yerinə yetirməlisən. Amma bütün bunlar müəyyən sərhəddi keçməməlidir. Uşaqlar elə tərbiyə edilməlidir ki, ana və atanın, ailə böyüklərinin yerini bilsin, onlara hörmət etsin. Bunu kiçik yaşlarından öyrədə bilməsən, uşaq böyüyəndən sonra valideynin də qədrini bilməycək, onun əziyyətlərinin qarşılığını verməyəcək. Bu baxımdan övladlarımın gələcəkdə kimlərlə dostluq edəcəyi məni narahat edir.

Təhsilləriylə bağlı heç bir narahatçılığım yoxdur. Müəllimləri deyir ki, oğullarımın qavrama qabiliyyəti yaxşıdır. Digər vacib məqam odur ki, tərbiyələri və dini-imanı gözəl olsun.

Elə ailələr var ki, uşaqlarının peşə seçiminə də qarışır. Şəxsən mən onların bu haqqını əlindən almağı düşünmürəm. Onlara bu məsələdə müdaxilə etməyəcəm. Oğlumun biri çox gözəl riyaziyyatçıdır, o biri isə gözəl rəsm çəkir. Evdə bəzən söhbət gedir ki, gələcəkdə rəssam olacaq. Onda çox sevinirəm, rəssamlıqdan gözəl peşə var?

Bununla belə istəyirəm ki, həm tarix, həm musiqi, həm coğrafiya, həm də digər elmləri dərindən mənimsəsinlər. Keyfiyyətli təhsil uşağın gələcəyi üçün ən yaxşı yatırımdır, bu, uşaqlar böyüdükdən sonra onların yaxşı işlə təmin edilməsinə imkan yaranacaq.

Şərq kişisi üçün bu gün qürur və dominantlıq hissi sevgidən əvvəl gəlir, ya sonra?

- Çox çətin sualdır. Sözsüz ki, hamıya şamil etmirəm, amma kişilərə inam qalıb ki, sevgidən danışaq.

Bunun günahı kimdədir?

- Zamanın özündə. Mənim üçün sevgi qayğı, hörmət, dəyər və diqqət deməkdir. Ehtiras və sevgi ayrı-ayrı duyğulardır. Hər hansı kişi ilk baxışdan qadının gözəlliyinə vurula bilər, amma bir neçə il keçdikdən sonra bu cür münasibətlər bitir.

- Bəs bitməsinin səbəbi nədir?

- Səbəb odur ki, qadınlar da, kişilər də xarici görünüş, bahalı maşına, bahlı evə, gözəl geyimə aldanırlar.

Təbii ki, aldanan tərəf çox vaxt qadınlar olur. Kişilər addımbaşı həyat yoldaşına xəyanət edir, qadınlar isə onları əfv edir. Elə kişi görmüsünüz ki, ona xəyanət edən qadını bağışlasın? Əlbəttə ki, yox. Bu, çox nadir hallarda baş verə bilər.

Yaşa dolduqca səhvlərimizin kəmiyyəti, yoxsa “keyfiyyəti” azalmalıdır?

- Yaşa dolduqca şüurumuz da inkişaf edir, həyata daha geniş baxırıq. Həyatın bütün gözəlliklərini, çətinliklərini, xoşbəxtlik və acılarını yaşayan insan səhvlərinin həm kəmiyyətini, həm də “keyfiyyətini” də azaltmalıdır. Düzgün nəticə çıxarıb çalışmalıyıq ki, bir də həmin yanlışlara yol verməyək. Əgər kimsə eyni səhvə dəfələrlə təkrar edirsə, onun həyatı...

Taleyiniz qarşınıza həmişə gözəl insanlar və dostlar çıxarıb?

- 70 faizi gözəl insanlar olub, yerdə qalanı yox. Həyatın özü də axı sadəcə xeyir üzərində qurulmayıb. Dünya var olduqca, xeyir də olacaq, şər də.

Ruhi Əliyevanın qəlbini incidənlər çoxdur, yoxsa könül sındıran tərəf çox vaxt siz olursunuz?

- Yəqin ki, nə vaxtsa mən də kiminsə qəlbini qırmışam, ancaq bilə-bilə yox. Qarşı tərəfin qəlbini bilmədən incidəndə çox peşman oluram, dərin təəssüf hissi keçirirəm. İnsanıq da, hərdən olur. Bütövlükdə qəlbimin qırılması ilə daha çox rastlaşmışam.

Bağışlanmaz günahlarını əfv edəcək qədər böyük ürəyiniz var?

- Hər şeyi bağışlamışam, təki Allah bağışlasın.

Doğmalarınız sizi anlamayanda özünüzü necə sakitləşdirirsiniz?

