AXCP-dən MÜSAVATA cavab: "Müsavat rəhbərliyi Əli Kərimliyə..."
Müsavat Partiyası başqanının müavini Elman Fəttah bildirib ki, "həm Müsavata, həm AXCP-yə qarşı hakimiyyətin siyasəti məlumdur. Hər iki partiyaya qarşı yaradılmış qondarma təşkilatlar, Qubad İbadoğlu və Razi Nurullayev hakimiyyətin bu iki partiyaya qarşı repressiyasının vintləridir". Bununla bağlı AXCP sədri Razi Nurullayevin müavini Səbuhi Aslanbəyli Ölkə.Az-a danışıb: "Təbii ki, bu mövqe iflic olmuş bu orqanizmin bərpasına xidmət etməyə calışan məntiqsiz yanaşmadır. Yeni simaların konseptual yanaşmaları, bir beyin mərkəzi kimi fəaliyyətləri, islahatlar və paketlər halında mövqelərini ortaya qoyması, qaraguruh təfəkkürə malik insanlarda və təşkilatlarda qısqanclıq hissi yaratması kimi təbii bir şey yoxdur. Təbii ki, bu təfəkkürə malik insanların da öz yandaşları kimi eyni mövqeyə sahib bir təşkilatlarla əməkdaşlıq etməyə can atması aydındır. Məsələ burasındadır ki, hal-hazırda Azərbaycan cəmiyyətində formalaşan yeni simalar və təşkilatlar özlərini qısa bir zamanda təsdiq etməyə başlayıblar. Həm ictimai sektorda, həm də praktik olaraq bu məsələrin realizəsi gündən-günə qabarır. İstər ADR, istər "AĞ blok" və ya bizlərin təmsilində gənclərin bizləri seçməsi və inkişafımız onların da nəzərindən yayınmır. Öz xarakterlərinə uygun şər və böhtan dolu atmacalarla, heç bir əsası olmayan yanaşmalarla çox uzağa gedə bilməyəcəklər. Kimlərin vint rolunu oynadığı da cəmiyyətə çoxdan məlumdur. 1998 -ci ildə Elçibəyə edilmiş xəyanətin (seçkilərə vahid namizədlə qoşulmaq imkanı verilməməsi və seçkilərin boykotu) başında Müsavatın indiki rəhbərliyi dayanırdı. 2003-cü ildən insanların repressiyaya verilməsi də hakimiyyətlə iş birliyindən xəbər verir. Bu günkü gündə Müsavatın parçalanmasına xidmət edən birilərinin kimlərəsə söz atmaları səviyyə fərqində də nə qədər küt zəkalı olamağın əlamətidir. Bu məsələlər əksinə bizim kimi düşünən təşkilatların və simaların daha da möhkəmlənməsinə xidmət edir. Gördüyümüz fəaliyyətin əslində nə qədər doğru və səmərəli olmağı isə cəmiyyət tərəfindən rəğbətlə qarşılanır. Müsavat rəhbərliyi bizə şər-böhtan ataraq Əli Kərimliyə özlərini şirin göstərməyə çalışmaqla qaraguruh bataqlığında siyasət yürütmək ənənələrindən vaz keçmədiklərini bir daha göstərirlər".