Rəsul Quliyev SON İKİ gündə keçirilən mitinqləri kəskin tənqid etdi - “Mən Bakıda olsam...”

Rəsul Quliyev son iki gündə keçirilən mitinqləri kəskin tənqid etdi - “Mən Bakıda olsam...”

“Hələ də özlərini müxalifət hesab edən iki partiya... arzularını həyata keçirə bilmədi” 

 

Hazırda ABŞ-da mühacirətdə olan eks-spiker Rəsul Quliyev son iki gündə müxalifətin keçirdiyi mitinqləri növbəti dəfə tənqid edib. 

Musavat.com xəbər verir ki, sabiq spiker Facebook səhifəsində bu aksiyaları “Mitinqlərin sonu” başlığı altında belə təhlil edib: “ Hələ də özlərini müxalifət hesab edən 2 partiya  - AXCP və Müsavat  bu mitinqlərlə biz də varıq (AXCP bir qədər çox) arzularını həyata keçirə bilmədilər. Nəticədə hakimiyyət xalq üzərində,  AXCP isə Müsavat üzərində böyük üstünlüklə qələbə çaldı. Növbəti xaotik mübarizə əhvalı yaranana qədər Xalq Cəbhəsi bu mitinqlərlə hakimiyyəti necə təşvişə saldığından danışacaq, Müsavat isə “onun məqsədi kütləvilik deyildi, sadəcə hökumətə mesaj göndərmək idi”, yazacaq. Hakimiyyətdən zəhləsi gedən, özlərini müxalifət adlandıranlara zərrə qədər inanmayan məzlum Azərbaycan xalqı ''Allah bu zülmü yerdə qoymaz'' ümidi ilə yaşamağını davam etdirəcək, imkan tapanlar isə xarici ölkələrə üz tutacaqlar”.

Musavat.com xatırladır ki, bu status ciddi müzakirələrə və fikir ayrılıqlarına səbəb olub. Statusun altında şərh yazanlar R.Quliyevi qeyri-obyektiv fikir söyləməkdə ittiham ediblər. O isə fikirlərini bir daha təkrarlayaraq, aşağıdakıları yazıb: “ Mən fikirləşirdim, belə yazılarımla millətin başının altına yastıq qoymayıram, əksinə, “ay millət, ayıl və başına çarə qıl”a səsləyirəm. Sizin fikrinizcə, bu mitinqlər hakimiyyəti laxlatdı ,artıq qaçmağa hazırlaşır yazsam işlər düzələr?”

R.Quliyev onu tənqid edən bəzi müzakirə iştirakçılarına isə bildirib ki, yeni liderlərin üzə çıxmasına çalışır: “Mən Bakıda olsaydım, azı 5 variantım olardı”. 






Fikirlər