- Anlamayan çoxdur, deməli, onun həyata baxışı başqadır. Qəbul edirəm, belə hallarda üsyan qaldırmaq, isterika çıxartmaq mənlik deyil. Çıxış yolu, həll üsulları fikirləşirəm. Dua edirəm ki, səbirli və güclü olum.

Ağlamaq kömək edir?

- Ürəyindəki ağrını haradasa azaldır. Amma çalışıram ki, uşaqlarım göz yaşlarımı görməsin. Bu, həm onların psixologiyasına, həm də qadının öz sağlamlığına ziyandır. Qadın həmişə özünü və uşaqlarını düşünməyə məcburdur. Ağlamaq üçün gecələr var, gedib gecələr ağlasınlar. Əgər ürək doludursa, gecələr ağlayacaq.

Bir dəfə filmə baxanda təsirləndim, göz yaşlarıma hakim ola bilmədim, hönkür-hönkür ağladım. Oğlumun onda 3 yaşı var idi, o da bu səhnənin şahidi oldu. Neçə gün gəlib əlləriylə göz yaşlarımı silirdi. Bu hadisədən sonra özümə söz verdim ki, bir də onların yanında ağlamayacam. Onlara bu travmanı yaşatmağa haqqımız yoxdur.

Sizcə, Azərbaycanda qadınlar, yoxsa kişilər üçün karyera qurmaq daha asandır?

- Əgər bacarığı varsa, yüksək savada və biliyə malikdirsə, bu, həm qadın, həm də kişi üçün asandır. Təəssüf ki, bəzən savadlı, amma bacarığı olmayan insanlar iş tapmaqda çətinliklə üzləşir. Heç bir ali təhsili olmayan insanlar isə öz bacarığının və ağlının hesabına özünə karyera qurur. Bu da bir şans işidir. Hamımız eyni məktəbə gedirik, eyni kitabdan təhsil alırıq, amma hər birimiz eyni zehnə malik olmuruq.

Həyatın qanunları elə qurulub ki, hər kəs yüksək vəzifə, yaxşı karyera sahibi ola bilməz. Savadlı həkim və yaxşı müəllimlərlə yanaşı, işini yaxşı görən sürücülər və satıcılar da olmalıdır.

Sizi Azərbaycanda işgüzar xanım kimi tanıyırlar. Bir neçə dəb layihələrini həyata keçirmisiniz, həmçinin zərgərlik butikinin sahibisiniz. Ruhi Əliyeva iş həyatında qazandığı bu uğurları kimə borcludur?

- Qısa və konkret deyəcəm, övladlarımın atasına!

- Uğurlu iş qadını hansı xüsusiyyətlərə sahib olmalıdır?

- İlk növbədə məsuliyyətli və peşəkar olmalıdır. Həmçinin heç bir xanım gördüyü işdən utanmamalıdır. Bir neçə gün əvvəl mağazaya təzə mallar gəlmişdi, onları qutudan açıb bir-bir özüm yerləşdirirdim. Hətta bəzən müştərilərlə şəxsən özüm məşğul oluram. Bax, işinə bu cür sevgiylə yanaşmalısan. İşimdən çox razıyam, həm də çox sevirəm.

İş həyatına yeni başlayan gənc xanımlara nə kimi tövsiyələr vermək istərdiniz?

- Əsas odur ki, cəsarətli olsunlar, riskə getməkdən qorxmasınlar. Əsl uğursuzluq mübarizəni dayandırmaqdır. Başqalarından daha iddialı, daha çalışqan olmaq onların başlıca vəzifəsi olmalıdır.

Artıq uzun illədir ki, zərgərlik butikinin sahibisiniz. Bu işin bilicisi kimi istərdim ki, bir qədər daş-qaşlardan danışaq. 2018-ci ildə nə cür zinət əşyaları dəbdə olacaq?

- 2018-ci ildə çox rəngli daşlara üstünlük veriləcək. Keçən ilə qədər zinət əşyalarında zümrüd, sapfir, yaqut kimi daşlar tək halda istifadə olunurdu. Gələn il müxtəlif rəngli daşların vəhdəti aktuallaşacaq.

Qara brilyantlar da yavaş-yavaş əvvəlki hakimiyyətini qazanacaq. Eyni zamanda iri və həcmli sırğalar dəbdədir. Belə sırğaların sadə geyimlə uzlaşması çox nəfis alınır. Dizaynerlər sanki həcmli sırğaları məhz sadə geyimi şıq obraza çevirmək üçün hazırlayıb desəm, yalan olmaz.

Siz zinət əşyası seçərkən nələrə diqqət edirsiniz?

- Hər bir xanım diqqət etməlidir ki, taxdığı bəzək əşyaları getdiyi məkana və tədbirə uyğun olsun. Ümumiyyətlə, zərgərlik nümunələrini taxmaq qədim dövrlərdən bəri yüksək zövq və status əlaməti sayılıb. Bəzək əşyalarının seçilən geyimlə harmoniya təşkil etməsi də vacib şərtlərdən biridir.

