“Müsavatın danışıqları Milli Şuranın xeyrinədir”- Arif Hacılı
“Milli Şuranın üzvü olmayan şəxs və partiya liderləri ilə də görüşlərin keçirilməsi nəzərdə tutulur”.
Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, ümumiyyətlə, görüşlər bu həftə və növbəti ayın ortalarından sonra davam etdiriləcək. Müsavat Partiyası Divanının Milli Şura və müxalifət düşərgəsində təmsil olunan qurumlarla apardığı danışıqlar haqda məlumat verən A.Hacılı qeyd edib ki, təmsil etdiyi qurum 2 siyasi partiya və 2 ictimai təşkilatla görüş keçirib.
AXCP və KXCP-yə müttəfiqlik, “El” və “Nida” hərəkatlarına isə əməkdaşlıq haqqında saziş bağlamaq təklifi verilib: “Yəqin ki, yaxın vaxtlarda onların rəsmi cavabları olacaq. Bundan başqa ayrı-ayrı partiya nümayəndələri, ziyalılar, təsir imkanları olan siyasi xadimlərlə də görüşmək niyyətindəyik”. O deyib ki, yaranmış yeni siyasi şəraitdə partiya mövqeyini çatdırmaq məqsədini qarşısına qoyub:
“Biz bu görüşlər vasitəsilə tərəfdaşlarımızla, nüfuzlu şəxslərlə əməkdaşlıq perspektivlərini araşdırıb, həmin qüvvələrin demokratiya uğrunda mübarizəyə cəlb etmək yollarını arayırırıq”.
Müsavat Partiyasının bu addımının birmənalı qarşılanmaması haqda yayılan xəbərlərə də öz münasibətini bildirən Müsavat funksioneri bildirib ki, Milli Şuradan kənar qurumlarla aparılan danışıqların mənfi qarşılanmasının şahidi olmayıb:
“Əgər belə hal varsa hesab edirəm ki, buna heç bir əsas yoxdur. Müsavata Partiyası bu görüşləri bütövlükdə Azərbaycanda demokratiya uğrunda səmərəli olmasına yönəlib. Bu baxımdan Müsavat Partiyasının bu istiqamətdəki fəaliyyəti Milli Şuranın xeyrinədir”.