Nəhs “13-lər”-milyonçu nazir müavininin üzv olduğu Tarif Şurası...

Nəhs “13-lər”-milyonçu nazir müavininin üzv olduğu Tarif Şurası...

Tarif Şurası, onun üzvləri və iş mexanizmləri barədə bilmədiklərimiz 

 

Tarif Şurasının son bahalaşma qərarı ölkənin gündəm mövzusuna çevrilib. Zaman-zaman bahalaşma ilə bağlı verilən qərarların arxasında sözügedən qurumun dayandığını xatırladıb, əhalini ən çox maraqlandıran suallara cavab tapmaq istədik. Məsələn, bu qurum nə zaman yaradılıb, əsas funksiyaları, tərkibi və digər məsələlər oxucuların davamlı olaraq soruşduqları sırasındadır. 
“Yeni Müsavat” da Tarif Şurasının rəsmi internet saytından əldə etdiyi məlumatlar əsasında oxuculara bu qurum barədə bir arayış təqdim edir. 
Tarif Şurası 2005-ci ildə dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin), xidmət haqlarının, yığımların dövlət tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi yaradılıb. İqtisadiyyat naziri şuranın sədri olmaqla maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinlərindən və eləcə də Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinlərindən ibarətdir. Bu qiymətlər tənzimlənə bilər
Bəs sözügedən qurum hansı qiymətləri tənzimləyə bilər? 
Hazırda Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tariflər  təbii inhisar, dövlət inhisarı və inhisarçı subyektlərin məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan Respublikasının qanunvericilik aktları ilə tarifləri dövlət tənzimlənməsinə aid edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir. 
Qərarlar necə qəbul olunur?
Nazirlər Kabinetinin dövlət tənzimlənməsi tətbiq olunan tariflərin  formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi qaydalarına uyğun olaraq subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları Tarif Şurasına təqdim edilir. Həmin materiallar təhlil edilir və aşağıdakı hallarda qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir:
- Obyektiv səbəblərdən malların (xidmətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı;
- Qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırıldığı halda;
- Dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq. 
- Zəruri hallarda Şuranın təşəbbüsü ilə də qiymətlərin tənzimlənməsi aparıla bilər.
Qiymətlərin tənzimlənməsinə dair subyektlərin təşəbbüslərinə əsasən təqdim olunmuş layihələrdəki qiymətlərin sayından asılı olaraq 1 (bir) aya qədər müddət ərzində baxılaraq münasibət bildirilir. Bu müddət qiymət layihələrinin əsaslandırılması üzrə son məlumatın daxil olduğu gündən hesablanır. Layihənin baxılması üçün müəyyən olunmuş sənədlər və məlumatlar tam təqdim edilmədikdə, şuranın katibliyi müraciət daxil olduğu tarixdən 5 (beş) iş günündən gec olmayaraq çatışmazlıqlar barədə subyektlərə yazılı məlumat verir, çatışmayan sənədlər və məlumatlar subyektlər tərəfindən 5 (beş) iş günü müddətində rəsmi qaydada təqdim edilir.
Qiymət layihələrinin iqtisadi cəhətdən düzgün əsaslandırılmasının təmin edilməsi məqsədilə maya dəyərinə aid edilən xərc maddələri, vergilər, mənfəət  və digər elementlər dəqiq araşdırılır. Bu zaman maya dəyərinə, qiymətlərə dair maraqlı tərəflərin (istehlakçıların) irad və təkliflərinə baxılır və onlar əsaslı olduqda nəzərə alınır. 
Hazırlanmış layihələr katibliyin təklifləri əsasında şuranın üzvləri ilə müzakirə edilir və gündəliyinə daxil edilir. Şuranın iclaslarında baxılan sənədlər şuranın əsasnaməsinə uyğun olaraq rəsmiləşdirilir. Subyektlərin məhsullarının (xidmətlərinin) qiymətlərinin   tənzimlənməsinə zərurət yarandıqda, şura bu işin icrasını qısa müddətdə təmin edir. Subyektlər üzrə təsdiq edilmiş qiymətlər cədvəl şəklində sənədləşdirilir. Bu sənədin ümumi göstərişlər bölməsində məhsulun (xidmətin göstərilməsi) satış şərtləri və xüsusiyyətləri əks etdirilir. 
Müəyyən edilmiş siyahı üzrə dövlət orqanları təsdiq olunmuş qiymət cədvəlləri ilə təmin edilir və qiymətlər kütləvi informasiya vasitələri ilə elan olunur.
Şura üzvləri- adbaad... 
İndi isə şura üzvlərini şəxsən tanıyaq.
Sədr: iqtisadiyyat naziri Şahin Mustafayev   
Maliyyə nazirinin müavini - Azər Bayramov
vergilər nazirinin müavini - Sahir Məmmədxanov
ədliyyə nazirinin müavini - Toğrul Musayev
energetika nazirinin müavini - Gülməmməd Cavadov
nəqliyyat nazirinin müavini - Musa Pənahov
rabitə və yüksək texnologiyalar nazirinin 1-ci müavini - İltimas Məmmədov
kənd təsərrüfatı nazirinin müavini - İlham Quliyev
səhiyyə nazirinin müavini - Elsevər Ağayev
təhsil nazirinin müavini - Ceyhun Bayramov
əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini - İdris İsayev
Dövlət Gömrük Komitəsi sədrinin 1-ci müavini - Səfər Mehdiyev
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini -Dövlətxan Dövlətxanov.
Şura üzvlərindən biri  - İltimas Məmmədovun adı isə bugünlərdə mediaya və geniş ictimaiyyətə yaxşı məlumdur. O, 2005-ci ildən nazir müavini, 2014-cü ildən isə nazirin birinci müavini vəzifəsində çalışır. İstintaqa ifadəsində İ.Məmmədov deyib ki, nazirliyin əməkdaşlarına hər ay qeyri-qanuni ödənişlər paylanıb. Onun sözlərinə görə, özü hər ay Vidadi Zeynalovdan 15 min manat alıb, sonradan bu məbləğ 30 min manata qədər yüksəlib. 
Xatırladaq ki, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) sabiq baş direktoru, hazırda həbsdə olan Hüseynov Beytulla İbrahim oğlu istintaqa verdiyi ifadəsində nazir müavini İltimas Məmmədova ev tikintisi üçün 1,5 milyon manat pul verdiyini bildirib. 
Bu isə sadəcə bir xatırlatma idi...

 






Fikirlər