Amma bizim xanımlar bütün barmaqlarını, qollarını, qulaqlarını, hətta boynunu da eyni anda bir neçə bahalı bəzəklə doldurmağı xoşlayır...

- Onlar artıq keçmişdə qalıb. Bu günün dəb qanunları xanımlara seçim azadlığı verir ki, istədiyi bəzək əşyasını taxsın. Lakin həddi aşmaq heç bir halda uğurlu nəticəyə gətirmir. Seçim o halda uğurlu olar ki, bəzəklər gözü yormasın, dəstin ümumi ahəngini pozmasın.

Bir neçə zərif bilərzik taxmağı mən də sevirəm, ancaq mütləq nəzərə alıram ki, həmin əlimdə üzük olmasın.

Sizin üçün özəl mənası və dəyəri olan zinət əşyası varmı və onun tarixçəsi haqqında qısaca danışmaq mümkündürmü?

- Var, amma danışmayacam. Hazırda seyfdədir.

Qiymətli bəzəklərin irsən ötürülməsinə necə baxırsınız? Sizdə beləsi var?

- Nənəmdən qalma bəzək əşyaları var. Çox bahalı olmasa da, mənim üçün mənəvi dəyəri yüksəkdir. Bu, xoş ənənədir. Çünki əsl əl işi olan antik zinət əşyaları qaldıqca onların dəyəri də artır.

- Bildiyimə görə Brilliant xanımla yeni layihənizi təqdim etməlisiniz. O, butikinizin siması oldu. Mümkünsə, bu barədə danışardınız? Əməkdaşlıq üçün niyə məhz onu seçdiniz?

- Sənətkar kimi Brilliant xanıma böyük hörmətim var. Layihəmizə razılıq verdiyi üçün ona təşəkkür edirəm. Əvvəllər də onun dəstəyini hiss etmişəm, onunla rastlaşanda xoş sözlərini heç vaxt əsirgəməyib. Bu vaxta qədər onun gözəl dilindən pis söz çıxdığını heç vaxt görməmişəm. Çəkilişə gedəndə şok olmuşdum, çünki ideal bədən ölçülərinə malikdir. Gözlərimə inanmayıb “Brilliant xanım, neçə əməliyyat keçirmisiniz?” , - deyə soruşdum. O, isə cavabında güldü və heç bir əməliyyat keçirmədiyini söylədi. Brilliant xanımın elə zərif ədası, duruşu, aurası, qaməti və şarmı var ki, heyran qalmamaq mümkün deyil. O, öz işığı və gözəlliyi ilə daşların parıltısını kölgədə qoya bilmişdi. Hətta gənc modellər belə onun kimi poza verə bilməz.

Bildiyimə görə o, heç vaxt zərgərlik brendinin siması olmayıb. Layihənin digər özəlliyi Brilliant xanımın adıyla bağlıdır: Brillinat Dadaşova brilyantlarla... Hər şey bir-birini mükəmməl şəkildə tamamladığı üçün nəticə uğurlu alındı.

Kaprizləri oldu?

- Xalq artistinin əlbəttə ki, kaprizləri olmalıdır, buna layiqdir də. Lakin mən şahidi oldum ki, Brilliant xanım eqoist deyil.

- Deyirlər ki, brilyantlar, bahalı daş-qaşlar, ümumiyyətlə, zinət əşyaları qadınların ən yaxşı dostlarıdır. Bu fikirlə razısınız?

- Razıyam.Elə bir qadın yoxdur ki, zinət əşyaları görəndə ürək döyüntüsü sürətlənməsin, gözləri bərəlməsin və fikirləri dolaşmasın... Butikə daxil olanda elə bilirəm ki, onlar canlıdır və mənimlə söhbət edirlər. Bir-iki zinət əşyasını əlimə alıb baxıram və rahatlıq tapıram. Onların parıltısında həqiqətən də sirli bir cazibə qüvvəsi var.

Gemmoloqlar (daşların kimyəvi tərkibi, fiziki xüsusiyyətləri və faydaları ilə məşğul olan adamlar) qiymətli daşlar və metallardan hazırlanan zinət əşyalarının sahibini pisliklərdən müdafiə etmək gücünə malik olduğunu deyir. Siz buna inanırsınız?

- Təbii ki, inanıram. Bunu öz üzərimdə də sınamışam. Hər bir təbii daş müalicəvi xassələrə malikdir. Bunu öz gözümlə görməsəydim, gülünc baxardım. Məndə təbii zümrüd daşı vardı, onun hər iki tərəfini deşdirib nazik iplə qoluma bağlamışdım. Eşitmişdim ki, zümrüd daşı bədnəzəri, neqativ enerjini özünə çəkir, rəngini yavaş-yavaş dəyişərək tündləşir və nəticədə çatlayır. İki il ərzində o zümrüd qolumda günü-gündən tündləşdi, tündləşdi, içi bulandı və sonda çatladı.

