ABŞ kəşfiyyatının "kölgəsi" QARABAG proseslərinin sonrakı ssenarisini açıqladı

Ermənilər cəbhə xəttindən kütləvi Xankəndiyə köçürülür, kimisi qohumlarının yanına, kimisi ictimai binalara...
Cəbhədə baş verən hadisələr Azərbaycanın işğal altındakı ərazilərinin yaxın tezlikdə azad olunacağını istisna etmir. Bunu ermənilərin işğal altındakı əraziləri tərk etməsi də təsdiq edir. "Sputnik Armeniya" saytı məlumat yayıb ki, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində yaşayan mülki ermənilər təmas xəttinə yaxın ərazilərdən köçürülür.
Məlumata görə, onlar Xankəndinə köçürülür. İnformasiyaya əsasən, bu şəhərdə qohumları olmayanlar ictimai bina və mehmanxanalarda yerləşdirilir. Yaranmış durumu şərh edən ABŞ kəşfiyyatının "kölgəsi" hesab olunan "Stratfor" mərkəzi qeyd edir ki, son toqquşmalar Qarabağda vəziyyətin nə qədər kövrək olduğunu bir daha üzə çıxardı: "Ötənilki məhdud atışmalardan fərqli olaraq, bu dəfə daha çox strateji hücum planı əsasında döyüşlər aparılır. Azərbaycan üstünlüyü ələ alıb".
"Stratfor" qeyd edir ki, hazırda Ermənistan daha az itki vermək uğrunda döyüşür: "Azərbaycan isə ötən onilliklər ərzində öz ordusunu müasir səviyyədə gücləndirib. Onun hərbi üstünlüyü maksimal həddədir. Lakin bu əməliyyatları məhdud adlandıra bilərik. Çünki Rusiyanın Ermənistanda hərbi mövcudluğu vəziyyətə təsir etməyə bilməz".
O da bildirilir ki, Rusiya hazırda bəyanatlarla Ermənistana dəstəyini nümayiş etdirir: "Rusiyalı məmurlar tərəflərin hər ikisi ilə əlaqə saxlayır. Bununla yanaşı, Ermənistanın cəbhəboyu hücum əməliyyatlarında uğursuzluğa düçar olur. Əsasən özünəinamsızlıq hiss olunur".
Lakin mərkəz əlavə edir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində təkcə hərbi gücünə güvənə bilməz: "Bakı Ermənistan qoşunlarından təmizlədiyi ərazilərdə yerləşəndən sonra diplomatik həll yolunu yürütməyə davam etməli olacaq. Xüsusilə Rusiya ilə diplomatik münasibətlərə diqqət veriləcək. Azərbaycan Rusiya ilə yaxşı əlaqələrindən istifadə edərək, Qarabağda arzuolunmaz status-kvonu dəyişmək istiqamətində addımlarını sürətləndirəcək. Rusiya xarici işlər naziri Sergey Lavrov aprelin 7-də Bakıya səfər edəcək. Həmin gün baş nazir Dmitri Medvedyev də Ermənistanda olacaq". "Stratfor" Rusiyanın bölgədə tammiqyaslı müharibə olmasını istəmədiyinə diqqət çəkib: "Çünki Rusiya Ermənistana dəstək verərsə, Türkiyə açıq şəkildə Azərbaycan tərəfindən çıxış edəcək. Türkiyə və Rusiya ortaq məxrəcə gələrək müzakirə masasında əyləşərsə, bu, Bakının maraqları baxımından yaxşı olacaq. Azərbaycan sülh tərəfdarı olduğunu bəyan edir və daha çox diplomatik manevrlərə üstünlük verir. Amma onun yaxşı niyyətlərinə baxmayaraq, münaqişənin alovlanmasının qarşısını almaq çətindir".
Qarabağda olan rusiyalı jurnalist Andrey Borodulin də vəziyyətin əvvəlki illərdən xeyli fərqləndiyini bildirir. "Kommersant" qəzetinə açıqlamasında o qeyd edir: "Demək olar ki, Qarabağın üçdə bir hissəsini keçmişik, cənub istiqamətində gedirik. Diqqəti nə cəlb edir? Yollarda heç bir istiqamətdə-nə o tərəfə, nə bu tərəfə bir dənə də olsun mülki nəqliyyat vasitəsi yoxdur. Eyni zamanda heç bir hərbi maşın kolonu, hərbçilərin daşınması da gözə dəymir. İtkilərə gəldikdə isə, məntiqi olaraq tərəflərin heç birinə 100 faiz inanmaq olmaz, ancaq itkiləri gizlətmirlər və bu rəqəmlərdən məlum olur ki, doğrudan da olduqca ciddi toqquşmalar gedir, çoxlu itkilər var. Dağlıq Qarabağın "müdafiə nazirliyi"nin bəyanatına istinad etsək, onlar hazırda bütün canlı qüvvəni, yəni qoşunların 100 faizini səfərbər ediblər, üstəlik könüllüləri cəlb edirlər". Lakin bu qüvvələrlə də Azərbaycanın qarşısında ermənilərin tab gətirməsi mümkünsüz sayılır.
Ermənistanın "planetaarmenia" saytı yazır ki, son döyüşlərdə erməni tərəfindən həm canlı, həm də hərbi texnika itkisi həddindən artıq böyük olub. Ermənistan ordusunun 300-dən çox əsgərinin öldürüldüyünü diqqətə çatdıran sayt işğal altındakı Füzuli hospitalındakı etibarlı mənbəyə istinadən qeyd edir ki, bura yüzlərlə yaralı gətirilib: "İndiyə qədər 300-dən çox hərbi qulluqçu öldürülüb. Öldürülənlər arasında, əsgərlərlə yanaşı, kiçik və böyük rütbəli zabitlər də var. Avtomobil, ağır zirehli texnika, həmçinin artilleriya qurğuları da məhv edilib. Qeyri-rəsmi məlumatlara görə, indiyə qədər 50-dən artıq hərbi texnika sıradan çıxıb". Sayt əhalinin təşviş içində olduğunu, evlərini kütləvi şəkildə tərk etdiyi diqqətə çatdırıb: "Əhali digər təhlükəsiz yerlərə axın edir. Qarabağdakı rejim əhalinin evlərini tərk etməsinə maneələr yaradır. Gedənlər postlarda saxlanır. Əsgərlər fərarilik edir. hakimiyyətin və Qarabağ müharibəsi veteranlarının çağırışına baxmayaraq, gənclər orduya getmək istəmir. Onlar müxtəlif bəhanələrlə döyüşməkdən imtina edir. Yeganə ümid Qarabağ müharibəsi veteranlarınadır".






Fikirlər