Hər gün Aşura, hər yer Kərbala..

“Hər gün Aşura, hər yer Kərbala...

Sizin inanclarınız, sizin Aşuranız, sizin cahilliyiniz, sizin zənciriniz, qanınız – lütfən, elə sizin olaraq qalsın. Niyə, axı nə haqla bütün bunlarla mənim həyatıma, mənim ovqatıma, mənim məişətimə daxil olursunuz, anlamıram...

Tanıyanlar bilir, heç vaxt dini polemikalara girməmişəm. Çünki mənə görə insanın hansı dinə sitayiş etməsi, ateist ya da dindar olması olduqca intim məsələdir. Yəni kiminləsə paylaşılası, təbliğ olunası mövzu deyil. Sənin hansı yeməyi sevib, hansını sevməməyin kimi, dindar olub-olmamağın da öz seçimin olmalıdır. Ancaq məni bu gün bu mövzuda yazmağa vadar edən səbəblər var. Ol səbəblər ki, uşaqlarımın gələcəyini təhlükəyə atır, ol səbəblər ki, məni qorxudur.

Səhər həyatı İmam Hüseyn müsibətindən daha müsibət olan qonşu qadın, qara çadrasına bürünüb alnındakı “Ya Hüseyn” yazısı ilə, metroya tərəf yüyürürdü. Yolumun üstündəki bir neçə marketdən su almaq istəsəm də ala bilmədim. Qətl sınana qədər heç nə satmırıq dedilər mənə.Yezidi lənətləyib, mənə su satmaqdan imtina edən gözəl xalqımın gözəl insanları. Nədir bu başınızdakı qara buludların səbəbi? Doğrudanmı gözünüzü geniş açıb ətrafınıza baxa bilmirsiniz. Bu cəhalətin bizə nələr etdiyini, doğrudanmı görmürsünüz. Körpə uşaqların əlinə zəncir verib özünü döydürürsünüz. O balacanın bədəninə vurduğu yara, çıxardığı qan İmam Hüseyn üçün şəfadırmı? Ən yaxın keçmişdə nələr yaşadıq biz? Nə faciələr, nə qanlar, nə ölümlər gördük. Neçə şəhidlər verdik. Bütün bunları bir neçə günə unutduğun halda, 1400 ildir unuda bilmədiyin bu müsibəti başqa cür xatırlaya bilməzsənmi? O qara lenti bağlamalısanmı alnına? Hönkür-hönkür ağlamalısanmı bunca dərdinin içində mollanın oxuduğu rəvayətlərə? Kürəyin qanamalıdırmı mütləq? Kədərini sakitcə, astadan, kiməsə ziyan vermədən, kiminsə həyat axınını pozmadan yaşaya bilərsənmi, əziz dost, əziz qardaş. Axı, sən özün demişkən, “Əsl islam bu deyil ”.

Mən ona görə narahatam ki, uşaqlarımızın tərbiyəsində özümüzdən çox cəmiyyətin rolunun böyük olduğu bir zamanda yaşayırıq. Günün böyük hissəsini körpələrimizi bağçalara, dayələrə, məktəbə əmanət etmək məcburiyyətində qalırıq. Mən bu yaşda uşaqlarıma belə mənzərələrlə qarşılaşmağı, dinin, qorxunun, şiddətin ümumiyyətlə hər hansısa bir nəsnənin təsiri ilə böyüməyi arzulamıram. Bu zamanı çatanda onların öz seçimləri olmalıdır deyə düşünürəm. Ancaq valideyn olaraq mənim belə müdaxilə etməməli olduğum şeylərə kənardakı, uşaqlarım üçün heç bir can, qan bağı olmayan adamlar burunlarını soxurlar. Bağça dərsliklərindəki rəzalətdən uşaqların beyinlərinə əlifba ilə bərabər nələrin yeridildiyindən xəbəriniz var yəqin ki. N hərfini -namaz, M hərfini- məscidlə təqdim edirlər 4-5 yaşlı uşaqlara.

P.S. Bayaq qızımı soruşmaq üçün müəlliməsinə yazmaq istədim. Profilinə qoyduğu şəkli görüb əlimi saxladım. “Matəmdəyik, Məhərrəm gəldi əza gəldi, Yerə göylərdən səda gəldi...”

Çox ümid edirəm qızım saat 12-yə qədər mahnı oxumayıb, gülməyib, su istəməyib, əllərini kirlətməyib. Çox ümid edirəm, onları belə beyinə əmanət etdiyim üçün məni bağışlayacaqlar...
Hər gün Aşura, hər yer Kərbala..

Nərmin Dadaşova.






Fikirlər