Elə zümrüdlər də var ki, illərdir taxsan da, daşa heç nə olmur. Bunun səbəbi zümrüdün dəri ilə birbaşa təmasda olmamasıdır. Metalın üzərində olanda müalicəvi xassələri təsir göstərmək funksiyasını itirir.

Xərçəng xəstəliyindən əziyyət çəkən tanıdığım bir neçə qadın da təbii yaqut sifariş verib, illərlə istifadə edib. Aydın məsələdir ki, daşlar həkim və dərmanları əvəz edə bilməz. Ancaq onu da inkar edə bilmərik ki, təbii daşların az da olsa, şəfalı xassələri var. Müalicəvi rol oynamasa belə, əhval-ruhiyyəyə təsir göstərir. Məsələn, elə daşlar var ki, ovcunun içində saxlayanda əhval dərhal dəyişir.

Bəzi stilistlər iddia edir ki, mirvarini müəyyən yaşı haqladıqdan sonra taxmalısan. Çünki onlar gənc xanımları olduğundan daha yaşlı göstərir. Mirvarilər niyə qadının yaşına yaş əlavə edir?

- Bu, mirvarinin necə dizayn edilməsindən asılıdır. Elə formalar var ki, onlar gənc nəsil üçün nəzərdə tutulub. Elə mirvari sırğalar da var ki, onu 18 yaşlı xanımın qulağına taxa bilməzsən.

Kişilərin qəlbinə gedən yol mədəsindən keçir, bəs qadınların qəlbini ovsunlamağın qaydası nədir? Bahalı zərgərlik nümunələri ola bilərmi?

- Bu, qadından qadına dəyişir. Bəzilərini kişinin ona aldığı bahalı hədiyyələr, bəzilərini yaraşığı ovsunlaya bilər, digərləri isə sadəcə gözəl sözlər eşitmək istəyər. Mənə elə gəlir ki, ümumiyyətlə, insanlar bir-birinin qəlbini gözəl əməlləri və ağlı ilə qazanmalıdır.

Sizcə, kişinin qarşı tərəfə özünü sevdirməsi üçün bahalı bəzək əşyası alması mütləqdir?

- Elə xanımlar ki, onlara dünyanın ən bahalı zərgərlik nümunəsini də hədiyyə etsən, fikrini dəyişdirə bilməzsən. Etiraf edək ki, indi belələri azdır.

Bu gün orta təbəqənin tələbatını ödəmək üçün bazarda bahalı zinət əşyalarını əvəz edən çoxlu sayda ucuz aksessuarlar satılır. Bu amil biznesinizə, bütövlükdə qızıl-zinət əşyalarının satışına təsir edirmi?

- Qətiyyən, imkanlı şəxslər onsuz da bir qayda olaraq qiymətli zinət əşyaları alır. Çünki hər kəsin büdcəsi imkan vermir ki, bahalı zinət əşyası alsın. Orta təbəqənin xanımları geyimlərini bahalı olmayan aksessuarlarla tamamlayır. Məsələn, 10 min manatlıq boyunbağı ala bilmir, 100 manatlıq aksessuarla qane olur. Əgər 100 manatlıq bəzək əşyası o xanımı sevindirirsə, bunun özü gözəldir.

Hər hansısa brend mağazadan alınan zinət əşyası ilə zərgərin hazırladığı zinət əşyası arasında hansı fərqlər var?

- Əsas fərq ondan ibarətdir ki, brend mağazada təqdim olunan məhsul sayıb-seçilən zərgərlərin eksklüviz əl işləridir. Zərgərlər brendlərin təqdim etdiyi məhsulların sonradan sürətini yaradır. Əslində elə zərgər də ola bilər ki, bahalı brendin məhsullarından daha gözəl bəzək əşyası hazırlayar. Nəticə etibarı ilə fərq sadəcə brendinin adındadır.

Pul sizin üçün nə ifadə edir?

- Pul hər kəs üçün nə isə ifadə edir. Kimsə desə ki, pul onun üçün heç nə ifadə etmir, ona gülərəm. Pulu düzgün yerlərə xərcləməyi bacarmalısan. Əgər imkanın varsa, ətrafında olan kimsəsiz və ehtiyacı olanlara əl tutmaq lazımdır. Qazandıqlarımızı paylaşmaq bizim insanlıq borcumuzdur.

Müsahibə və məsələhətləriniz üçün minnətdaram, sizə işlərinizdə uğurlar arzu edirəm.

- Təşəkkür edirəm, mənim üçün də çox xoş oldu.






Fikirlər