AXCP ilə Müsavat arasında yeni qarşıdurma
AXCP sədrinin müavini Gözəl Bayramlıya gizli zəng edən və buna görə 12 sutka həbsdə сəzası alan Çingiz Tağızadənin məktubunun Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin rəhbərlik etdiyi saytda yayımlanması partiya üzvləri arasında münasibətləri korlayıb. Sosial şəbəkələrdə başlayan söz davası müxalif cəbhədə yeni qalmaqalın təməlini qoyub.
Sözügedən məktubun saytda dərc olunmasından sonra G.Bayramlı sosial şəbəkədəki hesabında odlu-alovlu status yazıb. AXCP təmsilçisi köhnə metodları işə salaraq Müsavat Partiyasını və Mustafa Hacıbəylinin saytını “iqtidara işləmək”də ittiham edib.
“Etiraf edim ki, bütün olub bitənlərə baxmayaraq Müsavat partiyasından bu qədərini gözləmirdim. Müsavatın mətbuat orqanı, partiya başqanının qardaşının rəhbərlik etdiyi basta.info saytı və partiya funksionerləri ölümlə hədələnməyimi, sonra da hədələyənlərin məsuliyyətdən azad edilməsini təşkil edən hakimiyyətə açıq –aşkar dəstək verirlər”.
Arif Hacılının qardaşı, Mustafa Hacıbəyli rəhbərlik etdiyi sayt vasitəsilə Əli Kərimlinin müavininə tutarlı cavab verib və onu tutduğu mövqeyə görə “səhv çıxarıb”.
“AXCP sədrinin müavini Gözəl Bayramlı onun ölümlə təhdid olunmasına dair açıqlamalar verir. “Basta” onun mövqeyini dərc edir. Sonra Gözəl Bayramlının şikayəti əsasında əyalətdən paytaxta çağırılaraq həbs edilən Çingiz Tağızadə adlı bir vətəndaş bu hadisənin necə baş verməsi haqqında yazı göndərir. Həmin məqaləni də şərhsiz dərc edir. İndi burda günahımız nədən ibarətdir?
Günahımız həbsdən yeni çıxmış bir vətəndaşın – Çingiz Tağızadənin yazısına yer verməyimizdimi? Çingiz Tağızadənin feysbuk profilinə baxmaq kifayətdir ki, onun müxalifətə rəğbət bəsləyən şəxs olduğunu anlayasan. O, aylarla müxalifətin, o cümlədən AXCP sədri Əli Kərimlinin, bəzən Milli Şura sədri Cəmil Həsənlinin çıxışlarını, mövqelərini paylaşıb. Dərc olunan məqaləsində də özünü, şəcərəsini təqdim edir, onu tanıyan müxalifətçilərin adlarını yazır. Biz də həmin müxalifətçilərdən, vəkildən, jurnalistən soruşuruq və təsdiq alırıq ki, Çingizin iqtidara heç bir aidiyyatı yoxdur. Bəlkə də Çingiz başqa bir səbəbdən tutulmuş olsaydı, bəzi dostlarımız onu “cəbhəçi” kimi qələmə verərdilər. Sizin işlətdiyiniz “tutaq ki, bir səhv olub” ifadəsi isə yazınızın açar nöqtəsidir, məncə, səhv ehtimalının olduğu özünüzün qəbul etdiyinizdən xəbər verir”.
M.Hacıbəyli yazısının sonunda G.Bayramlıya xəbərdarlıq etməyi də unutmayıb: “Dünənki yazınızın əvvəlində ümumiləşdirərək Müsavat Partiyası haqqında bir cümlə yazmısız. Siyasətçi gərək toplum haqqında, inanc haqqında belə ümumiləşdirilmiş ittihamlar yazmasın. Məni də, partiya rəhbərliyini də, üzvlərini də tənqid, ittiham edə bilərsiz, amma Müsavat haqqında belə danışmayın. Hər nə olur olsun, dəyərləri tapdalamaq olmaz”.
Müsavat başqanın müavini Elman Fəttah isə G.Bayramlını tutduğu mövqeyə görə onu “düşük” adlandırıb: “Müsavat hakimiyyətə işləyir” düşüklüyü. Anlaşılan, yenə kiminsə quyruğu qapı arasında qalıb. Seçki yox, referendum yox. Üstəlik də soyuq qış. Həzrət Abbas haqqı heç hara işləmirik”.
G.Bayramlının statusunun altında cəbhəçilər Müsavatı və Mustafa Hacıbəylini aşağılayan şərhlər yazıblar.