Prezidentlərin daha bir görüşü hazırlanır - ilin akkord gözləntisi

 Prezidentlərin daha bir görüşü hazırlanır - ilin akkord gözləntisi

Böyük hərbi eskalasiya ilə yadda qalan 2016-cı ildə həmsədrlərin regiona son səfəri nə vəd edir? “Qarabağ məsələsində sülhə nail olmağın vaxtı çatıb” deyən amerikalı diplomatın nikbinliyinə işğalçı aqressiv ritorika ilə cavab verdi...

 

Ötən həftəsonu həm də ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona növbəti səfərinin başlaması ilə yadda qaldı. Yəqin ki, bu, onların 2016-cı il üçün bölgəyə sonuncu ziyarəti olacaq. Bəs nə verəcək budəfəki səfər?
Əlbəttə ki, münaqişə ətrafındakı mövcud şərtlər elədir ki, səfərdən tezliklə hansısa ciddi nəsə gözləməyə dəymir. Ən yaxşı halda həmsədrlər ilin axırınadək Azərbaycan və Ermənistan prezidentləri arasında daha bir görüşün təşkilinə nail olmaqla müharibə riskini azaltdıqlarını düşünə, bununla da 2016-cı il üçün öz işlərini bitmiş hesab edə bilərlər - o da əgər baş tutsa.
Yada salaq ki, prezidentlərin Vyana və Sank-Peterburq görüşlərinin ardınca növbəti görüş Fransanın paytaxtı Parisdə reallaşmalı idi. Bununla bağlı az öncə prezident Fransua Ollland Ermənistan prezidentinə göndərdiyi məktubda görüşü təşkil etməyə hazır olduğunu da bəyan etmişdi. 
Lakin Ermənistan rəhbərliyinin destruktiv, radikal mövqeyi, status-kvonu saxlamaq üçün İrəvanda düzənlənən terror hücumu imitasiyası görüşün əhəmiyyətini heçə endirdi. Belə görünür, həmsədrlərin budəfəki səfəri də situasiyaya ciddi təsir göstərməyəcək. Buna Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Bakıda verdiyi növbətçi bəyanat şübhə yeri saxlamır. 
Uorlik deyib ki, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmadan və ya Dağlıq Qarabağın statusu üzrə danışıqlar keçirilmədən heç bir saziş olmayacaq. Yəni, amerikalı vasitəçi faktiki, bir daha işğal altındakı ərazilər məsələsini status məsələsinə aparıb bağlayıb - bu da dolaysıyla elə ermənilərin maraqlarına cavab verir. 
Uorlikin sözlərinə görə, status-kvo davamlı deyil: “Biz münaqişənin sülh yolu ilə həllini tapmaq üçün bundan sonra da səmərəli işləməliyik”. Diplomat qeyd edib ki, hazırda danışıqlar masasında nizamlanmanın bir çox elementi var və əlavə edib ki, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü barədə hələ məlumat yoxdur. Lakin onu da deyib ki, prezident İlham Əliyev Ermənistan prezidenti ilə bir araya gəlməyə hazır olduğunu bildirib. “Müəyyən ideyalar var ki, biz onları müzakirə edəcəyik” - həmsədr vurğulayıb. 
Eyni zamanda o, ümid etdiyini bildirib ki, hər iki ölkənin XİN rəhbərləri Hamburqda ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclasında görüşə biləcəklər. “Regionda sülh üçün vaxt artıq çatıb. Hər iki ölkənin uşaqları dinc yaşamalıdır və buna danışıqlar yolu ilə nail olmaq lazımdır” - amerikalı vasitəçi söyləyib.
Image result for Uorlik
C.Uorlik habelə bölgəyə sülhməramlı qüvvələrin yeridilməsinin həll paketinin bir elementi olduğunu bildirib və ardınca deyib ki, “Dağlıq Qarabağ probleminin dinc yolla həlli üçün bütün bu elementlər paket şəklində müzakirə olunmalıdır”. Kəsəsi, yenə ənənəvi yanaşma, təcavüzkarla təcavüzə məruz qalanın tərəzinin eyni gözünə qoyulması. 
  ***
Maraqlıdır ki, diplomatların səfəri fonunda Ermənistanın yeni müdafiə naziri Viqen Sarkisyan, Ermənistan SQ-nın yeni Baş Qərargah rəisi Movses Akopyan, Ermənistan prezidentinin hərbi məsləhətçisi, hərbi inspektor, general-polkovnik Mikael Arutyunyan işğal altındakı Dağlıq Qarabağda olublar. Burada onlar separatçıların lideri Bako Saakyanla görüşüblər. Məlumata görə, Qarabağ separatçıları qoşunlarının komandanı Levon Mnatsakanyanın da iştirak etdiyi görüşdə müdafiə sahəsinə aid olan bir sıra məsələlər müzakirə edilib.
