ELMAN FƏTTAH: "Sərdar Cəlaloğlunun münasibəti falçılıq münasibətidir"

Elman Fəttah: "Sərdar Cəlaloğlunun münasibəti falçılıq münasibətidir"

Son günlər əsas müzakirə edilən mövzulardan biri də, AXCP və Müsavat arasında əməkdaşlıqla bağlı danışıqlardır.

İki partiya arasında gedən danışıqlara Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da münasibət bildirib. Sərdar Cəlaloğlu bildirib ki, iki partiya arasında əməkdaşlıq mümkün deyil. Bu əməkdaşlıq xeyirdən çox ziyan gətirəcək. AXCP və Müsavat Partiyası hərəkatdan çıxmış insanlardan təşkil olunub. Ona görə də bu iki partiyanın əməkdaşlığı ilə bağlı hər hansı ideya gerçəkləşə bilməz.

AXCP və Müsavat arasında əməkdaşlıq və Sərdar Cəlaloğlunun fikirinə Müsavat partiyası başqanının müavini, hüquqşünas Elman Fəttah Ölkə.Az-da münasibət bildirib:

""Müsavat Partiyası və AXCP arasında əməkdaşlıq danışıqları gedir" mövzusu mətbuatda və ictimayətdə olduğundan çox şişirdilir. Bununla bağlı Müsavat Partiyasının təkcə AXCP ilə deyil, bütövlükdə müxalifət daxili partiyalarla münasibətlərin yaxşılaşdırılması yönündə addımları var. Bu çox ağır prosesdir. Ona görə də, proses mahiyyətinə uyğun olaraq hansısa bir nəticənin dərhal hasil olması gözlənilmir. Bu baxımdan yayılan məlumatlar çox şişirdilir.

Sərdar Cəlaloğlunun bu danışıqlarla bağlı münasibətinə gəldikdə isə, Sərdar Cəlaloğlunun münasibəti falçılıq münasibətidir. Yaxşı olacaq, pis olacaq onu gələcək göstərir.

Bu məsələyə fərqli yanaşıram. Azərbaycanda siyasi təşkilatlar nəhayət peşəkarlaşmalıdırlar. Öz fəaliyyətlərinə və rəqiblərinin fəaliyyətinə peşəkar münasibət sərgiləməlidirlər. Siyasi təşkilatlar arasındakı münasibətlər də, peşəkar müstəvidə qiymətləndirilməlidir. Hansısa emosional müstəvidən filankəslərlə filankəslər bir araya gəlməz və yaxud bir araya gələr kimi yanaşmaları qeyri-peşəkar hesab edirəm. Bu baxımdan Müsavat Partiyası Azərbaycan siyasətində siyasi təşkilatlarla münasibətlərini yalnız və yalnız siyasi prinsiplər üzərindən müyyənləşdirir. Biz Azərbaycanda demokratikləşmənin davamı, demokratiyanın bərpası yolunda səmimi və prinsipial olan istənilən təşkilatla, onların münasibətlərinin Müsavat Partiyasına necə olmasından asılı olmayaraq əməkdaşlıq etməyə, mübarizəni uzlaşdırmanın tərəfdarı olmuşuq, indi də belədir"".






Fikirlər