“Stratfor”DAN 25 İLLİK proqnoz: QARABAG AZAD OLUNAÇAQ Azərbaycan Qafqazda...

ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” mərkəzi yaxın onillikdə Qafqazda siyasi mübarizələri təhlil edib.

 

 Azərtaym.az xəbər verir ki, mərkəz Asiya və Avropanın qovuşmasında yerləşən Qafqazın Rusiya-Qərb arasında yeni qarşıdurma səhnəsi ola biləcəyini yazır.


 

“Sovetlər Birliyi yıxılandan sonra bu regionda separatizm dalğası böyük rol oynadı. Mübahisəli ərazilərin həlli üçün Cənubi Qafqazı hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan Rusiyaya üz tutur. Gələcək onillikdə Qafqaz Rusiya, Türkiyə, İran və Qərb arasında güclü rəqabətin gedəcəyi region olaraq qalacaq”, - deyə təhlildə bildirilir.


 

“Stratfor” regionda baş verən münaqişələrə diqqət çəkərək yazır ki, Gürcüstan Rusiyaya qarşı Avropa və NATO yolunu hələ Şevardnadzenin zamanında tuturdu: “Eduard bu siyasəti daha ehtiyatlı aparır, Moskvanın təsirlərini azaltmaq üçün Qərblə əməkdaşlıq edirdi. Ondan sonra gələn Mixael Saakaşvili Avropaya inteqrasiyanı daha da gücləndirdi. Rusiya bu siyasətə qarşı 2008-ci ildə Gürcüstana qarşı müharibə etdi, nəticədə 5 gün ərzində Tiflisi məğlub edərək, Abxaziya və Cənubi Osetiyanı Gürcüstandan qopartdı. Dağlıq Qarabağ münaqişəsi də təxminən belə olmuşdu. Rusiyanın dəstəyi ilə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu ələ keçirdi. 1994-cü ildə bağlanan atəşkəs müqaviləsi ilə münaqişə indiyə qədər həll edilməmiş qalır”.


 

Təhlildə bildirilir ki, bu münaqişələrin hər biri Qafqaz ölkələrinin xarici siyasət oriyentasiyasının formalaşmasında vacib rol oynadı.



“Saakaşvilidən sonra hakimiyyətə gələn “Gürcü arzusu” koalisiya Rusiya ilə normal münasibətlər vəd etməsinə baxmayaraq, Avropa və NATO-ya inteqrasiya kursunu saxladı. 2014-cü ildə Gürcüstan Avropa Birliyi ilə Assosiativ Sazişi imzaladı. 2015-ci ilin avqustunda Tiflisdə NATO-nun ilk tədris mərkəzi açıldı. Dağlıq Qarabağ münaqişəsi isə Azərbaycan və Ermənistanın xarici siyasətinə təsir etdi. Ermənistan Rusiyanın çətiri altına keçərək, Avrasiya İqtisadi İttifaqına daxil oldu. O, həmçinin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Azərbaycan isə Rusiya, Avropa, İran və Türkiyə arasında müxtəlif vektorlu siyasət xəttini tutdu. Rəsmi Bakı neft və qaz resurslarından səmərəli istifadə edərək, Qərb şirkətlərinin köməyi ilə ölkəni inkişaf etdirdi. Rəsmi Bakı Dağlıq Qarabağ ərazilərini sülh yolu ilə qaytarmağa ümid edir. Ukraynada baş verən böhran və dəyişən siyasi oriyentasiyalar Azərbaycana Dağlıq Qarabağda status-kvonu dəyişməyə imkan verdi. Rəsmi Bakı bu istiqamətdə Rusiya ilə münasibətləri intensivləşdirərək Ermənistana təzyiq edir”, - mərkəzin təhlilində belə deyilir.


 

“Stratfor” qarşıdakı 25 il ərzində Qafqazda dəyişəcək siyasi mənzərəni proqnozlaşdırır: “SSRİ-dən sonra Qafqaz regionu bu günə qədər post-sovet məkanında ən dinamik cəbhələrdən biri olub və qarşıdakı 25 il ərzində yəqin ki, fərqli heç nə olmayacaq. Region ölkələri arasında, eləcə də Rusiya, Türkiyə, İran, Qərb kimi xarici güclərin arasındakı münasibətlər şəbəkəsi proqnozlaşdırmağa imkan verir ki, yaxın onilliklərdə regionda əhəmiyyətli geosiyasi dəyişikliklər olacaq”.



Təhlilin qarşıdakı 25 illik proqnozlarında deyilir: “İlk növbədə Qafqazda demoqrafik vəziyyət dəyişəcək. Azərbaycan əhalisi 12,2 faiz artaraq 11 milyon olacaq. Ortodoksal ölkələr olan Gürcüstan və Ermənistanda isə əhali azalacaq. Belə ki, gürcülər 12, 9 faiz azalaraq 3,7 milyon, ermənilər isə 9,6 faiz azalaraq 2,7 milyon olacaq. Azalma və yüksəlmə regional güclərdə də özünü göstərəcək. Rusiya əhalisi 143 milyondan 129 milyona qədər azalacaq. Türkiyə və İran əhalisi isə artacaq. Bu amil regionda güc balansının dəyişməsinə gətirib çıxaracaq. Həmçinin, Rusiyanın Qafqazı özünə bağlayan mədəni gücü zəifləyəcək. Eyni dövrdə Qərb Qafqazda aktiv olaraq qalacaq. Mərkəzi və Şərqi Avropa ölkələri Rusiya enerji təchizatlarından uzaqlaşaraq, Azərbaycana üz tutacaqlar. Birləşmiş Ştatlar Qafqazda güclənən Türkiyə və İran rəqabətinə diqqəti artıracaq”.
 

“Stratfor” proqnozlaşdırır ki, qarşıdakı dövrdə Azərbaycan ən azı Dağlıq Qarabağ ətrafındakı bir neçə rayonu qaytara biləcək: “Azərbaycanın demoqrafik, həmçinin, hərbi və iqtisadi artımı, Ermənistanın isə hər üç amil üzrə zəifləməsi də bunu deməyə əsas verir. Azərbaycan, Gürcüstan və Türkiyənin iqtisadi və hərbi əlaqələri yaxşılaşacaq. Ermənistan isə buna qarşı İranla daha da yaxınlaşmağa ümid edəcək. Beləliklə, Azərbaycan-Türkiyə-Gürcüstan oxuna qarşı regionda Ermənistan-İran-Rusiya oxu yaranacaq. İki blok arasındakı mübarizə müharibəyə gətirib çıxarmayacaq. Lakin regionda olduqca mürəkkəb proseslər baş verəcək. Misal üçün, regiondakı münaqişələrdə gərginlik artacaq, hətta silahlı toqquşmalar şiddətlənəcək. Sonda Azərbaycan-Türkiyə-Gürcüstan oxu daha güclü çıxacaq və ABŞ-ın dəstəyi ilə onlar Ermənistan-İran-Rusiya blokunu sıradan çıxara biləcək”.

 






Fikirlər