Bu fakt, sözsüz ki, işğalçı tərəfin məhz həmsədrlərin regiona səfəri fonunda güc nümayişinə edilən cəhddir. Eyni zamanda Ermənistanın dinc nizamlamada maraqlı olmadığının növbəti əyani təsdiqidir. 
Aydındır ki, Azərbaycan tərəfi ermənilərin təmas xəttində, bütövlükdə işğal altındakı ərazilərdə bu kimi bütün hərəkətlərini, hərbi xarakterli yerdəyişmələrini diqqətlə izləyir və nəzarətdə saxlayır. Xüsusən də aprel məğlubiyyətindən sonra düşmənin özünü nə dərəcədə toparlayıb hərbi cəhətdən güclənə bilməsi Silahlı Qüvvələrimizin diqqətindədir.
*** 
Söhbət öncəliklə son vaxtlar ermənilərin təbliğ eləmək istədikləri “İsgəndər” raket komplekslərindən gedir. Yeri gəlmişkən, bu arada işğalçı tərəf növbəti dəfə “İsgəndər” raketlərindən “kozır” kimi istifadə edərək Azərbaycanın ünvanına hərbi təhdidlə çıxış edib (Virtualaz.org). Belə ki, Ermənistan silahlı qüvvələrinin raket və artilleriya qoşunlarının qərargah rəisinin müavini, polkovnik Artavazd Yağmuryan bu gün jurnalistlərə bildirib ki, onlar “İsgəndər” operativ-taktiki raketlərini heç kimdən icazə almadan tətbiq edə bilərlər.
Yağmuryanın sözlərinə görə, “İsgəndər” raketləri ilk dəfə sentyabrın 21-də hərbi paradda nümayiş olunsa da, Ermənistan ordusunun silahlanmasına daha əvvəl daxil olub və aprel döyüşləri zamanı döyüş hazırlığı vəziyyətinə gətirilib. 
Image result for İsgəndərlər
“İsgəndər”lərin tətbiq olunması ilə bağlı heç bir problemimiz yoxdur. Bu raketlərin tətbiqi üçün Moskvadan icazə almaq məsələsinə gəldikdə isə xatırladıram ki, aprel döyüşləri zamanı bizim bölmələrimiz artıq döyüş hazırlığı vəziyyətinə gətirilmişdi və erməni rəhbərliyi qərar qəbul etsəydi istənilən an zərbə endirə bilərdik",- deyə erməni zabit iddia edib. Onun sözlərinə görə, aprel döyüşlərində “İsgəndər” komplekslərinin döyüş hazırlığı vəziyyətinə gətirilməsindən Bakı da xəbərdar olub.
Xatırladaq ki, “İsgəndər” raketlərinin Ermənistana hələ 2013-cü ilin yayında ötürüldüyü məlum idi və bu haqda xəbərlər yayılmışdı. Və müdafiə naziri Zakir Həsənovun bu günlərdə bəyan etdiyi kimi, Ermənistana verilən “İsgəndər”lərin parametrləri Bakıya məlum olub. Bunlar böyük ehtimalla, 280 kilometr mənzilli “İsgəndər-S” kompleksləridir. Lakin “İsgəndər” raketləri aprel döyüşlərində Azərbaycan ordusunun ermənilərin müdafiə xəttini iki istiqamətdə darmadağın etməsində düşmənin hesab etdiyi kimi, çəkindirici rol oynaya bilmədi. Çünki Ermənistan yaxşı bilirdi ki, “İsgəndər”lərin işə düşməsi Naxçıvan istiqamətindən hansı əks-zərbələrin endirilməsi ilə nəticələnəcək.
Image result for Prezidentlərin görüşü
***
Bəzi müşahidəçilərə görə, Ermənistan tərəfinin son günlər istifadə etdiyi taktika -"İsgəndər" raketləri haqda tez-tez danışması və Rusiyadan yeni “uzaqvuran, dəqiq silahlar alınacağı” haqda xəbərləri sızdırması, həmçinin, işğalçı ölkənin hərbi rəhbərliyinin Xankəndində olması bu ölkənin təmas xəttində gərginliyi yenidən artırmaq niyyətindən xəbər verir. 
Sözsüz ki, Azərbaycan işğalçının istənilən təxribatına artıqlaması ilə cavab vermək iqtidarındadır və verəcək də. Bir sıra müşahidəçilərə görə isə, əslində Ermənistan tərəfinin son vaxtlar “İsgəndər”lərlə bağlı verdiyi təsdiqi açıqlamalar Azərbaycana əlavə siyasi imkanlar qazandırır. Həm də o anlamda ki, rəsmi Bakı bu tip açıqlamalara uyğun surətdə beynəlxalq monitorinqin keçirilməsini tələb etmək, qadağan olunmuş silah əldə edən İrəvana sanksiyalar tətbiq edilməsi yönündə fəaliyyətə başlaya bilər. Çünki Rusiyanın götürdüyü beynəlxalq öhdəliyə əsasən, Moskva “İsgəndər”ləri ikinci ölkəyə sata bilməz.






Fikirlər